Latsio, İtaliyanın ürəyi

Latsio, İtaliyanın ürəyi

İtaliyanın ürəyi, Tirren dənizi və Appenin dağları arasında yerləşən Latsioda döyünür: məhz burada İtaliyanın paytaxtı və dövlətin idarəetmə mərkəzi, şanlı tarixi və bugünkü qaynar həyatı ilə seçilən Roma şəhəri yerləşir. Lakin Latsio yalnız Romadan ibarət deyil, bizi bu regionda kəşf ediləsi çox çey gözləyir...

Bir zamanlar Roma əfsanəvi “caput mundi”, bütün Aralıq dənizi boyunca uzanan və Yaxın Şərqə kimi müasir Avropa qitəsinin böyük hissəsini əhatə edən nəhəng bir imperiyanın paytaxtı idi. Qüdrətli hakimiyyət mərkəzi olan bu şəhər Roma mədəniyyətinin və həyat tərzinin cəmləşdiyi məkan idi.

Impero Romano alla massima espansione & le antiche vie consolari 

Qədim konsulluq yolları
Romadan başlayırdı, bu yollar bütün imperiya əyalətlərinə çatmağa imkan verən çox vacib rabitə vasitəsi idi. Flaminiya yolu Riminiyə kimi, Salaria yolu ilə bütün Apennin dağlarını keçərək San Benedetto del Trontoya, Appia yolu ilə Brindiziyə qədər uzanan bu yollarda  Qədim Romanın izləri hələ də aydın görünür...Bütün yollar Romaya aparır deyimi heç də təsadüfən yaranmamışdır! Bu gün də əsrlərdən bəri bizə miras qalan bu yollardan istifadə olunur.

Bütün şəhər ərazisində tapılan arxeoloji qazıntılar sayəsində Əbədi şəhər hər gün öz keçmişini yenidən yaşayır: Kolizey, İmperiya Forumları, Roma Forumu, villalar və digər abidələr buna bariz nümunədir. Roma açıq səma altında əsl muzeydir və bu gün bu şəhəri gəzməklə bir göz qırpımında keçmişə baş vurmaq  yalnız kitablardan öyrəndiyimiz qədim dünyaya səyahət etmiş oluruq.


Bu gün Roma piştaxtalar, tarixi və dəbdəbəli dükanlar, restoranlarla dolu küçə və meydanlardakı qaynar həyatı ilə xüsusi seçilir. Öz hissiyyatınıza güvənərək şəhərin tarixi mərkəzindəki küçələrdə dolaşın, kimsəsiz küçələrə yol alın: bəlkə elə o küçədə heç görmədiyiniz bir güşə, dar yollarda gizlənmiş bir kilsə, tarixi bina ilə rastlaşacaqsınız... və başınızı qaldırıb səmaya baxmağı isə unutmayın. Romanın kəşfi bitib tükənmir və bu şəhərdə özünü tapmaq üçün öncə özünü itirmək şərtdir!

Lakin əgər Roma İtaliya, dünya mədəniyyəti və irsi üçün mühüm mərkəz hesab olunursa, Latsio regionu da öz növbəsində saysız-hesabsız sürprizlərlə hər kəsi heyran edir. Region yalnız şəhərləri, kənd və qəsəbələri, arxeoloji məkanları və qəsrləri ilə deyil, ecazkar təbiəti ilə də öyünə bilər. Tirren dənizi sahilindəki çimərliklər, təbii parklar, çaylar, Bolsena və Braççano kimi füsunkar göllər, təpələr və dağlar regiona səyahəti unudulmaz xatirəyə çevirir.


Latsio, İtaliyanın ürəyi

İtaliyanın ürəyi minillərdir ki, döyünür və inanırırq ki, bu tarix əbədi yaşayacaq!

Müəllif: Rita Pistore
Tərcümə: Gülnar Məlikova

03 Avqust 2020