Əsrlər boyu Roma təkcə tarix qoxan bir çox abidələri və maraqlı məkanlarına görə deyil, həm də paytaxt olaraq daşıdığı əhəmiyyətə görə italyan mədəniyyətinin mərkəzi olmuşdur. İctimai rəyə əsasən, italyan moda ehtişamının mərkəzi Milan şəhəri hesab olunsa da, əslində italyan stilistləri üçün ildən-ilə getdikcə rezonans mərkəzinə çevrilərək yüksək moda dünyasında silinməz iz buraxan Əbədi şəhər, Roma olmuşdur. Bir çox məşhur moda evləri burada, məhz paytaxt küçələrində ucalır və bu stilistlər əslən Caput Mundi adlandırılan Romadan olmasalar da, şəxsi biznes və sənətlərini bu şəhərdə yaratmaq imkanını dəyərləndirməyi bacarıblar.

 

Dünyanın ən məşhur moda evləri arasında 1957-ci ildə təsis edilərək bütün dünyada italyan zərifliyi və yaradıcılığının vacib simvolu olaraq tanınan Valentinonu qeyd etməmək olmaz. Valentinonun ən böyük butiklərindən biri, paytaxtın mərkəzində, tarixi Trevi Fəvvarəsi ilə məşhur Popolo meydanı arasındakı İspan meydanında yerləşir. Ənənə ilə yeniliyin uğurlu vəhdəti sayəsində klassik butik anlayışına yeni nəfəs gətirən bu seçmə mağaza klassik showroom konseptindən bir qədər fərqlənir. Mağazadan bir neçə metr aralıda, Kondotti küçəsində, Valentino Qaravani adlı gənc stilistin 1959-cu ildə burada ilk atelyesini yaratdığını düşünəndə, butik üçün İspan meydanının seçilməsi heç də təsadüfə bənzəmir.  

Valentino kolleksiyaları

Kondotti küçəsi ilə irəlilədikdə digər böyük moda evinə, tarixi Battistoni markasına rast gəlmək mümkündür. 1946-cı ildə Roma qərargahının açıldığı ildə təsis edimiş bu marka, əsl mərkəzi Roma olan italyansayağı Dolce Vitanın şəksiz qəhrəmanıdır. Hazırda bu beynəlxalq moda evi parçaların keyfiyyəti, detalların dəqiqliyi və yaradılan geyimlərə verilən incə zəriflik ilə xarakterizə olunur. Bu məqamda yadımıza  “Bacarıqlı Mr.Ripley” filmində Cudi Launun Met Deymona söylədiyi kəlmələr düşür: “ Romada olanda sənə əntiqə bir yerdən pencək alacam: Battistonidən”

Battistoni

Adı sonda çəkilsə də, əhəmiyyətli və məşhur moda evi Fendinin də bünövrəsi paytaxtda qoyulub. Faktiki olaraq bu marka, 1925-ci ildə Romada Edoardo Fendi və Adele Casagrande tərəfindən təsis edilmişdir. Kondotti küçəsi ilə düşəndə Korso küçəsinin kəsişməsində, arxası İspan meydanına dayanaraq Romanın məşhur dükanlarından birini görürük. Fendinin binası yalnız içərisində olan kolleksiyalar sayəsində deyil, həm də memarlıq cəhətdən binasının zərifliyinə görə bu mənzərədə öz gözəlliyi ilə seçilir.

Fendi kolleksiyaları

Əlbəttə ki  gözəl zövqə və təbəqələrə görə Əbədi şəhərin bir çox qəhrəmanları, yəni sadalanası çoxsaylı moda evləri var. Lakin illərdir Romanın italyan modasında oynadığı rol misilsizdir.  Dolce Vitanın tarixi mərkəzi, kino aləminin əvəzolunmaz ulduzu, İtaliyanın paytaxtı olan bu şəhər ona ani nəzər salanları belə heyrətləndirməkdən usanmır.

Müəllif: Agnese Coco
Tərcümə: Kəmalə Əliyeva

24 Avqust 2020