Fiori di Lena və hədiyyə konfetlərin hazırlanma sənəti

Fiori di Lena və hədiyyə konfetlərin hazırlanma sənəti

“Hədiyyə vermək” özündə hisslərin ən alisi olan Sevgini ehtiva edir! Dünyanın bir çox yerində olduğu kimi, İtaliyada da bu anlayışı mükəmməl şəkildə ifadə edən qədim bir adət var: konfet hədiyyə etmək.


Həyatımızın evlilik, vəftiz mərasimi və ya məzuniyyət gecəsi kimi xüsusi günlərində məqsədimizə çatmağın  sevincini  sevdiklərimizlə bölüşmək vacibdir. Kiçik, lakin dəyərli əşya olan hədiyyə konfetlər yeni həyatın başlanğıcı kimi mühüm bir hadisənin xatirəsini gerçəyə çevirir.

Ən dərin hisslərimizi ifadə edə biləcək bir toy hədiyyəsi yaratmaq adi sevgi deyil, əsl sevgi tələb edir. Məhz elə buna görə də biz, bu möhtəşəm hədiyyəlik konfetlərin hazırlanma sənəti barədə danışmaq üçün Fiori di Lenanı seçdik. İyirmi il bundan əvvəl Kampaniya regionunda yaranmış bir sənətkarlıq həqiqəti olan Fiori di Lena, bu gün dekor və aksesuar sektorunda Made in Italy markasının mükəmməlliyini təmsil edir.

Bomboniere - Fiori di Lena

Emalatxanada düzəldilən əşyaların zərifliyi, orijinallığı, bənzərsiz üslubu, habelə hər bir detala və müştəriyə göstərilən diqqət, qardaşları ilə birikdə ailə biznesini davam etdirən və ticarət məsələlərinə cavabdeh olan Emilianonun da söylədiyi kimi, Fiori di Lenanın qısa müddət ərzində  bütün ölkə ərazisində fəaliyyət göstərən aparıcı şirkətlərdən birinə çevrilməsinə səbəb oldu.

Bizi Fiori di Lenanın bəzi "imza" əsərləri ilə, məsələn, incə parçalardan və çiçəklərdən ibarət, içərisindəki ətir yayıcısı sayəsində iki il ərzində olduğu məkana ecazkar ətir rayihəsi saçan “çiçək boğçası” ilə tanış edən də, elə Emilianonun özü oldu. Çiçək boğçası hər zövqə uyğun olaraq, həm toy hədiyyəsi, həm də eviniz üçün bir bəzək əşyası kimi seçilə bilər. Beləliklə müştəri, bu kiçik sənətkarlıq nümunəsini əldə edərkən parçaları, çiçəkləri və hətta ətiri belə öz zövqünə uyğun sifariş edə bilər.

Puff - Fiori di Lena

Fiori di Lenanın bir çox məhsulları, məşhur Kapodimonte keramikası kimi qiymətli materiallarla hazırlanaraq, Made in Italy markasının əsl mahiyyətini təcəssüm etdirən usta sənətkarlarla əməkdaşlıq sayəsində yaranır.

Şirkət inkişaf etdikcə, təklif olunan əl işləri kolleksiyasının sayı da artır və sizə doğum mövzusu ilə əlaqəli əsl bəzək əşyalarından ibarət Bimbo kolleksiyası, evinizə Milad sehrini bəxş edən çələnglər, yolka bəzəkləri və digər əşyalardan ibarət Milad kolleksiyasına aid əl işləri təklif olunur.

İtaliyada 300-dən çox satış mərkəzi olan Fiori di Lena məhsulları xarici ölkələrə də ixrac olunur. Əgər xəyalların sərhəd tanımadığı fikri doğrudursa, Fiori di Lena xüsusi günlər, evlərinizin bəzədilməsi, hədiyyə vermək və sevgi bəxş etməklə bağlı gözəllik və zərafət dolu arzularınızı gerçəkləşdirməyə qadirdir.

Ətraflı məlumat üçün fioridilena.it səhifəsinə baxın.

Müəllif: Giulia Clamer və Paola Casagrande 
Tərcümə: Kəmalə Əliyeva

23 Iyun 2020