İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bizə Emilia Romanya regionu haqqında danışır

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bizə Emilia Romanya regionu haqqında danışır

Hörmətli səfir, siz Emilia Romanya regionunda, yanılmıramsa, məhz  "İtalyansayağı yaşamaq bacarığı"nı aşılayan Rimini şəhərində anadan olmusunuz. Bununla bağlı ən gözəl xatirələriniz hansılardır? Siz heç vaxt bu ecazkar regionda olmayan oxucularımıza onu necə təqdim edərdiniz?Bəli, əslində mən Romanyada anadan olmuşam, amma doğrusu əsl riminili olan mənim həyat yoldaşımdır. Mən Rimini yaxınlığındakı Rubikone çayının sahilində yerləşən Savinyanoda doğulmuşam.



Rubikone çayı, Roma və Qalliya torpaqlarının qədim sərhəddi olmuşdur. Mən bu ərazidə, Qatteo adlı kiçik bir  əyalətdə böyümüşəm: uşaqlığımdan və yeniyetməlik çağlarımdan yadımda qalan ən gözəl xatirələr, Roma imperiyası eksarxatlığının paytaxtı Ravennaya, Apennin silsiləsində, Tibr çayının mənbəyi Fumaiolo dağına etdiyim səyahətlər və əlbəttə ki, yay aylarıdır. Biz uşaq olarkən axşamları çöldə gəzmək, günümüzü dənizdə keçirə bilmək üçün yayı gözləyərdik. Sizin ecazkar adlandırdığınız bu regionun tərifi ilə sözsüz razıyam, çünki bu region hələ də öz kəşfini gözləyən mədəniyyəti, tarixi, orta əsrlərə xas əyalətləri ilə çox zəngindir. Əgər fikrimi qısaca, bir neçə kəlmə ilə ifadə etməli olsam belə deyərdim: qonaqpərvərlik və alicənablıq, qida - Avropa Qida Təhlükəsizliyi İdarəsinin Parma şəhərində olduğunu unutmayaq, mədəniyyət (Qərb dünyasında ilk universitetin 1088-ci ildə Bolonyada inşa edildiyini xatırlamaq kifayətdir) ; bundan başqa, innovativ texnologiyanı da vurğulamağı özümə borc bilirəm, çünki, italyan sənayesinin, xüsusi ilə də mexanika sahəsindəki potensialının böyük bir hissəsi regionumuzda cəmlənmişdir.

Emilia və Romanya, bir regionda iki can! Siz bizə Emilia və Romanya mədəniyyətləri arasındakı əsas fərqlərin nədən ibarət olduğunu təsvir edə bilərsinizmi?
Baxın, mən Romanyada anadan olmuşam, romanyalıyam və buna görə də, bu sual ilə siz məni bir növ təhrik edirsiniz ... yaxşı söylədiniz, iki can: əslində bu iki torpaq tarixən bir-birindən ayrı olmuş və yalnız vahid İtaliya tərəfindən yürüdülən inzibati bölgü nəticəsində birləşdirilmişdir. Siyasi mərkəzləşmə və İtaliyanın birləşdirilməsindən əvvəl bu torpaqlar fərqli tarixlərə sahib idi: bildiyimiz kimi, Romanya, Bolonya ilə birlikdə  Papa Dövlətinə aid idi; bölgənin qalan hissəsi isə, hersoqluq və krallıqlara bölünmüşdü: Tirren dənizinə qədər uzanan Parma hersoqluğu, Modena hersoqluğu, Ferrarada Estensi ailəsi. Demək ki, bu torpaqlar mahiyyətcə iki candır və bu bir tarixi həqiqətdir. Romanya, qədim dövrlərdən bəri Romanya deyə tanınaraq mövcud olan bir ərazi olmuş (digər tərəfdən Romanya, hələ Roma Papası mövcud olmamışdan əvvəl həmişə Roma ilə əlaqəli olduğu üçün belə adlandırılmışdır); Emilia, tarixən bir-birinə qarşı vuruşan, rəqib və tamamilə fərqli talelərə malik, müxtəlif hakimiyyətlərə məxsus bir sıra torpaqlarla əlaqəlidir. Emilia adı,  Piaçenzanı Rimini ilə birləşdirmək üçün romalılar tərəfindən inşa edilmiş qədim Emilia yolunun adına istinad edir (Romadan Riminiyə uzanan yol isə, Flaminia adlanırdı və təsadüfi deyil ki, Romanya adlandırılmazdan əvvəl bu ərazi Flaminiya olaraq tanınır və qədim coğrafiyaşünasların xəritələrində “Romagna olim Flaminia” deyə qeyd olunurdu).
Buna görə də, iki can fikrini söyləmək tamamilə doğru səslənir. Əslində, fərqləri ümumiləşdirmək çətindir. İcazə versəniz, bu fərqə münasibətimi bizim tərəflərdə zarafatla söylənən bir hekayə ilə bildirərdim. Hekayə belədir: Emilia ilə Romanya arasındakı fərqi başa düşmək üçün, Emilia yolu ilə şimaldan cənuba doğru irəliləyirsiniz. Susuzluğunuz olsa, evlərin qapısını döyün. Əgər sizə su əvəzinə şərab təklif etsələr, deməli  ora “sərhəd”dir. Mənim uşaqlıqdan bəri eşitdiyim bu olub.

Emilia Romanya torpağı italyan tarixinə və mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib. Şairlər, yazıçılar, rejissorlar, müğənnilər, habelə idman sahəsində çempionlar, uzaqgörən iş adamları və s. Hamısını sadalaya bilmıdiyimizə görə, Sizin fikrinizcə, dünyada italyanlıq anlayışını ən yaxşı şəkildə təmsil edən kimdir?
Məncə Federiko Fellinidən başlamamaq mümkün deyil, çünki bu il onun 100 illik yubileyi qeyd olunur. Hətta biz bununla əlaqədar Rimini Bələdiyyəsi və Yarat  İctimai Birliyi ilə bərabər Bakıda böyük bir sərginin təşkilini planlaşdırsaq da, Covidlə bağlı  təcili vəziyyətlə əlaqədar işlərimiz dayandı. Lakin biz bu layihəni payızda gerçəkləşdirəcəyimizə ümid edirik. Belə hesab edin ki, bu siyahını Federiko Fellini adı ilə başlayıram. Onunla birlikdə nəinki burada, həm də keçmiş Sovet İttifaqı ölkələrində məşhur olan Fellinin  senaristi və dostu Tonino Querranı yada salıram.

Federico Fellini & Tonino Guerra

Bu hələ girişdir. Daha sonra ədəbiyyatdan başlayaraq digər sahələrə də nəzər salsaq, Ludoviko Ariostonu adını mütləq söyləyərdim, çünki bu sizdə Ferrara kimi gözəl bir şəhərə getmək həvəsi oyadacaq. Parmaya baş çəksək bəstəkar Cüzeppe Verdini... musiqini, operanı sevənlər üçün isə, Teatro Reconu ziyarət etməyi unutmayın deyərdim. Burada İtalyan musiqisini və operanı sevən bir çox azərbaycanlı dostlarımız var: bu baxımdan, Parmaya səyahət vacibdir. Əlbəttə ki, Qulyelmo Markonini də yad etməsək olmaz. Covanni Paskoli və onun poeziyası Romanyanın bir parçası olduğuna görə, şairin də adı sadalananlar sırasındadır.

Giuseppe Verdi, Guglielmo Marconi & Giovanni Pascoli

Musiqiyə gəldikdə isə, elə təkcə Bolonyanı götürsək, seçim etmək çox çətin olar: Luço Dalla, Canni Morandi, Quççini, son otuz ilin ən sevimli müğənnisi Vasko Rossi və digərləri.

Lucio Dalla, Gianni Morandi & Vasco Rossi

Uzaqgörən iş adamları dedikdə, hər kəsin təxəyyülündə bir ad canlanır: Enzo Ferrari. Mənə elə gəlir ki, yalnız Ferrari adı hər şeyi ifadə edir ... Yəqin ki, "İtalyanlığı" beynəlxalq səviyyədə onun kimi heç kəs təmsil etməyib. İdman çempionlarından danışsaq, bu sahədə bir çox adlar var, amma mən Alberto Tombanı xüsusi vurğulamaq istərdim. Məncə, Alberto Tomba bu regionu tam mahiyyəti ilə təmsil edir, çünki o, səmimiyyət, həyatsevərliklə yanaşı, bacarıq və qətiyyət mücəssəməsidir.

Enzo Ferrari & Alberto Tomba

Sonda, adı çox az xatırlanan, Romanyada, Luqo şəhərində doğulmuş önəmli bir tarixi şəxsiyyət Françesko Barakkanı da anmaq istərdim. Bildiyimiz kimi, Françesko  Barakka Birinci Dünya Müharibəsinin qəhrəmanı, İtaliya aviasiyasının dayaq sütünu, hərb sahəsinin parlaq günəşidir. Bir sıra gözəl romanların mövzusu olan bu şəxsiyyətin şərəfinə daha bir roman, bu yaxınlarda forli şairi Davide Rondoni tərəfindən həsr edilmişdir.

Emilia Romanya İtaliyanın ən görməli yerlərindən biridir. Saysız-hesabsız tarixi inciləri və təbiət mənzərələrindən əlavə, bu torpaqlar İtalyan mükəmməlliyinin ən yaxşı şəkildə təcəssüm etdirən sənaye reallıqları ilə zəngindir. Sahibkarlıq sahəsində əldə olunan uğurlu inkişafın sirri nədədir?
Mənim fikrimcə cavab çox sadədir: bu regionun sakinləri! Emilia Romanya camaatı və onların əzmkar əməyi. Mən bu cavabla kifayətlənərdim, çünki bu uğurlu inkişafın gerçək səbəbi məhz budur. Eslində, yaxın keçmişdə yaddaşımızda iz buraxan bir hadisəni xatırlamaq yerinə düşərdi: 2012-ci ilin Modena zəlzələsi. Yadımdadır, ertəsi gün, zəlzələdən iki gün sonra bəzi sahibkarlar iş günlərinin hədər getməməsi üçün ofislərini, fabriklərini açıq havada qurub, açıq eyvanlarda ofislərini, kompüter və telefonlarını quraşdırdılar. Başa düşürsünüzmü? Onlar açıq havada işləyirdilər. Bu hadisə mənim yaddaşıma həkk olundu və gördüklərim hələ də gözümün önündədir: bu bir daha sübut etdi ki, bizim regionun camaatı nəyə qadirdir. Beləliklə sizin sualınızın cavabı, hətta vaxtında yetişməyən köməyə görə ruhdan düşməyən, həmişə qolunu çırmayıb qurub-yaratmağa hazır olan insanlar və onların əməyidir.

Emilia Romanyanın ənənəvi mətbəxi bütün dünyada məşhurdur və bunun səbəbini təsəvvür etmək heç də çətin deyil. Bəs Emiliya və Romanyanın mətbəx mədəniyyətini ən yaxşı təmsil edən tipik yeməklər hansılardır?
Bu barədə danışsaq kitaba, əsərə sığmaz... ; ancaq mən ən məhşur yeməkləri sadalamaqla kifayətlənəcəm. Mövzuya çox qədim bir tapıntı olan və bəlkə də dünyanın ən dadlı və məşhur pendiri Parmicano Reccano ilə başlayacam. Hamımıza məlumdur ki, qida və süd məhsullarının emalı erkən orta əsrlərə aiddir. Südün keyfiyyətini qoruyub saxlamaq üçün monastırlardakı rahiblər bu üsulu kəşf etdikdən sonra pendir yarandı. İlk yaranan  Parmicano Reccano oldu. Bundan sonra isə, əlbəttə ki kolbasa məmulatlarının şahı Parma vetçinası gəlir. Cənuba doğru irəlilədikcə, Bolonyada ayaq saxlayıb, tortellini ilə tanış oluruq. Tortellini Bolonya mətbəxinin şah əsəridir. Romanyaya doğru yönəlsək bizim piadinanı (fəsəlini) və Romanya passatellisini demədən olmaz. Mənə söz verin ki, passatelli ilə yanaşı Romanya kappellettisinin də adını çəkəcəksiniz. Onu da deyim ki, kappelletti də, tortellini kimi, Azərbaycanın milli yeməyi və əlbəttə ki mənim də çox sevdiyim düşbərəyə bənzəyir.


Sonuncu sual. Covid 19-un yaratdığı vəziyyətlə bağlı  təcili olaraq sərhədlərin uzun müddət bağlanması, bütün turistik və qonaqlama fəaliyyətinin dayandırılması qadağasından sonra İtaliya nəhayət ki yenidən xarici turistləri qarşılamağa hazırlaşır. Tezliklə ölkəmizə təkrar səyahət edəcəyinə ümid bəslədiyimiz çoxsaylı turistlərə və xüsusilə də, səyahət hədəfi kimi Emilia Romanyanı seçənlərə hansı “
təcrübədən mütləq şəkildə yararlanmağı tövsiyə edərdiniz?
 Bu suala bir az diplomat kimi cavab verəcəm... Əslində deyəcəklərim həm məlumat, həm də tövsiyə xarakteri daşıyır. Məncə, bu torpaqların, bu regionun mahiyyətini həqiqətən dərk etmək üçün ən yaxşı təcrübə , şimaldan, Piaçentsadan səyahətə başlamaqdır. Təyyarə ilə Milanda endikdən sonra, Milanın yaxınlığındakı Piaçentsaya gəlin. Piaçentsada isə, İtaliyanın bir çox bölgələrinə icarə maşınla səyahət etdiyini söyləyən bir çox azərbaycanlı dostlarımın sözlərinə əsaslanaraq deyərdim ki, bir maşın icarələyin və Emilia yolu boyunca cənuba yön alın. Beləliklə, Piaçentsa, Parma, Recco Emilia, Modena və əlbəttə ki Bolonyanı gəzin..  Daha sonra Forlì, Çezena, Riminiyə doğru irəliləyib, Ferrara və Ravennaya da baş çəkməyi unutmayın. Beləcə sizin insanlarla görüşmək, hekayələr dinləmək, meydanlara, kilsələrə, monastırlara, teatrlara, muzeylərə, universitetlərə getmək imkanınız olacaq. Bir sözlə, bu həqiqətən unikal bir təcrübədir. Bu minvalla şimaldan cənuba bütün Emilia Romanyanı qət edərək, Piaçentsadan Riminiyə gedən yolda maşını saxlayıb yerli əhaliylə söhbətləşmək, misilsiz mətbəxin və dadlı şərabların dadına baxmaq olar. Tövsiyəm budur ki, susuzluğunuz olsa, sizə nə təklif edəcəklərini sınamaq üçün evləri qapısını döyməyi unutmayın ... Və  bir də Riminiyə  gəlmişkən, dənizdə çimib qəşəng sərinlənin.


Rimininin bir neçə addımlığında yerləşən və bir növ regionun ayrılmaz hissəsi olan San Marinonu da unutmayaq. Fürsət düşmüşkən, passportunuza bir möhürü də San Marino Respublikasında vurdurmuş olarsınız...

Hörmətli səfir, hələlik virtual şəkildə olsa da, bizə regionunuza səyahət imkanı yaratdığınıza görə təşəkkürümüzü bildiririk. Arzu edirik ki, oxucularımız tezliklə bu regionu ziyarət edəcək və bir ömür boyu xatırlayacaqları dəyərli təcrübələr, zəngin mədəni, qastronomik hətta əyləncə dolu emosiyalarla geri dönəcəklər.

Müəllif: Paola Casagrande 
Tərcümə: Əliyeva Kəmalə

29 Iyun 2020