3000 illik tarixə sahib nişan üzükləri

3000 illik tarixə sahib nişan üzükləri

Birlik və əbədi sevginin simvolu olan nişan üzüyü hamımıza məlumdur, amma bəlkə də çoxları onun hekayəsini bilmir. Zaman keçdikcə müxtəlif mədəniyyətlərdən asılı olaraq nişan üzükləri fərqli mənalar daşımağa başladı. Bu gün bu üzüyün təkamül formalarının keçdiyi yola sizinlə birlikdə qısa nəzər salacağıq.


"Bir-birinə üzük bağışlama" adətinə ilk dəfə 3000 il əvvələ aid qədim Misir papirus rulonlarında, bir Misir fironunun ona olan sevgisinin rəmzi olaraq sevgilisinə üzük hədiyyə etdiyini göstərən yazıda rast gəlinir. Heroqliflərin tərcüməsində üzüyün misirlilər üçün bağlılıq və əbədi sevginin simvolu olduğunu göstərir: çünki dairənin nə bir başlanğıcı, nə bir sonu var və mərkəzdə açılması gələcəyə açılan qapını simvolizə edir.

Qədim Romada isə bəy gəlinə indiki metal nişan üzüklərinin sələfi olan bir dəmir üzük bağışlayırdı. Dözümlü material əslində güc və davamlılığı simvolizə edirdi. Misir romantizminin əksinə olaraq, Romada bəy nigah üzüyündən evlilik müqaviləsini nümayiş etdirmək üçün istifadə edirdi və üzük gələcək gəlinlə evlənə bilmək üçün verilən hədiyyə sayılırdı. Ancaq, onu da demək lazımdır ki, Romanın sərt qaydalarına baxmayaraq, bu üzüklər sol əlin dördüncü barmağına taxılırdı, çünki adsız barmaqdan birbaşa ürəyə gedən damarın olduğu güman edilirdi: la vena amoris, yəni "sevgi damarı".
 
Daha sonra, XVI - XVII əsrlərdə Gimmel (əkiz) adlanan puzzle üzükləri məşhurlaşmağa başladı: iki və ya daha çox bir-birinə keçmiş üzüklərdən ibarət olub bir sancaqla birləşdirilmişdilər ki, tək bir üzük kimi görünsünlər (iki həyatın birləşməsini simvolizə edirdi).
 
XVII əsrdə İngiltərə və Fransada nişan üzükləri əsasən gümüşdən olurdu və üzərində və ya içərisində sevgi, ümid və sədaqət mövzusunda şeir misraları həkk olunurdu. Bu üzüklər poesy üzükləri ("sevgi şeiri" termininə görə) kimi tanınırdı; sonradan qızılın meydana gəlməsi ilə metaldan, daha bahalı və qiymətli daşlardan olan  poesy üzüklər unuduldu.
 
Bir çox mədəniyyətlərdə, ənənəyə görə, nişan üzüyünü yalnız qadınlar taxardılar və bu həmçinin ABŞ-da da İkinci Dünya Müharibəsinədək belə davam edirdi. Müharibə dövründə əsgərlərin çoxu evli olduğunu bildirmək və ailələrindən uzaqda öz həyat yoldaşlarını xatırlamaq üçün nikah üzüklərini taxmağa başladılar.
 
Sadə, qiymətli daşlarla bəzədilmiş və ya mürəkkəb detallarla oyulmuş (Art Decò-dan qalan ənənə)  olmasının bir fərqi yoxdur, nişan üzüyü hər zaman dünyanın ən güclü sədaqət simvollarından biri olaraq qalır. Yüksək səviyyəli İtaliya zərgərlik mağazalarında qədim adət-ənənəyə sadiq qalanlar üçün hər dövrün dəbi olan klassik qızıl üzüklərlərlə yanaşı bütün zövqləri təmin edə bilən nişan üzüklərinin bir çox versiyasını tapa bilərsiniz.

Müəllif: Federica Ballestrin
Tərcümə: Səidə Eyyubova

26 Mart 2020

Sitografia:
 
  • lifehopeandtrue.com
  • ensorings.com
  • theamericanwedding.com