1972-ci ilin yay günlərindən biri idi, Kalabriya sahillərində Riaçe Marinanın Fortikkio Limanı yaxınlığında bir dalğıc İon dənizinin sularının dərinliklərinə baş vururdu. Qəfildən o, dənizin dibində qaralan qəribə bir şey sezdi.... Ağlına da gəlməzdi ki, o, tarixdə görünməyən bir kəşfin astanasındadır!

Riaçe şəhərinin iki Tunc heykəlinin ağlasılmaz hekayəsi belə başlayır. Üzərindən uzun illər keçsə də, onlara maraq azalmamış, əksinə heykəllərin mənşəyi və tapılması ilə bağlı sirlər onları daha da cəlbedici etmişdir. Bir neçə il öncə başa çatan uzun müddətli bərpa işlərindən sonra, yalnız bu gün bu heyrətamiz heykəllər barəsində nə isə bildiyimizi deyə bilərik.

Bronzi di Riace

Riaçe Tuncları e.ə V əsrin ortalarına aiddir və çox güman ki Peloponnesdə,  (Peloponez) Arqos şəhərində hazırlanmışdır. İki heykəl arasındakı bənzərlik və sənətkarlıq üslubu onların eyni sənətkar tərəfindən hazırlandığını deməyə əsas verir. “A” nişanəli (işarəli) və“gənc” adı verilən birinci heykəl yunan əsgəri, hoplitdir, “B” nişanəli heykəl isə “qoca” kimi tanınır və sərkərdəni təcəssüm etdirir. Onların duruşundan məlum olur ki, əslində əllərində ox və qalxan, başlarında isə dəbilqə var imiş.

Lap əvvəldən ortaya çıxan bir sual var: bu heykəllər İon dənizinin dibində nə gəzirdi? Ən geniş yayılmış fərziyyəyə əsasən, bu heykəllər onları daşıyan gəmi ilə bərabər leysana düşərək suya qərq olmuşlar. Digər bir fərziyyəyə əsasən isə, heykəllər dənizdəki fırtına zamanı gəminin yükünü yüngülləşdirmək məqsədi ilə qəsdən suya atılmışdır. Onların daşınma zamanı dənizə düşməsi ehtimalını təsdiqləyən faktlardan biri də, səyahət boyunca heykəlləri qorumaq məqsədi ilə istifadə olunan keramika qalıqlarının tapılması olmuşdur.

Heykəllərin arxasında gizlənən sirrlər onlara daha da ecazkar ruh qatır. Bizə məlum olan bir şey var: Kalabriyanın və onun yunan mədəniyyəti ilə bağlılığının ən bariz nümunəsinə, simvoluna çevrilmiş bu şah əsərlərin gözəlliyi və əzəməti qarşısında laqeyd qalmaq qeyri-mümkündür.

Kalabriya xüsusi ilə özünün Böyük Yunanıstanla bağlı qədim tarixi ilə seçilir. E.ə. VIII və VII əsrlərdə yunanlar İtaliyanın Cənubunu öz müstəmləkəsinə çevirmiş və bu zəngin irs regionun mədəniyyətində silinməz izlər buraxmışdır. Kalabriyada yunan mədəniyyətinin izlərini aşkar etmək üçün Böyük Yunanıstan irsinin ən böyük xəzinələrindən biri olan Reccio Kalabriyanın Milli Arxeologiya Muzeyini ziyarət etmək kifayətdir. Muzeydə Riaçe Tunc heykəllərindən savayı, məhz Kalabriya ərazisində aşkar edilmiş və Erkən dövrlərdən tutmuş Qədim Roma İmperiyasının son dövrlərinə aid maddi mədəniyyət nümunələrindən ibarət kolleksiya  ilə tanış ola bilərsiniz.

Museo Archeologico Nazionale di Reggio Calabria

ütün dünyadan gəlmiş ziyarətçilər bu fövqüzaman əsərlərin gözəlliyindən zövq almaq məqsədi ilə həmin muzeyə can atırlar. Bəs siz nəyi gözləyirsiniz?
Növbəti səfəri Kalabariyaya planlamağın zamanı gəlib çatmışdır!

Reccio Kalabriya Arxeologiya Muzeyi www.museoarcheologicoreggiocalabria.it/

Müəllif: Rita Pastore
Tərcümə: Gülnar Məlikova

31 May 2020