Maccore Məbədindən Marçello Teatrına: Roma şəhəri və yəhudi-Roma mətbəxi

Maccore Məbədindən Marçello Teatrına: Roma şəhəri və yəhudi-Roma mətbəxi

Roma hələ ta qədimdən zamana meydan oxuyan şəhər olmuşdur. Paytaxt şəhərin dar və dolanbac küçələrində fərqli mədəniyyətlərin tarix boyunca buraxdığı çoxsaylı izlər aydın görünür.


Romanın ən valehedici guşələri arasında Avropanın ən qədimlərindən biri olan yəhudi gettosunun valehedici gözəlliyini unutmaq olmaz. 1555-ci ildə Roma papası IV Paolo Karafanın möhürü ilə Sant’Ancelo rayonunda əsası qoyulmuş getto 1870-ci ildə qala divarlarının sökülməsinə kimi toxunulmaz qalmışdır. İllər ərzində həmin əraziyə edilən çoxsaylı dəyişikliklərə rəğmən bu məhəllənin atmosferi və ətri bu gün də gettonun dar küçələrindəki möhkəm mədəni ənənələrlə birgə qorunub saxlanılmışdır.

Ghetto Ebraico

Ancaq Roma mədəniyyəti və yəhudi mədəniyyətinin bir-birinə qarışma və qarşılıqlı təsir tərzi insanın diqqətini dərhal özünə çəkir; keçmişdə bir-birinə əks və tamamilə fərqli olan bu dünyalar, qərinələr və əsrlər ərzində yeni məkanda  birgə yaşama bacarığı qazanmışlar. Beləliklə, bir-birindən azacıq aralı, bir tərəfdə Roma yəhudi icmasının ibadət mərkəzi və Maccore Məbədi kimi tanınan valehedici Sinaqoq, digər tərəfdə isə inşasına Yuli Sezarın istəyi ilə başlanılmış və Avqustun dövründə tam icra edilmiş Marçello Teatrı, Qədim Roma mədəniyyətinə və mötədil Romaya açılan ecazkar mənzərədir.

Tempio Maggiore

Maccore məbədi yalnız ibadətgah yeri kimi deyil, həmçinin Roma şəhərindəki yəhudi icmasının keçmişinə dair sadiq nümunədir. Həqiqətən də, qədim getto ərazisində yerləşən məbəd görüntü olaraq hər tərəfdən aydın görünür və əsrlərlə sürən təcrid dövründən sonra yeni bir eranın başlanğıcından xəbər verir. Digər tərəfdən Marçello Teatrı fasadının mütəvaziliyinə görə memarlıq nöqteyi nəzərindən ilham mənbəyi olmuş və sonradan məşhur Roma amfiteatrına oxşadığı üçün Balaca Kolizey adlandırılmışdır. Beləliklə hər iki tikili Qədim Romanın keçmişi və yəhudi icmasının dünyəvi tarixi arasında körpü rolunu oynayır.

Teatro Marcello

Bununla belə, rəsmi olaraq bu iki özünəməxsus mədəni müstəvini birləşdirən məqam, yəhudi gettolarının qastronomik ənənənələri və Roma mətbəxinin əlahiddə mükəmməlliyinin vəhdətindən yaranan yəhudi-Roma mətbəxidir. Roma şəhərinə məxsus yeməklərə yəhudi icması bəzən dəyişikliklər də etmişdir, məsələn, karbonara makaronunun hazırlanmasında donuz əti istifadəsi qadağan olduğu üçün bir çox restoran qaz ətindən istifadə etməyi üstün tutur. Yəhudi-Roma mətbəxinin məşhur bir yeməyi kimi, həmin icmanın ən qədim və ən tanınmış təamı olan yəhudi üsulu ənginarı xatırlamaq olar. Adı çəkilən təam və bişirilmə sürətinə üçün bu reseptə ən uyğun olan Latsio regionuna xas bənzərsiz "mammole" ənginarı ilə hazırlanır. Məhəlləyə baş çəkməklə dada biləcəyiniz başqa bir yəhudi yeməyi kilkə və kahıdan ibarət zapekanka paytaxt mətbəx ənənələrinə hopmuş və çox vaxt elə misilsiz Roma kulinariyasının özəlliyi hesab edilir. Kilkə balığı və dadı azacıq acıtəhər olan kahıdan ibarət bu təam yüngül qəlyanaltı hesab olunur. Məhəllənin ən məşhur restoranlarından 80-ci illərdə ilk Kosher olmuş “BaGhetto”,  özəl yeməkləri arasında yəhudi üsulu ənginarı ilə məşhur olan  “Giggetto al Portico d’Ottavia” və nəhayət yəhudi və Roma mətbəxinin görüş yeri olan xoş ab-havası ilə seçilən “Sora Margherita” lokantasını nümunə gətirə bilərik.

Carciofo alla Giudia

Əlavə olaraq seçim üçün bir çox başqa restoranlar da var və bu restoranların hər biri əsrlər boyu paytaxtın mətbəx ənənələrinin özünəməxsus çalarlarını qoruyub saxlamışdır. Beləliklə, indi isə bizə yalnız məhəllənin küçələrində gəzib dolaşmaq və unudulmaz dadlar dünyasına baş vurmaq qalır.

Müəllif: Agnese Coco
Tərcümə: Gülnar Məlikova

07 Avqust 2020