Nə qədər səyahət etsək də, lap uzaqlara çıxıb getsək də hər birimizin əbədi olaraq aid olduğumuz və qəlbimizdə hər zaman xüsusi yer tutan məkanlar var. Dünyaca ən məşhur italyan rejissoru olan Federiko Fellininin də öz doğma şəhərinə xüsusi bağlılığı var idi və bu bağlılıq Fellini filmlərinin xarakterik elementinə çevrilərək, hadisələrin cərəyan etdiyi real və xəyali məkanların ilham mənbəyini təşkil edirdi.


Federiko Fellini 1920-ci ildə Riminidə doğulmuş və öz uşaqlığını burada keçirmişdir. Rejissor 1939-cu ildə Romaya köçənə qədər gənclik çağlarını da elə öz doğma şəhərində yaşamışdır. Öncə ssenarist, daha sonra isə rejissor kimi karyerasının ilk addımlarını da burada atan Fellini yalnız kino tarixinin deyil, ümumilikdə italyan mədəniyyətinin ayrılmaz parçasını təşkil edən ölməz kinematoqrafiya inciləri ərsəyə gətirmişdir.

Federico Fellini

Rejissorun Yol (1954), Kabiriya gecələri (1957), 8 ½ (1963) və Amarkord (1973) filmləri ən yaxşı əcnəbi film nominasiyasında Oskar mükafatı qazanmışdır. Marçello Mastroianninin rejissorun alter eqosunu canlandırdığı və cazibədar Anita Ekberqin də rol aldığı Şirin həyat (1960) filmini xüsusilə xatırlamaq yerinə düşər: Silviya adlı qəhrəmanın öz uzun qara donu ilə Trevi Fontanına daxil olması səhnəsi bütün dövrlərin kino tarixinin səciyyəvi kadrlarından biri hesab edilir.


Fellini Riminidə 19 il yaşamış və Romanya regionunun bu sahil şəhəri ustadın xatirəsində öz xüsusi yerini qoruyub saxlamışdır. Rejissor öz filmlərinin əksəriyyətini məhz Riminidə, gerçək lakin xatirələrdən, xəyallardan boylanan məkanlarda səhnələşdirir. Fellini əslində heç vaxt çəkilişləri həmin şəhərdə aparmamış, yalnız və yalnız Romadakı Çineçittanın studiyalarında çalışmışdır.

Dahi rejissorun ən dəyərli və avtobioqrafik filmlərindən biri olan Amarcord filmi də Fellininin xatirələrində canlanan Rimini şəhərinə istinad edir. Amarcord kəlməsi Romanya dialektində “io mi ricordo” (“mən xatırlayıram”) ifadəsindən yaranmışdır və bu gün keçmişi xiffətlə xatırlamaq mənasını verir.

Riminiyə səfər etmək özünü Fellini filmlərinin bəhs etdiyi məkanlarda hiss etməkdir. Kavur Meydanı, Ferrari Meydanı, gənc Fellininin öz ilk filmini izlədiyi Fulqor kinoteatrı və yaxud rejissorun həmişə bu şəhərə gələndə eyni otağında qaldığı Grand Hotel di Rimini kimi məkanları xatırlamaq kifayətdir. Daha sonra, Amarcord filminin ilk və son səhnəsində yer alan öz mayakı ilə La Palata dalğaqıranı və Şirin həyat filminin son səhnəsinin ilham aldığı çimərliyi qeyd etmək olar. Həmçinin rejissor və dostlarının yaşadığı evlər, bir sözlə Rimininin hər bir güşəsi filmdə cərəyan edən hadisələrin ekranlaşdırılması üçün ideal məkana çevrilmişdir.



Rimini şəhəri də öz növbəsində 1993-cü ildə karyerasına görə Oskara layiq görülmüş  böyük rejissora öz ehtiram hissini bəyan etmişdir. Dəniz kənarındakı küçələrə film adları verilmiş, San Culiano qəsəbəsindəki binaların divarlarında isə film personajları və unudulmaz kadrlardan ibarət reproduksiyalar əks olunmuşdur.

Rimini şəhərinin təqdim etdiyi kino-marşrut vasitəsilə sadaladığımız məkanları kəşf etməklə Fellini filmlərinin ruhunu hiss edə bilərsiniz. Kinematoqrafiya nəhənginin anadan olmasının yüzilliyi münasibəti ilə 2020 və 2021-ci illərdə istər İtaliyada, istərsə də bütün dünyada mədəni tədbirlər, sərgilər, konsertlər və konfransların təşkili nəzərdə tutulub.

Rimini həqiqətən də Fellininin şəhəridir və bu gün ustad həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Rimini şəhər qəbristanlığında uyuyur. Sonda Fellini əbədi olaraq öz şəhərinə geri dönmüşdür.

Federiko Fellini barədə ətraflı məlumat almaq üçün
http://archivio.federicofellini.it/
Felliniyə ithaf olunmuş Rimini şəhərinə kino-marşrutunuzu təşkil etmək üçün
https://www.riminiturismo.it/itinerari
Rejissorun yüzillik yubileyi ilə əlaqədar bütün tədbirlər barədə öyrənmək üçün
https://fellini100.beniculturali.it/

Müəllif: Rita Pastore
Tərcümə: Gülnar Məlikova 

02 Iyul 2020