Versace, Kalabriyadan dünyaya

Versace, Kalabriyadan dünyaya

Kalabriya, vəhşi təbiət, al-qırmızı qürub çağı, özünəməxsus dadlar və çılğın emosiyaların vətəni.
Yalnız bu yerləri ziyarət etmiş şanslı insanlar, bu ecazkar torpağın dünyaya bəxş etdiyi saysız-hesabsız gözəlliklərin əsl ilham mənbəyi olduğunu başa düşə bilər!

 

Bu torpaq yalnız nəfəs kəsən mənzərələr diyarı olmaqla yanaşı, öz kreativ dühası ilə tarixə keçmiş məşhur italyan stilistlərindən birinin də vətəni olmuşdur: italyan dəbinin ikonası, milli qürur mənbəyi Canni Versaçe. Bəli, Canni Versaçe Kalabriyalıdır, əminliklə deyə bilərik ki, uğura gedən yolda onu daima doğma torpağın gözəlliyi müşayiət etmişdir!

Gianni & Donatella Versace

“Ulduz sisteminin” ətrafında dövr edən hər kəs, modellər, məşhur aktyor və aktrisalar, tanınmış şəxslər, eləcə də milyonlarla insan Versaçedən geyinməyi sevir. 1978-ci ildə Canninin ideyası ilə yaranan, təsisçinin vaxtsız ölümündən sonra bacısı Donatella tərəfindən idarə olunan Versace, yalnız “status-symbol” göstəricisi deyil, həmçinin bütün dəb camiəsinə hakimlik edən bir imperiyadır!

Bəs bütün bunlar harada başlamışdı? Məhz Reccio Kalabriyada. Daha dəqiq desək, Tommazo Qulli küçəsi 13 ünvanında. Belə ki, Canni ilk addımlarını anasının kiçik atelyesində atmışdır. Dəniz və dağlar, şirin həyat və duzlu dəniz, bir zamanlar Qədim Yunanıstana məxsus torpağın şərq təsirləri, Versaçenin bənzərsiz yaradıcılığında vacib rol oynamış və tükənməz ilham mənbəyinə çevrilmişdir.

Versace's five most iconic collections

Canni Versaçe 1946-cı ildə Reccio Kalabriyada anadan olmuşdur. Cəmi iyirmi altı yaşında  dəb dizayneri kimi çalışmaq və ilk kolleksiyasını yaratmaq məqsədi ilə Milana köçməsinə rəğmən, doğma torpağına olan sevgisini hər zaman öz ürəyində qoruyub saxlamışdır. Versaçenin qədim köklərə, İtaliyanın Cənubuna bağlılığı hər kolleksiyanın əsas tərkib hissəsi olan məşhur ikonik “yunan” motivlərindən aydın görünür. Bu motivlər yunan-roma mədəniyyətinin təsiri altında salınmış şəhərin antik saraylarına xas dekorasiyalar və mozaikalardan ilhamlanaraq yaradılmışdır. Biz hələ Burbon İmperiyasının qoyduğu füsunkar izlərdən danışmırıq: barokko, qızıl, dəbdəbə və zərifliyin son həddi. Bütün bunlar əslində Versaçe markasının əvəzolunmaz xüsusiyyətlərini təşkil edir.

Kalabriya kimi bir torpağın tarixi, incəsənəti və gözəlliyi Canni Versaçe dühasının kreativliyi, təxəyyülü ilə vəhdət təşkil edərsə, uğura çatmamaq olarmı? Canni və bu gün dünya səviyyəli stilist olan bacısı Donatella zərafət içində böyümüşdülər və biz bu keyfiyyəti davamlı olaraq stilistlərin bütün əl işlərində görə bilərik.


Versace Fall Winter 2020 Collection

“Versaçenin qadını” heç də təsadüfən güclü, cazibədar, sensual,  müasir dövrün qladiator qəhrəmanı və ilahə obrazının mükəmməl ahənginə çevrilməmişdir.

Əziz oxucular, dünyanın ən məşhur brendlərindən birinin İtaliyanın ən ucqar nöqtəsində, məhz bu regionda yaranmasına təəccüblənməyin! İndi Canni və Donatella Versaçenin dünyaya göz açdığı yerləri, qoxuları və ləzzətləri kəşf etmək arzusu ilə yeni bir səyahət təşkil etməyiniz üçün tutarlı səbəbiniz var ... və kim bilir, bəlkə siz də öz ilham pərinizi burada tapa biləcəksiniz!

Müəllif: Giulia Clamer
Tərcümə: Gülnar Məlikova

04 Iyun 2020