Arzulara libas tikmək, və ya Tirelli Atelyesinin şah əsərlərindən yaranmış Xatırlatma Sənəti

Arzulara libas tikmək, və ya Tirelli Atelyesinin şah əsərlərindən yaranmış Xatırlatma Sənəti

Kinonun sehri onun xatırladıcı gücünə bağlıdır. Filmə baxan zaman içimizdə emosiyalar oyanmağa başlayır; həyəcanlanırıq, ağlayırıq, gülürük, beləcə zaman və məkana səyahət edirik.
 
Kino özündə incəsənətin əsas sahələrini ehtiva edir: Fotoqrafiya, Musiqi, Ədəbiyyat, Teatr, Moda. Söhbət məhz kinoda Modanın əhəmiyyətindən düşmüşkən, dünyanın ən vacib atelyelərindən biri, dünya səviyyəli opera, teatr tamaşaları və filmləri üçün gözəl, əsl incəsənət əsəri sayılan libaslar hazırlayan və bununla da milyonlarla tamaşaçının arzulara apardığı Tirelli Atelyesinin tarixindən danışmaq istərdik. Zəriflik, ehtiras, incəlik, tarixi araşdırmalar, detallara xüsusi diqqət, parçalar və antik dərzilik texnikalarına yaxşı bələd olmaq kimi keyfiyyətlər – Made in İtaly-nin əsl mahiyyəti, atelyenin əsasını qoymuş Umberto Tirelli tərəfindən qorunub saxlanılmışdır. O, öz fədarlığı və inadkarlığı sayəsində dərzi köməksi kimi iş fəaliyyətinə başlayaraq Kino və Teatr dünyasının ən məşhur dərzisinə çevrilmişdir.

Hansı qadın ömründə bircə dəfə də olsa, Sofia Koppolanın Ən yaxşı Kostyumlar nominasiyasında Oskar qazanmış “Marie Antoniette” filmindəki kimi, çoxsaylı mükafatlara layiq görülmüş kostyumçu Milena Kanoneronun dizayn etdiyi on doqquzuncu əsr xanımlarına xas libas geyinərək ecazkar Versal bağlarında gəzdiyini xəyal etməmişdir.


Milena Kanonero kimi, dünyanın ən məşhur kostyumçuları da öz yaradıcı fəaliyyətlərində Tirelli Atelyesini seçmişlər: onların arasında səhnə tərtibatçısı və kostyumçu Pier Luici Pitsi, Lukino Viskontinin ən məşhur filmlərinin kostyumlarını hazırlamış, teatr rejissoru Piero Tozi, Martin Skorsezenin “Məsumluq dövrü” adlı filmində Ən yaxşı kostyumlar nominasiyasında Oskar qazanmış və digər saysız-hesabsız mükafatlara layiq görülmüş Qabriella Peskuççi, 1969-cu ildə Franko Zeffirellinin “Romeo və Culyetta” filmi və 1977-ci il Federiko Fellininin “Kazanova” filmləri ilə iki dəfə Ən yaxşı kostyumlar nominasiyasında Oskar qazanmış Danilo Donatini göstərmək olar ki, bu, siyahının yalnız qısa  bir hissəsidir.

Tirelli Atelyesinin libasları Ceyms Kamerunun “Titanic”, Cüzeppe Tornatorenin “Okeandakı pianoçunun əfsanəsi”, Baz Lurmanın “Moulin Rouge!”, Martin Skorsezenin “Gangs of New York”, Terri Gillyamın “Qrim qardaşları və ovsunkar İfritə”, Şekhar Kapurun ““Elizabeth the Golden Age”, Tim Bortonun “Alice in Wonderland” və digər çoxsaylı filmlərə baxarkən bizi gözü açıq xəyallara qərq edərək bütün dünyanın bu başından o başına səyahət etmişlər. Bu libaslar ümumilikdə 17 Oskar mükafatı və digər saysız-hesabsız beynəlxalq mükafatlara layiq görülmüşdür.



Bütün bu gözəlliklər Romada Tirelli atelyesinin sərgi salonunda qorunur, burada bütün dövrlərə aid 160.000-dən artıq kostyum və 15.000-dən çox orijinal libası heyranlıqla seyr etmək olar. Kostyumların əksəriyyəti dünyanın tanınmış Nyu York Metropolitam muzeyi, Tokio Kostyumlar İnstitutu, Kiyoto Kostyumlar İnstitutu, Paris Tətbiqi İncəsənət muzeyi və Palatso Pitti Kostyumlar Qalereyasında da sərgilənmişdir.

Dino Trappetti, uzun müddət karyerasını Kino və teatr aləmində inkişaf etdirdikdən sonra, 1990-cı ildən etibarən Atelyedə təsisçi Umberto Tirellinin fəaliyyətini davam etdirmişdir.

50 ildən artıq tarixə malik Tirelli Atelyesi bütün dünyada arzulara həyat, xəyallara və mükəmməliyin davamlı axtarışına forma verməyə qadir əsl italyan ehtişamının təmsilçisidir.


Müəllif: Paola Casagrande
Tərcümə: Gulnar Malikova
30 Mart 2020


Sito ufficiale: tirellicostumi.com
Photo source: tirellicostumi.com