Möhtəşəm gözəllikdə Roma: Oskarlıq səciyyəvi məkanlar

Möhtəşəm gözəllikdə Roma: Oskarlıq səciyyəvi məkanlar

Möhtəşəm Gözəllik, rejissor Paolo Sorrentino tərəfindən 2014-cü ildə ən yaxşı əcnəbi film nominasiyasında Oskar mükafatına layiq görülmüş ekran əsəridir. Filmdə hadisələr qədimdən bəri gözəlliklər məskəni sayılan Romada cərəyan edir: saraylar, abidələr, memarlıq nümunələri, mənzərələr, dalanlar ... Gəlin birlikdə bu filmdəki səciyyəvi məkanları tapaq!

Möhtəşəm Gözəllik filmindəki qəhrəmanların yaşadığı hadisələrin fonundakı şəhərin səciyyəvi və cazibədar məkanlarını, artıq Romada mütləq görməli yerlər siyahısına əlavə etməli olacaqsınız. Romanın hər addımı incəsənət nümunələri ilə zəngindir və onların gözəlliyi əbədidir.

Film Romanın ən heyrətamiz mənzərələrindən birinin açıldığı Canikolo təpəsindəki səhnə ilə başlayır. Bir qrup turist ecazkar Acqua Paola fəvvarəsinin qarşısında dayanır. Qəfil turistlərdən biri yerə yıxılır və ölür: Romanın gözəlliyinin ilk təzahürü də elə budur. Sorrentino özü demişkən, bu təsir o qədər güclüdür ki, ona uzun-uzadı baxsan səni öldürə bilər. Bənzər başlanğıc Romanın bu hekayədə nə qədər mühüm rol oynadığını əks etdirir.
 

La Grande Bellezza (2013) - Opening scene

Filmin baş qəhrəmanı Jep Qambardella, eyvanı Romanın əsrarəngiz rəmzi olan Kolizeyə açılan terraslı bir mənzildə yaşayır. Bir səhnədə o, növbəti əyləncə gecəsindən sonra Tibr sahili boyunca gəzişərək, möhtəşəm Akuedotti parkında bir teatr tamaşasına qatılır.


Lungo Tevere & Parco degli Acquedotti

Filmdə əksər səhnələr gecələr cərəyan edir: Berninin dörd çay fəvvarəsi ilə baş-başa qalan tənha Navona meydanı, Jepin gizli hiyləyə əl ataraq zürafəni yoxa cıxarmağa çalışan bir sehrbazla qarşılaşdığı Karakalla hamamları!

Piazza Navona & Terme di Caracalla

Bir gecə Jep və digər qəhərmanlar Malta Cəngavərlərinin Priorat İqamətgahını ziyarət edirlər. İqamətgahın qapısının açar dəliyindən baxarkən, Müqəddəs Pyotr kilsəsinin günbəzinin mükəmməl görünüşünə heyran olmamaq mümkün deyil.

Villa del Priorato dei Cavalieri di Malta

Gecə gəzintisi gözəl heykəllər və rəsm əsərləri olan Barberini sarayı ilə davam edir. Bu epizod Rafaelin Fornarina (Gənc qadının portreti) əsərinin üzərində dayanaraq, Spada sarayında bitir: burada biz, Borrominin çəkdiyi aldadıcı perspektiv təsvirdə, getdikcə qısalan sütunlar və yüksələn döşəmə görüntüsü sayəsində 8 metrlik qalereyanı 37 metrədək vizual uzadan bir əsəri görürük.

Palazzo Spada & Palazzo Barberini

Bir filmin səhnələrinin çəkildiyi yerlərdə özünüzü tapmaq həqiqətən özəl bir hissdir: bu hislər sizi o mənzərələri, o dialoqları, personajların keçirdiyi duyğuları yaşamağa sövq edir. Bir də ki, əgər mövzu dünyanın  ən cazibədar şəhərlərindən biri olan Romadırsa, duyğular cuşa gəlir: elə bu özü də möhtəşəm gözəllikdir!

Müəllif: Rita Pistore
Tərcümə: Kəmalə Əliyeva

12 Avqust 2020