Bazilikata - çəkiliş meydançası kimi

Bazilikata - çəkiliş meydançası kimi

Rejissor Fransis Ford Koppolanın sözlərinə görə: "Bazilikataya baxanda tarlaları, üzüm bağlarını, gözəl mənzərələri , bir sözlə əsl torpaq necə olmalıdır onu görürsən ”

İtaliyanın cənubunda yerləşən bu ecazkar və heyranedici bölgə, təpələrinin xoş görüntüsünə, ərazisinin sərtliyinə, mənzərələrinin gözəlliyinə və əhalisinin qonaqpərvərliyinə görə müxtəlif şah əsərlər yaratmaq məqsədilə bu yerləri çəkiliş meydançası üçün ideal məkan olaraq seçən prodüserləri və rejissorları həmişə valeh etmişdir. Əllinci illərdən bu günə qədər Bazilikatada əlliyə yaxın  film çəkilib. Bunlara misal olaraq Pier Paolo Pazolinin ecazkar Matera daşları arasında çəkdiyi “Müqəddəs Mattaya görə İncil”(1964);

Müqəddəs Mattaya görə İncil

Françesko Rozi tərəfindən (1979) Aliano, Krako, Quardia Pertikara və Matera ərazilərində çəkilən  “İsa Məsih Ebolidə dayandı " filmini; rejissor Bruçe Beresfordun məkan olaraq Krako və Materanı seçdiyi, Riçard Qirin baş rolda çəkildiyi Kral David” (1985) filmini;

King David

Həmçinin təkrar Materada Taviani qardaşları tərəfindən çəkilmiş " Günəş gecə də işıq saçır " (1990) və Cüzeppe Tornatorenin (1995) "Ulduz adamı" filmlərinin adlarını çəkə bilərik. Qabriele Salvatores tərəfindən böyük hissəsi Melfidə çəkilən “Mən qorxmuram”(2002) filmi,

Ulduz adamı & Mən qorxmuram

Hollivud istehsalı olan Mel Gibsonun çox müzakirələrə səbəb olmuş  “İsanın ehtirasları”(2004) filmi Matera və ümumiyyətlə Bazilikataya böyük uğur qazandırıb. Materanın 2019-cu ildə Avropa Mədəniyyət Paytaxtı olaraq seçilməsi sayəsində, bir çox film istehsalçıları bu ecazkar məkanı bir çəkiliş meydançası olaraq görə bildilər. Bunlar arasında 2016-cı ildə Timur Bekmambetovun "Ben-Hur", Matteo Roverenin "İtalyansayağı yarış" kimi məşhur olan "Külək kimi sürətli", Cyrus Nowrastehin "Gənc Məsih" , 2017-ci ildə Patty Jenkis tərəfindən çəkilən  "Heyrətamiz qadın", filmlərinin adlarını çəkə bilərik. 2018-ci ildə Garth Devisin "Maria Maddalena" və Covanni Veronezinin “Kralın muşketyorları - sonuncudan öncəki missiya " filmləri çəkilib. Bu il Materada çəkilən son film isə Keri Fukunaganın "Ölməyə vaxt yoxdur" filmidir.

Ben-Hur 

Bazilikata ilə kino arasındakı bu bağlılıq, uğurlu filmlərin qəhrəmanı olmuş bu yerləri kəşf etmək üçün xüsusi turizm marşrutları yaratmağa imkan verdi. Bazilikata Film Turizmi adlanan layihə, həm məşhur ərazilərdə (məsələn Matera kimi), həm də bölgənin digər araşdırılmamış hissələrində Lukaniya mənzərələrinin tanıdılmasını nəzərdə tutur.

Materanın qaya arxitekturası, möhtəşəm Maratea, Krako və Alianonun çılpaq dərələri, ağ Pistiççi şəhəri, Vulture Melfesenin günəşli kəndləri, Kiçik Lukaniya Dolomitləri arasındakı Kastelmezzano və Pietrapertozanın qum daşları, kino dünyasının mütəxəssislərini hər zaman valeh edib.

Bazilikataya səyahət etməklə Tirren dənizi ilə İon dənizi arasında inşa edilmiş minillik  tarixi olan İtaliyanın bu kiçik hissəsini kəşf etmək və beynəlxalq auditoriyanı valeh edən o filmlərin çəkildiyi yerləri yenidən görmək şansınız olacaq!

Müəllif: Federica Ballestrin
Tərcümə: Nərgiz Cəfərova

21 May 2020