İtalyan kino sənətinin ən böyük sənətkarlarından biri də Alberto Sordi olmuşdur. Fürsətcil, idealist, qorxaq, qəhrəman, cəsarətsiz və cəsur. Onun oynadığı rollar sadəcə maska ​​deyildi, əksinə bütün həmvətənlərinin siması idi: o, fəaliyyəti boyu 190-dan çox film ilə orta statistik italyanın mükəmməl portretini çəkməyi bacarmışdır. Sordinin zəngin film karyerası kiçik burjua ölkəsi olan İtaliyanın, ikinci dünya müharibəsindən sonrakı iqtisadi durğunluqdan 1950-ci illərin iqtisadi partlayışına və 1960-1970-ci illərdəki köklü sosial dəyişikliklərə keçidini təmsil edirdi.

Alberto Sordi

Aktyorun komik rolları əsasən, yeni iqtisadi uğurlardan sərxoş olan həmyerlilərinin kobudluğunu, əyalətpərəstliyini və arsızlığını əks etdirən mənfi qəhrəmanlar idi. "Sordi onu məşhurlaşdıran şəxsiyyəti özü yaratmışdır, bu onun üçün heç bir ssenarist tərəfindən yazılmamışdı" deyən Mario Moniçelli, aktyorla üç ən uğurlu filmində (Totò və Romanın kralları, 1951; Böyük Müharibə, 1959; Markiz del Qrillo, 1981) əməkdaşlıq etmişdir. Hökümlü və fəndgir, rüşvətxor və qorxaq italyan portretini yaratmaq fikri onun özünə məxsus idi. Sordi bu xarakteri bütün italyanlara aid edərək, onları özlərinə gülməyə vadar edir və bu yolla həmyerlilərinə xarakterlərində köklü dəyişikliklər etməyə imkan verirdi.

"Totò və Romanın kralları" & "Böyük Müharibə"

1920-ci ildə Romada musiqiçi və müəllim ailəsində anadan olan Sordi, Milandakı Dram Sənəti Akademiyasına daxil olur, ancaq qısa bir müddət sonra özünəməxsus Roma ləhcəsində danışdığı üçün məktəbdən uzaqlaşdırılır. Sonralar bu xüsusiyyət onun dəsti xəttinə və tale yoluna çevrilir. Albertone 1937-ci ildə Oliver Hardini (Stan və Olli) səslədirmək  üçün Metro-Goldwyn-Mayer tərəfindən təşkil edilən bir yarışmadakı uğuru ilə karyerasına qədəm qoyur. Daha sonralar, 1950-ci ildə Sordi, İtaliyaya qastrol səfəri çərçivəsində bu komik cütlüyün, Romadakı Villa Aldobrandinide uşaqlar üçün təşkil etdiyi şouda Hardi ilə görüşmək və onu  canlı səsləndirmək imkanı əldə etmişdi.

Dublyaj aktyoru kimi bu ilk təcrübədən sonra Sordi, Mario Mattoli (1942) tərəfindən hazırlanan Üç qartal filmindəki ilk baş roluna qədər bir sıra epizodik rollarda oynamışdır. Alberto Sordi karyerasında yüksəliş Ağ şeyx (1952) və Ana uşaqları (1953) filmlərində Federiko Fellini ilə əməkdaşlıqdan sonra başlayır. Stenonun bəzi filmləri də onun şöhrətini artırır: onun qorxaq, fürsətcil, laqeyd, avara, sadəlövh və vecsiz gənc xarakterlərini canlandırdığı Məhkəmədə bir gün (1953), Amerikalı Romada (1954) və Kiçik poçt (1955) kimi filmlər 1950-ci illər boyu onu müşayiət edir.

"Ağ şeyx" & "Amerikalı Romada"

Alberto Sordi 1969-cu ildə VI Moskva Beynəlxalq Film Festivalının münsif üzvü olur. Karyerası boyunca David Nivenin iştirakı ilə Ən yaxşı düşmən (1961), Cəsur pilotlar (1965) filmləri ilə Qızıl Qlobus mükafatına namizədliyi irəli sürülmüş və  Şeytan (1963) filminə görə bu mükafata layiq görülmüşdür.

Bununla yanaşı, Sordi rejissor kimi də fəaliyyət göstərərək, arasında Vittorio de Sika ilə Amerikada bir italyan (1967), Monika Vitti ilə Ulduz zərrəsi (1973) və əsrarəngiz Klaudia Kardinale ilə Ümumi utanc hissi (1973) kimi filmlərin də yer aldığı 19 ekran əsəri yaratmışdır.

"Alberto dahi aktyor idi, amma hər şeydən əvvəl o, mükəmməl müəllif və 50 ildən çox birgə addımladığı personajın yaradıcısı idi. Rejissor kimi deyə bilərəm ki, Sordi ilə işləmək çox asan idi, çünki o, əsl dahi idi; bir neçə baxış kifayət idi ki o, oynadığı rolun, dolayısı ilə filmin üslubunu anlasın. O, komediyanın bütün qaydalarına zidd getməyi bacaran bir komediya ustası idi."
Mario Moniçelli

Müəllif: Federica Ballestrin
Tərcümə: Kəmalə Əliyeva

08 Sentyabr 2020