Çirçeo dağı: əfsanə və mədəni irs nümunəsi

Çirçeo dağı: əfsanə və mədəni irs nümunəsi

“Beləliklə, Ea adasına gəlib çatdıq: bu adada gözəl qıvrım saçlı, insan səsinə bənzər səsi olan dəhşətli Çirçe İlahəsi yaşayırdı”, Odissey əsərində Homer Odisseyin cadugər Çirçe adasına gəlişini belə təsvir edirdi.


Rəvayətə görə Odissey öz sevimli İtakasına geri dönmək istəyərkən İtaliya sahillərində, ilk baxışdan kimsəsiz görünən Ea adasına rast gəlir. Adayla tanış olmaq üçün gəmidən enən bir neçə yol yoldaşını orada gözəl bir qadın qarşılayır və onları şənlənməyə dəvət edir. Qəmgin əfsanəyə görə, Cadugər Çirçe Odisseyin dostlarına şərab içirdir və hamısını qəddarcasına donuza çevirir. Yalnız bir müddətdən sonra Odissey özü Tanrıların elçisi Tanrı Hermesin köməkliyi ilə öz yoldaşlarını xilas edərək, Çirçenin məskənindən sağ-salamat qurtula bilirlər.

Cadugərin evi kimi təsvir edilən Ea adası ta qədimlərdən, Romadan bir neçə kilometr məsafədə yerləşən və Tirren dənizinə baxan Çirçe dağı ilə eyniləşdirilir. Bu ilkin anlaşılmazlıq bəlkə də onunla bağlıdır ki, həmin sildırım ətrafında düzən əraziləri çoxdur və buna görə də dənizdən baxanda o, adadan daha çox dağa bənzəyir. Bu baxımdan, keçmişdə dənizçilərin onu simvolik Cadugər Çirçe fiquru ilə eyniləşdirməsi heç də təəccüblü deyil. Digər bir fərziyyəyə görə isə qədimdə Çirçeo dağı dənizlə əhatələnən bir yarımada olmuşdur.

Monte Circeo & Parco Nazionale del Circeo

Hər bir halda cadugər Çirçe əfsanəsi əsrlər boyunca hər bir oxucunu valeh etmişdir. Homer öz əsərindəki hadisələrin baş verdiyi məkanları elə dəqiqliklə təsvir etmişdir ki, biz bu gün də mütaliə zamanı yunan qəhrəmanın Çirçe dağının zirvəsinə qalxmasını aydın şəkildə gözümüz önündə canlandıra bilirik. Elə həmin dağlıq çıxıntının təpəsində, Çirçe zirvəsində qədim romalılar eyniadlı cadugərə məbəd tikmişlər. Həmin məbədin qalıqları bu gün də qalır, hətta 1928-ci ildə oradan bir qadın heykəlinin başı tapılmışdır.

Ərazisində yerləşdiyi Milli Parkla birlikdə 541 metr hündürlüyü olan dağ, istər tarixi, istərsə də əfsanəvi cazibəsinə görə macərasevər yürüşçülər, trekkinq həvəskarları, həmçinin adi ziyarətçilər üçün sevimli ünvan olaraq qalır. Çirçe zirvəsinə gedən ən uzun, lakin nisbətən rahat yol dağın təpəsindən keçən cığırdır. Baxmayaraq ki, bu yol daha rahatdır, lakin açıq ərazi olduğu üçün cığırla irəliləyərkən çox ehtiyatlı olmaq lazımdır. Sabaudia çimərliyi ilə həmsərhəd ərazidə yerləşən Paola adlı müdafiə qalasından isə daha sərt və qayalıq cığırla zirvəyə qalxmaq olar. Bu məqsədlə çoxsaylı yerli şirkətlər Çirçeo dağına xüsusi bələdçilərin müşayiəti ilə turlar təşkil edir.

Torre Paola 

Əfsanəvi mədəni irs nümunəsi olan Çirçeo dağı, mağaraları öyrənən speologiya aləmində də böyük marağa səbəb olmuşdur. Çoxsaylı mağaralar arasında 1939-cu ildə neandertal insanın kəllə sümüyünün aşkar edildiyi Quttari mağarasını xüsusi vurğulamaq olar.

Bir sözlə, bu ərazi, Odisseyin macəra dolu hekayəsindən tutmuş, ürəkoxşayan mənzərəli trekking marşrutlarına, yaxınlıqdakı Sabaudia çimərliyinə və dağlıq sahilyani ərazisinin sirli mağaralarına qədər arzusunda olduğunuz hər şeyi özündə ehtiva edir. Çirçeo dağının əzəmətli görüntüsü bütün ətraf mənzərəni öz əsirinə çevirir və bu valehedici gözəllik isə Homerin sözləri ilə desək “əngiz dənizlə” əhatə olunur.

Spiaggia Sabaudia & Grotte

Müəllif: Agnese Coco
Tərcümə: Gülnar Məlikova

17 Avqust 2020