“Sahildən sahilə Kalabriya”, İtaliyanın ən gözəl çimərliklərinin kəşfi

“Sahildən sahilə Kalabriya”, İtaliyanın ən gözəl çimərliklərinin kəşfi

İtaliyanın ən gözəl çimərliklərinin yerləşdiyi Kalabriyada, Tirren və İon dənizlərinin əhatə etdiyi 780 km boyunca uzanan sahillərdə...hər zövqə uyğun nəsə tapmaq olar: ağ narın qumlu çimərlikdən tutmuş, qırmızı və boz çalarlısı, dənizə baxan dik qayalığa qədər. Sehrə düşməyə hazır olun!


Kalabriya sahillərinin ən gözəl çimərlikləri Tirren sahilində Praia a Mare və Pitso Kalabro ilə başlayıb, heyrətamiz Tropea çimərliyi, Eoliye və Stromboli adalarının bu tayında Tirren dənizi boyunca uzanan Kapo Vatikano çimərliyi və çəkmənin ən ucqar nöqtəsində (Recco Kalabriya vilayətində), Messina boğazı qarşısındakı Viola sahilindəki çimərliklərlə davam edir.

Kalabriyanın Tirren sahili, regionun şimal bölgəsinin ən turistik hissəsidir. Çimərliklərin Praia a Maredən Pitso Kalabroya uzanan hissəsi çınqıllıdır. Səliqəli iaşə obyektləri sayəsində bura çox "populyar" bir zona hesab olunur. Praia a Maredən Paolaya gedən sahil xətti isə, Sidr sahili kimi tanınır. Çınqıla qarışan boz qumlu sahillərini büllur suların yuduğu Praia a Mare çimərliyi çox genişdir. Böyük və qızılı çalarlı, Sidr sahilinin mərkəzində yerləşən Brilliant çimərliyi də vazkeçilməz çimərliklər sırasındadır: yolunuz buradan düşsə, sidr likörünü dadmağı unutmayın.  

Praia a Mare & Pizzo Calabro

Yox əgər məhrəm və vəhşi bir təbiət  arzusundasınızsa, o zaman Çirella adlanan kiçik əhəngdaşı adası dadınıza çatacaq: siz bura çimərlikdən və ya Brilliant sahilindən rahatlıqla vara bilərsiniz. Adada südləyən bitkisini və limon bağlarını seyr etmək, mağara, yarğan axtarışlarına cəhd etmək və ya Çirella əhalisinin türk hücumlarından qorunmaq üçün 156-ci ildə inşa etdiyi istehkamın qalıqlarına tamaşa etmək mümkündür.

Pitso Kalabrodan cənubda, qumu kuskus dənələrini xatırladan kiçik ağ dənəciklərdən ibarət olan Tropea çimərliyi yerləşir.

Tropea

Əgər izdihamlı yerlər sizi cəlb etmirsə, narahat olmayın: San Leonardo qayasının arxasında gizlənən kiçik və gözdən iraq Kannone çimərliyi sizi gözləyir... amma siz heç kəsi bu sirdən agah etməyin!

Cənuba gedərək Kapo Vatikanonun (Vibo Valentia əyalətində) ətəyində yerləşən sahilə rast gəlirik. Kalabriyanın Tirren dəniz sahilindəki məşhur məkanlardan biri olan Kapo Vatikano, ağ sahilləri və nəhəng bir qranit qayanın şəffaf mavi sularına "düşdüyü" ecazkar  dənizi ilə qürur duyur... bu, səxavətli Aralıq dənizi təbiətinin bizə bəxş etdiyi sənət əsərlərindən biridir.

Capo Vaticano

Cənuba doğru irəlilədikcə, Recco Kalabriya bölgəsində, Viola sahilləri və Kalabriyanın gözəl çimərlikləri ilə öyünən Kianaleya di Şilla və Palmi kəndlərini görmək olar. Su Pəriləri çimərliyi kimi tanınan, Marina Qrande di Şilla çimərliyi çox uzundur və Ruffo qəsri ilə Punta Paçi qayalıqlarının arasında yerləşir. Həmişə izdihamlı olan bu çimərlik, qayalığın ayırdığı iki böyük daşlı çimərlikdən ibarətdir.

Scilla

İon sahillərinə
gəldikdə isə, ən populyar turizm bölgəsi, Skuillaçe Körfəzi boyunca uzanan, dayaz suları və ağ qranit qayalıqları ilə səciyyələnən Portağal sahilidir. Portağal sahillərinin ən məşhur çimərlikləri isə, Kaminiya və Soveratodur. Yüksəkliyə dırmanma və suya dalma ilə çox  məşhur olan Pietraqrande çimərliyi də qayalığın yaxınlığında yerləşir.

Bir qədər cənuba hərəkət etdikcə, Riaçe və Lokri arasında yerləşən, səciyyəvi Aralıq dənizi ruhunu ehtiva edən çılpaq sahillərə rast gəlmək olar: bura, bir zamanlar Fransadə ətir istehsalı üçün ixrac edilən yasəmən çiçəklərinin yetişdirildiyi Yasəmənlər sahilidir. Bu gün ticarəti dayandırılmasına baxmayaraq, bu ətirli gullərin çiçəkləməsi ecazkar mənzərədir.

Palitsi Marina və Roççella Yonika çimərlikləri isə, çox məşhur olmasalar belə, inanılmaz gözəlliyə sahibdir.

Başqa nə demək olar? Sözsüz ki, seçimdən boluq! Aralıq dənizinin ən gözəl incilərindən biri Kalabriya, sizin də qəlblərinizin bir guşəsini fəth edəcək!

Müəllif: Federica Ballestrin
Tərcümə: Kəmalə Əliyeva

02 Iyun 2020