Baş Aşpaz və Dəniz... kəşf olunası ləzzət diyarı

Baş Aşpaz və Dəniz... kəşf olunası ləzzət diyarı

Dəniz kənarında doğulub, dənizin “sərvət”ləri ilə böyüyən biri üçün ondan uzaqda yaşamaq çətindir! Qum, dalğalar, günəşin batması, duzlu su ... biganə qala bilmədiyimiz təbiət ünsürləridir. Bu böyük mavi nəhəng həmişə doğmalarını özünə çəkir.


Elə Lukanı doğma yurdu Abrutsoya geri qaytaran da bu əzəli, güclü, vazkeçilməz çağırış idi. Aşpaz Luka Mastromatteinin uğurları, habelə yeni ləzzətlər axtarışında etdiyi səyahət və araşdırmalarda göstərdiyi fədakarlıq hekayəsi. Beləliklə, xeyli gəzib dolandıqdan sonra kulinariyaya və dənizə olan sevgisinin cazibəsi ilə Luka doğma şəhəri Peskaraya qayıdır və Peşon restoranını açır!

Sahildən iki addımlıqda yerləşən, səmimi ab-havası və möhtəşəm Adriatik mənzərəsi olan Peşon restoranı, keyfiyyətli məhsulları, təzə balıq növləri, fəsildən-fəsilə dəyişən menyu yeməklərinin zərifliyi ilə incə və həssas damaq dadı olan insanların zövqünü oxşayaraq, qısa bir zamanda məşhurluq qazanır.

Ristorante Pescion - Montesilvano (PE)

Luka mətbəxdə yeni təcrübələr apararaq
, istifadə olunan ərzaqların tərkibinə diqqətlə yanaşır və onları düzgün dəyərləndirərək, heç vaxt bezməyəcəyiniz yeməklər yaradır. Artıq başlıca İtalyan bələdçi kitablarında yer alan Peşon Restoranının, Mişlen 2020 bələdçisinin ən yaxşı restoranları sırasına daxil edilməsinə səbəb, orijinallığın və təbin vəhdətidir.

"Çiy  krevetka və souslu dəniz məhsulları" və ya "tam bişmiş kalamar, mərcimək və qara trüfel" kimi kulinariya şedevrləri, "sitruslu rizotto, çiy dəniz cırcıraması və ventriçina sosisləri" və ya "kartoflu tortelli, krevetka və xiyar yarpaqlarından sous" kimi ləzzət nümunələri, “ağ sousda, buğdalı və paxlalı  qırmızı balıq" və ya " tavada qovrulmuş kambala balığı, ispanaq və qara trüfel" kimi orijinal yeməklər... sizin Peşon restoranında rast gələcəyiniz  fantastik yeməklərdən yalnız bir neçəsidir; menyu, əsasən bölgə şərablarından ibarət yüksək səviyyəli şərab siyahısı ilə tamamlanmışdır.


İndi isə, o yerlərə getmək ümidilə, Abrutsoda mavi dəniz kənarında oturub, xəfif dəniz küləyi, ilıq bahar günəşi, əlinizdə zövqlə seçilmiş ağ şərab qədəhi, sahilə çırpılan dalğaların səsi, biri-birini əvəz edən möhtəşəm ləzzətlərin fonunda keçirdiyiniz hislər barədə düşünün... sonsuz bir səyahət kimi!

Luka, dəniz, Peşon restoranı... “italyansayağı yaşam”ın əsl ləzzəti!

Müəllif: Paola Casagrande
Tərcümə: Kəmalə Əliyeva

11 May 2020