Bacarıq və yaradıcılıq hətta ən sadə materialı da gözəl bir əsərə çevirməyə qadirdir. Nəsildən-nəsilə ötürülən ənənələr sayəsində, sənətkarlar ilk baxışdan qəlbləri fəth edən qeyri-adi əşyalar yaratmağa davam edirlər. Sənətkarlıq Basilikatanın ənənə boxçasının ayrılmaz komponentidir.


Sənətkarlıq nümunələrinin özəlliyi onların eksklüziv olmasıdır: bir-birindən fərqlənən əşyaların unikal və orijinal olmasının səbəbi, tarixi sənətkarlıq emalatxanalarında nəsildən-nəsilə ötürülən ənənəyə uyğun olaraq tamamilə əl ilə hazırlanmasıdır. Hazır məhsula nəzər salmaq, ona əlinizlə toxunmaq, hər xırda detalına diqqət yetirmək və hətta bəzən qüsurlarının fərqinə varmaq ... bütün bunlar bir daha sübut edir ki, əşya tamamilə usta sənətkarın əlində yoğrulmuşdur. Bax elə sənətkarlığa xas olan  cazibə də bu olsa gərək!

Bazilikata, kəndli-maldarlıq vərdişlərinə əsaslanan misilsiz sənətkarlıq ənənələrinə sahibdir. Kəndli həyatından ilhamlanaraq yaradılmış məişət məqsədli və bəzək tipli həmin əşyalar bu gün bizə miras olaraq qalmışdır. Qədim dülgərlik sənəti üçün ağac, saxsı və gil, mis və döyülmüş dəmir,  xalçaların toxunması üçün toxuculuq sapları, səbət və zənbillər  üçün saman və söyüd budaqları: Lukaniya sənətkarlığı, hər biri sevgiylə işlənib hazırlanan bu materialların müxtəlifliyinə görə digərlərindən seçilir.


Bazilikataya  xas olan ən orijinal məhsullar sırasında Avilyano bələdiyyəsində istehsal edilən, kolleksionerlərin yüksək qiymətləndirdiyi Avilyano bıçaqlarıdır. Laqoneqroda İtaliyanın cənub bölgəsinə məxsus yeganə qüllə saatları fabriki var. Canonico şirkəti isə, qüllə saatlarını istehsal edir və quraşdırır, həmçinin İtaliyada və xaricdə zəngli saatların elektrifikasiyası həyata keçirir. Bu unikal fəaliyyət növü, texnoloji yeniliklərə baxmayaraq, zəngin ailə ənənəsini qoruyub saxlayır.


Materada isə, hər il 2 iyulda keçirilən Madonna della Bruna bayramı üçün təntənəli arabanın qurulmasında  istifadə olunan  papye-maşe istehsalından tutmuş, prezepe (İsanın doğulma səhnəsini əks etdirən təsvir) və kiçik heykəllərin yaradılmasına qədər bir sıra sənətkarlıq nümunələri cəmləşmişdir.

Il Bottegaccio, əsl möcüzələrin yarandığı emalatxanadır. Artıq 35 ildir ki, usta sənətkar Mario Daddieqonun rəhbərliyi altında burada farfor, papye-maşedən prezepe və heykəllər, gil və saxsı  əşyalar hazırlanır. Xoruz formalı, gildən hazırlanmış kuku fitləri isə, Materanın əsl rəmzinə çevrilmişdir. Il Bottegaccio həmçinin bir neçə italyan və xarici sənətkarlarla da əməkdaşlıq edir.

Lakin bu Daşlar şəhəri, coğrafi xüsusiyyətlərinə görə, həmçinin ənənəvi tuf daşı emalına görə də məşhurdur. Artıq 20 ildir ki, ProgettoArte tuf emalı ilə məşğul olur, daş səthləri bərpa və təmir edir, interyer və inşaat elementləri yaradaraq, yalnız Materada təklif olunan bu unikal xammalı tanıdır. Görülən işlər sevgi və ənəyə köklənsə də, tanınmış dizaynerlərlə əməkdaşlıqlar davam edir.


Sonda ağac üzərində oyma sənətini də unutmayaq. Qədim agac oyma ənənələrindən istifadə edən Massimo Kastiello, məişət əşyaları və interyer həllərindən tutmuş, qələm və açarlıq kimi şəxsi əşyalara həyat verir.

Bütün bunlar onilliklərdir yaşayan peşə ənələrinə söykənən Lukaniya sənətkarlıq məktəbinin bəzi nümunələri olub, əsrarəngiz Bazilikata regionunun inciləri sırasındadır.

Canonico (Laqoneqro) https://www.canonico.com/
ProgettoArte (Matera) https://www.progettoarte.info/it/
Il Bottegaccio (Matera) http://artigianato.matera.it/
Massimo Kassiello (Matera) https://www.massimocasiello.it/

Müəllif: Rita Pistore
Tərcümə: Kəmalə Əliyeva

20 May 2020