Amalfi sahili, əsl təbiət, tarix və idrak nümunəsi

Amalfi sahili, əsl təbiət, tarix və idrak nümunəsi

YUNESKO tərəfindən "Ecazkar Aralıq dənizi mənzərəsi nümunəsi" olaraq təyin olunan Amalfi sahili, şübhəsiz ki, İtaliyada vazkeçilməz yerlərdən biridir. Dənizə doğru uzanaraq heyrətamiz qayalıqlar yaradan dağlar, büllur təmiz sulara və zümrüd rəngli yaşıl meşələrə boylanan gözəl evlər, sözün əsl mənasında hər bir qonağı mat qoyur!

X əsrdən bəri Amalfi sahilinin kənd ərazilərinin sıx məskunlaşması, bu  torpaqların fərqli təbiətinə baxmayaraq, onu ram etməyi bacaran əhalinin buralara uyğunlaşmasından xəbər verir: teraslı üzüm bağları, maili yamaclarda yerləşən meyvə bağları, geniş dağ otlaqları.

Səyahətimiz gözəl Pozitano şəhərindən başlayır. Amalfi sahilinin vizit kartı hesab olunan Pozitano, dənizə baxan şaftalı rəngli işıq saçan evləri, dik yoxuşları, sarmaşıqlara bürünən agacların arasından şaxələnən pilləkənləri, dəbdəbəli restoranları və trend mağazaları ilə insanı sehirləyir.  Lakin Pozitano özündə həmçinin, Cənubi İtaliyanın şux və özünəməxsus məişət həyatını da cəmləşdirir: tökülmüş divar suvaqları və solmuş boyalar, mətbəx, ünsiyyət və qonaqpərvərliklə müşayiət olunan məişət həyatına şahidlik edir.

Positano

Amalfi sahilinin ən məşhur, uzun gəzinti zolağı olan, Tanrıların Cığırının, vazkeçilməz marşrutlardan biri hesab olunmasının iki başlıca səbəbi var: birinci səbəb odur ki, bu yol başdan-başa möcüzədir; ikincisi isə, əksər Amalfi sahilindəki digər gəzinti zolaqlarından fərqli olaraq, yoxuşların sayı çox deyil. İpucu: Gəzinti Italo Kalvino və DH Laurensin sitatları yazılmış abidə ilə başlayır ... Gəlin sürprizi korlamamaq üçün bütün məlumatları açıb tökməyək!

The Path of the Gods

Sahil boyunca yolumuza davam edərək Amalfiyə varırıq. Günəşli meydanları, kiçik, lakin yığcam çimərliyi olan balaca və ecazkar Amalfi ərazisinin, bir vaxtlar 70.000 əhalisi olan qüdrətli dəniz dövləti olduğunu indi təsəvvür etmək çox çətindir!  Əvvəla, bu həqiqətən də kiçik bir şəhərcikdir (bütün ərazisini piyada iyirmi dəqiqəyə asanlıqla gəzə bilərsiniz!); bundan əlavə diqqətəlayiq tarixi binaları çox az saydadır: 1343-cü ildə baş verən zəlzələ səbəbindən qədim şəhərin böyük bir hissəsi sulara qərq olur! Bütün bunlara baxmayaraq, əsasən Bizans təsiri hiss olunan nəhəng kilsəsi və kiçik kağız muzeyi sayəsində şəhər tarix və mədəniyyət qoxuyur. Sizə darıxmağa imkan verməyəcək Amalfinin mərkəzindən bir neçə kilometr məsafədə yerləşən möhtəşəm Zümrüd MağarasıVilla Çimbrone də ziyarət olunmağa layiq yerlərdir!

Amalfi

Biganə qala bilməyəcəyiniz məkan olan Çetara, məsləhətli mətbəxi olmaqla yanaşı, Orta Əsrlərdən bəri əhəmiyyətli balıqçı qəsəbəsi hesab olunur; onun açıq dənizdə ton balığı ovçularından ibarət flotu Aralıq dənizinin  ən yaxşılarından hesab olunur! Bu gün Cetara sakinləri Roma balıq sousu olan, qarum sousuna bənzər ançous sousunun istehsalını həyata keçirir!

Səyahətimizin son məntəqəsi Avropanın ən şanlı arxeoloji mərkəzlərindən biri olan Pestum şəhəridir. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən Pestum, özündə dünyanın ən yaxşı qorunan üç qədim yunan məbədi, habelə, minillik freskalarla zəngin olan muzey, saxsı qablar və o dövrün məişət sənətkarlıq nümunələrini cəmləşdirir.

Paestum

Əvvəllər Yunan dəniz allahı Poseydonun şərəfinə Poseydonia adlandırılan Pestum, e.ə. VI əsrdə yunan müstəmləkəçiləri tərəfindən salınmış və 273-cü ildə Romalıların nəzarəti altına keçmişdir; lakin Roma imperiyasının süqutundan sonra şəhərin tənəzzülü başlayır. Sarasinlərin amansız yürüşləri və vaxtaşırı malyariya xəstəliyinin yayılması, durmadan sayı azalan əhalini şəhəri tamamilə tərk etməyə məcbur edir.

Pestum öz ziyarətçilərinə, bu böyük yunan şəhərinə məxsus əzəməti və keçmiş həyatın incəliklərini əks etdirən canlı və geniş miqyaslı mənzərəni təqdim edir.

Müəllif: Federica Ballestrin 
Tərcümə: Kəmalə Əliyeva

15 Iyun 2020