Romadan bir neçə kilometr aralıda Tivoli ərazisində yerləşən və Qədim Roma memarlığının şah əsərlərindən biri: əzəmətli Adriana Villası.

Bizim eranın II əsrində imperator Adriano paytaxt Romadan aralı bir villa tikdirməyi qərara alır. O dövr, Roma İmperiyasının ən qüdrətli çağı hesab olunurdu və o üzdən Adriana Villası Roma İmperiyasının əzəmətinin və təntənəsinin simvoluna çevrilmişdir.


Adriana Villası, Roma qüdrətinin zirvəsi

Adriana Villası 120 hektar ərazini əhatə edirdi və öz aralarında bir-biri ilə əlaqəsi olan tikililərdən təşkil edilmişdi: imperatorun iqamətgahı və xidmətçilərin yaşayış yerindən əlavə, kompleks özündə teatr, məbədlər, mineral su bulaqları, kitabxanalar, bağlar və fəvvarələri birləşdirir.

Sütunlar və heykəllərlə əhatə olunan Kanopo çarhovuzu, BalacaBöyük mineral suları, qarşısı kolonnada ilə bağlanılmış və kanalla əhatə olunan orijinal Marittimo Teatrı öz gözəllikləri ilə bizi bu gün də valeh edir.


Adriano səfərlər zamanı heyran olduğu bəzi  məkanların bənzərlərinin öz villasında inşa edilməsini istəmişdir. Ona görə də memarlıq üslubunda Misir, yunan və Roma mədəniyyətinin təsirləri aydın görünür. Məhz bu fərqli üslubların özünəməxsus vəhdəti Adriana Villasının 1999-cu ildə YUNESKO-nun bəşəriyyətin irsi siyahısına daxil olunmasına səbəb olmuşdur.

Bu üslub müxtəlifliyi İntibah və Barokko dövrü memarları tərəfindən klassik memarlığın kəşfi üçün önəmli məqamlardan olmuşdur. Villa istər öz tikililəri, istərsə də bağları ilə sonrakı dövr memarlığının inkişafında model rolunu oynamışdır.


Bu gün misilsiz mədəni irs nümunəsi olan Adriana Villası, Roma İmperiyasının əzəmətinin zamana sığmayan şahidi və insan zəkasının, yaradıcılığının necə ecazkar sənət əsərləri yaratmağa qadir olmasının bənzərsiz nümunəsidir.

Müəllif: Rita Pistore
Tərcümə: Gülnar Məlikova

01 Sentyabr 2020