Beynəlxalq “Alba Ağ Truffle” Sərgisi

Beynəlxalq “Alba Ağ Truffle” Sərgisi

9 Yanvar 2020

Budur, Langhenin ağ qızılı sayılan Alba ağ trufflesi: dünyanın ən qiymətli, İtaliyanın şimalındakı Pyemont təpələrində yetişən ağ truffledən bəhs edirik. O, İtaliya bazarında  ən çox ticarət olunan truffle növlərindən (Tuber magnatum Pico) biridir.

Truffle haqqında daha çox bilmək istəyirsinizsə, daha bir məqaləni tamamilə ona həsr etdik! LINK

Hər il İtaliyanın şimalındakı Pyemont regionunun Alba şəhərində keçirilən Beynəlxalq Alba Ağ Truffle Sərgisi Alba ağ trufflesinə həsr olunmuşdur: festivalın 89-cu buraxılışı 2019-cu il 5 oktyabr - 24 Noyabr tarixlərində keçirilmişdir.

Tədbir ərəfəsində oktyabr və noyabr aylarında, hər şənbə və bazar günləri centro storico adlanan ərazidəki sərgi mərkəzində Langhe, Roero Monferrato Pyemont təpələrindən gələn trufflelərin ən böyük beynəlxalq sərgisi olan Alba Ağ Truffle Dünya Bazarı təşkil edilir. Burada siz həmçinin bu xüsusi göbələk növündən də ala bilərsiniz.

Alba ağ trufflesi solğun sarı və ya açıq qəhvəyi rəngdə qlobus formalı, bəzən isə yastı və dalğalı olması ilə xarakterizə olunur. Onun ölçüsü hətta böyük bir alma ölçüsünə qədər çata bilər. Trufflenin bu növü yayın sonundan başlayaraq, payız fəslində və qış fəslinin əvvəlinə qədər 2014-cü ildən YUNESKO-nun Ümumdünya İrs siyahısına düşən, şərab istehsalı ilə məşğul Langhe-Roero və Monferrato landşaftlarının təpələrindən yığılır.

Xüsusiyyətlərinə, yetişdiyi və inkişaf etdiyi mühitə əsasən bu göbələk becərilmir, lakin uyğun bir mühitdə həssas buruna malik sadiq itin köməkliyi ilə truffle yığanlar tərəfindən axtarılaraq tapılmalıdır: bu onu həqiqətən dəyərli bir məhsul halına gətirir. Satışdan əvvəl satıcılar truffleləri Alba Bələdiyyəsi tərəfindən təyin edilmiş sensor analizi mütəxəssisləri komissiyası tərəfindən həyata keçirilən ciddi sınaq protokoluna təqdim etməlidirlər. Satışa uyğun olan hər bir truffle üçün, nömrələnmiş bir torba verilir ki, bu da trufflenin keyfiyyətini göstərir.

Trufflenin orqanoleptik xüsusiyyətləri o qədər özəldir ki, yoxlanış zamanı Truffle Tədqiqatlar Milli Mərkəzinin Sensor Analizi münsiflər heyəti (hakimləri) ziyarətçilərə məhsulun keyfiyyətini və sirlərini qoxu dequstasiyaları, sensor və praktik testlər vasitəsilə aşkar etməyə imkan yaradırlar.

Bundan əlavə, bu məhsul o qədər qiymətlidir ki, 200 qramın qiyməti həddən artıq yüksək rəqəmlərəcən arta bilər. Alba Ağ Truffle Dünya Auksionunun 20-ci buraxılışı zamanı ağırlığı 1,005 kq olan ağ Alba trufflesi Honq Konqlu bir iş adamı tərəfindən 120.000 avroya alınmışdı.

Böyük Bazar sərgisindən əlavə, Truffle şərəfinə beynəlxalq milli qonaqlar, baş aşpazlar, aşpazlar, sənətkarlar və digər şəxsiyyətlərin qatıldığı bir sıra mədəni və qastronomik tədbirlərin olduğu Alba Truffle Show” da keçirilir.

Alba ağ trufflesi yalnız çiy və nazik dilimlərə doğranmış halda qastronomik qidalarda, xüsusən də ənənəvi Pyemont yeməklərində: fondue, əriştə, Pyemont risotto’su, pendirlər, çiy Alba əti, göbələk (porcini) salatı və qızardılmış yumurtada istifadə olunur. Bu yeməklərə truffle xüsusi ləzzət qataraq onların əsas qəhrəmanına çevrilir.

Yenidən truffle dünyasına daxil olmaq, bu unikal məhsulun ləzzət və ətrini ala bilmək üçün 2020-ci ildə keçiriləcək Beynəlxalq Alba Truffle Sərgisinin 90-cı buraxılışında görüşərik!

www.fieradeltartufo.org

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova