İtalyan modasının bütün dünyada əldə etdiyi uğurların banisi - Sorelle Fontana

İtalyan modasının bütün dünyada əldə etdiyi uğurların banisi - Sorelle Fontana

13 Yanvar 2020

1950-ci illərdə Romadakı Atelyelərində dünya kinosunun ən məşhurları üçün yüksək moda geyimlər tikən, beləliklə də xaricdə Made in İtaly simvolunun uğuruna yol açan Zoe, Mikol, Covanna və məşhur Sorelle Fontana (Fontana bacıları) üçün İtalyan moda tarixində xüsusi bir yer ayrılmışdır.

Bu üç bacının hekayəsi sanki bir nağıla bənzəyir: əslən Parma əyalətindəki kiçik bir kənddən olan bacılar ailə ənənələri sayəsində artıq dərzilik peşəsinə yiyələnmişdilər. Sonra bir gün ən böyük bacı olan Zoe, şansını böyük bir şəhərdə sınamaq qərarına gəlir, amma düşünür ki, şəhər seçimini təsadüfi etsin: stansiyada ilk qatar birbaşa Romaya idi. Digər bacılar da ona qoşulduqdan sonra onlar öz Atelyelərini açdılar və 1943-cü ildə paytaxtda Sorelle Fontana”nı qurdular.

Onların ilk mühüm müştərisi radioteleqrafın ixtiraçısı alim Qulyelmo Markoninin qızı Coiya olmuşdu. Sonradan onların yaradıcılığı artıq öz paltarlarını bacıların Atelyesinə həvalə etməyə başlayan Roma aristokrat siniflərinin nümayəndələri tərəfindən də çox dəyərləndirilirdi.

1949-cu ildə üç bacının həyatında həlledici bir fürsət oldu: Məşhur Amerika aktrisası Linda Kristian, İtalyan dərziləri tərəfindən hazırlanan bir gəlinlik paltarı geyinmək istədi. Tayron Pauer ilə ailə quran Linda Kristianın Romada qeyd olunan toyu, media nümayəndələrinin çox olduğu dünya miqyasında bir tədbir sayılırdı və onun gəlinlik libasının şəkilləri bütün dünyaya səs salaraq Fontana bacılarının özlərini xüsusilə Hollivud kinematoqrafiyası mühitində də tanıtmasına imkan verdi.

Sorelle Fontana, Marke regionundan olan Covanni Battista Corcinin 1951-ci ildə Florensiyada ilk dəfə keçirdiyi İtalyan Yüksək Moda Şousu üçün istədiyi İtalyan moda evlərindən biri olmuşdu. Bu gün bütün dünyada müraciət olunan və sevilən məşhur Made in Italy simvolunun yayılmasına doğru kiçik bir addım olan bu şouda İtalyan modası bəzi Amerikalı buyer-lərə (alıcılara) təqdim olunurdu.

Onların 1955-ci ildə Romada ilk butikləri açıldı. 1958-ci ildə isə atelye “Piazza di Spagna” meydanına köçürüldü. Yüksək moda geyimlərinin istehsalı ilə yanaşı, Fontana bacıları özlərini Şimali və Cənubi Amerika və Avstraliya mağazalarında prèt-a-porter kolleksiyalarına həsr etməyə başladılar.

Fontana bacılarının şöhrəti və uğurları getdikcə artırdı. Onların müştəriləri arasında Sofiya Loren, Cina Lollobricida, Liz Teylor, Odri Hepbern kimi kino aktrisalarından əlavə Monako Şahzadəsi QreysBirinci Xanım Jaklin Kennedi də vardı. Bu məşhurlar üçün hazırlanan geyimlərin çoxu indi “ikonika” hesab edilir və bu gün dünyanın ən böyük muzeyləri, məsələn Nyu Yorkdakı Metropolitan, Quqqenhaym və Parisdəki Luvr muzeylərində nümayiş olunur.

1994-cü ildə Mikol Fontana, bu gün “Atelier Fontana” moda evindən qalan paltarlar, naxışlar, aksesuarlar, eskiz şəkillər, kitablardan ibarət mirası qoruyan və peşə məktəbləri üçün seminarlar, təlim kursları, bələdçi turlar təşkil edən Mikol Fontana Fondunu təsis etdi.

Bacılar bu gün artıq yaşamasalar da, onların qoyduqları miras həqiqətən misilsizdir. Onlar, yüksək səviyyəli italyan sənətkarlığını, İtaliyanın dərzilik və tikiş ənənələrini, dünənin və bu günün qadınlarını hələ də heyran qoymaqda davam edən bütün italyan keyfiyyətlərini hər kəsə tanıdan, Made in İtaly və İtalyan modasının xaricdəki ilk nümayəndələridir. Dərzi bacıların böyük məharəti və ustalığı bu gün də gəlinlik libaslarında, Micolboutique, Tricot Line və aksesuarlarda özünü göstərməyə davam edir.

www.sorellefontana.com

www.micolfontana.it

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova