Yer üzündə elə yerlər var ki, sizi ayaq saxlamağa məcbur edir. Çünki hansı perspektivdən baxmanızdan asılı olaraq, siz ya yolun sonuna gəlmisiniz, ya da yeni yola rəvan olursunuz. Dünyada hər şeyin başladığı və bitdiyi yerlər var... yerin ucqar nöqtələri, sərhədləri, ecazkar və sirli məkanları kimi.


İki dənizə, İon və Tirren dənizlərinə baxan Kalabriya, gözəl İtaliyamızın ucqar cənub ulduzudur. Qiymətli təbiətini və iki incini qısqanclıqla qoruyan, ram olunmayan, keçilməz torpaqlar: bu incilərdən biri, zamanın ustalıqla ucaltdığı nəhəng qayaların ağ çimərlikərlə qucaqlaşaraq baş vurduğu mavi dəniz, digəri isə, çayların, göllərin, əzəmətli qayaların zirvəsindən axan şəlalələrin sinəsini yarıb keçdiyi yamyaşıl xiyabanlardır.


Calabria, the southern star

Bu möcüzələr xəzinəsində hələ də möhtəşəm tarixin izlərinə, çiçəklənən mədəniyyətlərin və  şanlı imperiyaların sonsuz ardıcıllığına rast gəlmək olar: yunanlardan romalılara, bizanslılardan normanlara kimi. Kalabriyada şimaldan cənuba, qərbdən şərqə doğru irəliləyərkən siz amfiteatrlar, məbədlər, forumlar, hamamlar, qalalar... həmçinin, tarix həvəskarları üçün əsl cənnət məkanlarla qarşılaşacaqsınız.

Campo Colonna & Locri Epizefiri

Lakin bu bölgə həm də keşməkeşli tarixə malikdir. Bir zamanlar dənizdən gələn işğalçı qoşunlar müdafiəsiz əhalini ələ keçirərək, onların mal-dövlətini talayır, insanlara basqın edirdilər. Sahilləri tərk etməyə məcbur olan sakinlər isə, daha təhlükəsiz yerlərə köçürdülər. Beləliklə, təpələrin zirvələrində, mürəkkəb dağ sistemləri arasında hökmranlıq edən, görünüşü ilə hər bir qonağı heyrətə gətirən qala-şəhərlər meydana gələrmiş.

Dar dolanbac küçələr, vəhşi təbiətlə əhatə olunmuş bir-birinə yaxın daş evlər, Kalabriya kəndləri "İtaliyanın Kiçik İrsi" adlandırılan nadir incilərdəndir. Bu şəhərlərin bir çoxunun əbədi tərk edilməsinə baxmayaraq, hələ də mövcudluğunu qoruyub saxlayan kəndlər antropologiya və folklor baxımından qiymətli kitablardır. Tədricən sayı azalan burada yaşayan İtaliya sakinləri, öz əcdadlarının dilinə, adət-ənənələrinə sadiq qalmışdır. Buna bariz nümunə olaraq, ecazkar Qrekanika bölgəsində yerləşən və yaşlı nəslin hələ də qədim yunan və Kalabriya dialektinin vəhdətindən yaranan grika dilində danışmasını misal gətirmək olar.


Əgər siz büllur kimi təmiz sulara dalmaq, sıldırımlı zirvələrə qalxmaq, arxeoloji möcüzələri kəşf etmək və ya mənzərəli kəndlərdə gəzib-dolaşmaq istəyirsinizsə, Kalabriyaya səyahət sizi heç vaxt məyus etməyəcək... amma unutmayın ki, hər məkanın gerçək gözəlliyinin sirri onun yerli əhalisidir ... odur ki, kalabriyalılarla siz özünüzü lap evinizdəki kimi hiss edəcəksiniz!!!

Müəllif: Paola Casagrande
Tərcümə: Kəmalə Əliyeva

29 May 2020