Azərbaycandan keçərək Çin ölkəsindən Venesiya şəhərinə: Marko Polonun inanılmaz səyahəti

Azərbaycandan keçərək Çin ölkəsindən Venesiya şəhərinə: Marko Polonun inanılmaz səyahəti

Bu gün səyahət etmək keçmişə nisbətən daha asan iş sayılır: çoxsaylı nəqliyyat vasitələri sayəsində məsafələr daha da qısalıb və artıq çətinlik çəkmədən dünyanın bir hissəsindən digər hissəsinə çatmaq mümkündür. 13-cü əsrdə Venesiyadan... Çinə edilən bir səyahət təsəvvür edin, bu gün bizim ixtiyarımızda olan nəqliyyat vasitələri olmadan, o vaxt tanınmayan çoxsaylı torpaqları keçməklə baş tutan bir səyahət necə ola bilərdi.


Marko Polonun hekayəsi və onun dünyanın ən böyük qitəsindən Çin imperiyasına çatmaq üçün keçdiyi yol əhvalatı bizə inanılmaz görünür. Bu haqda hətta bu günümüzə gəlib çatan “Il Milione” (“Marko Polonun kitabı”) adlı kitab da var. Marko Polo, hələ Xristofor Kolumbdan və bir çox əsrlər sonra dünya tarixində yeni bir mərhələ açan tədqiqatlar və coğrafi kəşflər dövrünü başlatmış bütün digər insanlardan əvvəl Avropanın ən böyük səyyahlarından biri hesab olunur.

Marko Polo 1254-cü ildə Venesiyada tacir ailəsində anadan olmuşdur. Onun atası və əmisi Çinə bir səfər etmiş, burada imperator Xubilay Xanın iqamətgahında qonaqpərvərliklə qarşılanmış və imperatorun hüzurunda olmuşdular. İmperator bir çox imtiyazlar verərək onlardan xristian missionerlərinin Çinə gətirmələrini xahiş etmişdi. İki tacir belə bir uzun səfərdən sonra Venesiyaya qayıdır: bu vaxt gənc Marko ana tərəfdən yetim qalmışdı, buna görə də atası və əmisi ilə Çinə getmək qərarına gəlir və iki ildən sonra birlikdə İpək Yoluna yola düşürlər. Səyahət 3 il yarım davam edir və yol boyu başlarına gələn müxtəlif sərgüzəştlərdən sonra Polo ailəsi nəhayət 1275-ci ildə Xanın iqamətgahına gəlib çatır.

Marko Polo tezliklə Xanın yanında hörmət qazanaraq imperiyanın ucqar əyalətlərində ticarətçilik və səfirlik nümayəndəsi kimi işlərlə məşğul olur, hətta Yangzhou qubernatoru təyin olunur.

İmperator qocaldığına görə imperiya artıq zəifləməyə doğru gedirdi, beləliklə Polo ailəsi imperiyanı tərk etmək qərarına gəlir və imperatorluqda 25 il yaşadıqdan sonra 1292-ci ildə "ev"lərinə yola düşürlər.

Venesiyanı Genuyalılardan qorumaq üçün 1298-ci ildə baş vermiş dəniz döyüşlərində Polo əsir düşərək həbs olunur və həbsdə olduğu müddətdə Piza şəhərindən olan Rustikello adlı bir nəfərlə tanış olur. Rustikello venesiyalı Marko Polonun Şərqdəki sərgüzəştləri haqqında ona danışdıqlarını yazmağa başlayır: bu əsər sonradan“Il Milione” (“Marko Polonun kitabı”) adlı kitaba çevrildi. Bu başlıq Polonu Venesiyada yaşayan digər Polo ailələrindən fərqləndirmək üçün istifadə etdikləri "Emilione" adından yaranmışdı. Növbəti il Marko Polo sərbəst buraxılaraq Venesiyaya qayıdır, evlənir və 3 qızı olur. Məşhur səyyah 1324-cü ilə qədər yaşayır.

“Il Milione” kitabında Marko Polonun İpək Yolu ilə Çinə getməsindən bəhs olunur: onun əvvəllər heç ayaq izləri olmayan keçdiyi ərazilərdən, məsələn, Pamir yaylası və Qobi səhrasından danışılır. “Il Milione” çox əhəmiyyətli bir yazını təmsil edir, çünki o dövrün tacirlər dünyasından və əvvəllər Qərb sivilizasiyası tərəfindən araşdırılmamış orta əsr Şərqindən yazan qiymətli bir mənbədir. Bundan əlavə, burada yazılan məlumatlar dövrün kartoqrafiyasına (xəritəçilik) öz dəyərli töhfəsini vermişdir.

Marko Polo öz əsərində həm də Xəzər dənizi sahillərində torpağın təkindən qalxan alov dilimləriniyandırmaq üçün istifadə olunan faydalı "yağ" fontanını gördüyündən də bəhs edir: əslində çoxu yaxınlıqdakı ərazilərdən neft götürmək üçün buraya gəlirdi, çünki başqa heç bir yerdə yox idi. Marko Polo bizə məhz Azərbaycan haqqında danışır.

Bir sözlə, XVI əsr coğrafi kəşflər dövrünə qədər baş tutan bu böyük səyahət, bir çox digər tədqiqatçılara və dəniz səyyahlarına, eləcə də Xristofor Kolumba dərin təsir göstərmişdir.

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

6 Dekabr 2019