Dəniz və dağlar arasındakı Liquriya regionu

Dəniz və dağlar arasındakı Liquriya regionu

Dənizə boylanan sıldırım qayalar, xəlvəti çimərliklər və buxtalar, sahildə kök salmış kəndlər və daxili ərazilərdə ucalmış qəsəbələr....Bir tərəfdən dəniz, digər tərəfdən dənizlə əhatələnən bu ecazkar mənzərəli Liquriyada, çoxsaylı möcüzələr yolumuzu gözləyir, bizimlə gəlin!

Liquriya sahili insan fantaziyasına ilham verən qiymətli incilər, valehedici və sehirli məkanlarla zəngindir. Genuya şəhərini şərq sahilindən (Riviera di Levante) qərb sahilinə (Riviera di Ponente) kimi gəzərək çoxsaylı valehedici məkanları kəşf edə bilərsiniz.


Liguria, la regione tra mare e monti - Video by Claudio Posati

Macəramızı Çinkue Terredən başlayırıq, Monterosso al Mare, Vernatsa, Kornilya, Manarola və Riomaccore adlı ecazkar sahil qəsəbələri qayalıq fonda bərq vuran parlaq rəngli evləri ilə göz oxşayır və bu evlər Liqure dənizinin şəffaf sularında da əks olunur.

Cinque Terre

Burdan bir neçə kilometr aralı təkcə İtaliyanın deyil, dünyanın ən müstəsna məkanlarından biri olan eleqant Portofino yerləşir. Burada kiçik buxtanın sularında əks olunan rəngarəng evlər və hər il tam istirahət üçün buradan vaz keçməyən VIP şəxslərin kiçik limandakı yaxtaları və qayıqları insanı valeh edir. Meydanda bir az gəzdikdən sonra ən məşhur butiklərin vitrinləri arasında alış-verişə də zaman ayırın.

Portofino

Bundan başqa füsunkar Portovenere və Kamolyi, Rapallo, Levanto, Sestri Levante şəhərləri... qədim ənənələrə malik və bənzərsiz gözəlliyə malik dənizkənarı qəsəbələr...

Sahilə isə öz Dəniz Respublikası kimi şanlı tarixə malik və qiymətsiz bir irs qoruyub saxlayan gözəl Genuya hökmranlıq edir: şəhərin tarixi mərkəzi küçələrində, məşhur karuccilərdə gəzin, ecazkar və dəbdəbəli İntibah və barokko üslublu saraylar, Rolliləri seyr edin.

Camogli, Sestri Levante & Genova

Genuyanın qərbində də sürprizlər az deyil: Finale Liqure, Albenqa və hər il keçirilən italyan musiqi festivalı ilə məşhur olan Sanremonun yerləşdiyi Riviera dei Fiori.

Sahili gəzdikdən sonra Liquriyanın digər siması ilə tanış olmaq üçün içəri ərazilərə doğru irəliləyin, burada nəfəskəsici mənzərələr və Liqure dənizinin görüntüsü bir-birini əvəz edir. Alta Via dei Monti Liquri marşrutunu seçin, 440 kilometrlik yol Liqur Alp dağlarının heyranedici təbiəti ilə insanı baş-başa qoyaraq Ventimilydan Çeparanaya və Toskana ilə sərhəd ərazilərə qədər bütün regionu əhatə edir.

Alpi Liguri

Öz füsunkar mənzərələri və saysız-hesabsız möcüzələri ilə Liquriya sizin qəlbinizi fəth edəcək!

Müəllif: Rita Pistore
Tərcümə: Gülnar Məlikova

15 Sentyabr 2020

Photo Source:
tokkoro.com
tripadvisor.it
goodfon.com
dafnet.it
telenord.it
costacrociere.it
lastampa.it