Doğum Günün Mübarək, Klaudia!

Doğum Günün Mübarək, Klaudia!

15 aprel 2020-ci il, bu günü ölkəmizin dünyaya bəxş etdiyi sayılıb-seçilən gözəl italyan aktrisalarından birinə həsr edəcəyik; Los Angeles Times jurnalı tərəfindən "Kino tarixinin ən gözəl 50 qadını"ndan biri seçilən bizim Klaudianın bu gün 82 yaşı tamam olur!

 

Yəqin ki, kimdən söhbət getdiyini təxmin etdiniz!? Təbii ki, "çox gözəl" və "çox istedadlı" Klaudia Kardinaledən!
Bizim ulduz Tunisin Xalq-əl-Vadi (La Goulette) bölgəsində, Siciliya mənşəli ailədə doğulub, boya-başa çatıb. Buna görə də  fransız dilində, tunis ərəbcəsində və ailəsinin istifadə etdiyi siciliya dialektində səlis danışa bilir; Klaudia müxtəlif  italyan filmlərində çəkilincəyə qədər italyan dilində danışmağı öyrənə bilmir.

Gənc Kardinale müəllim olmaq məqsədi ilə əvvəlcə Karfagendə "Saint-Joseph-de-l'Apparition" məktəbində, daha sonra "Paul Cambon School"-da təhsil almağa başlayır, lakin 1959-cu ildə ömrünün çiçəklənən dövründə, 21 yaşında onun həyatını dəyişdirəcək uğurlu bir hadisə baş verir: bir neçə sinif yoldaşı ilə birlikdə Berlin Beynəlxalq Film Festivalında "gənclərə həsr olunmuş ən yaxşı qısametrajlı film" mükafatına layiq görülən fransız rejissoru Rene Vautierin "Anneaux d'or" fransız-tunis qısametrajlı filmində iştirak edir. Baş rolu ifa edən Klaudia, ona "Goha" filmində kiçik bir rol təklif edən Jacques Bartier ilə yanaşı bir çox rejissorların diqqətini çəkir və bu rolu ilə uzunmetrajlı film aləmində rəsmi debütünü edir.

Lakin sürprizlər bitmir: 1957-ci ildə Tunisdə keçirilən İtalyan Film Həftəsi”-ndə "Tunisin ən gözəl italyan qızı" müsabiqəsində qalib gəlir və mükafat məhz İtaliyaya səyahət olur. Təbii ki, gediləcək yer Venesiya Film Festivalından başqa bir yer ola bilməzdi! Burada onun karyera yükşəlişlərinə təkan verən, Klaudianı "İtaliyanın sevimlisinə" çevirən  və sonradan  (haqlı olaraq, əlavə edərdim) onunla evlənən Franko Kristaldi də daxil olmaqla bir neçə film istehsalçısının diqqətini cəlb edir. Kardinale italyan dili ilə bağlı çətinliyinə görə yalnız bir il təhsil aldığı Romadakı Film Təcrübə Məktəbinə dəvət olunur.

Claudia Cardinale

Lakin Klaudianın fitri istedadı, ona 1960-cı ildə rejissor Luçino Viskontinin "Rokko və Onun Qardaşları", 1961-ci ildə Valerio Zurlinin ''Çamadanlı Qız '' və 1963-cü ildə yenə rejissoru Lukino Viskonti olan "Bəbir" kimi uğurlu filmlərdə rol almasına imkan verəcəkdir. Fellini klassikası olan "Səkkizin Yarısı" (1963) filmindəki möhtəşəm aktyor Marçello Mastroianni ilə birlikdə oynadığı rol sayəsində Klaudia Kardinale beynəlxalq səhnəyə uğurlu addımlarını atır: "Çəhrayı Bəbir" (1964) ingilis filmindən sonra, Bleyk Edvardsın "Kor-Koranə", 1966-cı ildə rejissor Riçard Brooksun rejissoru olduğu "Peşəkarlar" və Serco Leonenin çox məşhur  "Bir dəfə Qərbdə"  Hollywood filmlərində iştirak etmişdir.

 Nə demək olar... Bu gün ona yoldaşlıq edən şöhrəti, Kardinale şübhəsiz ki, 150-dən çox filmdə yorulmadan çalışaraq qazandı.

Kanada, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Türkiyə, Ermənistan, Rusiya, Bolqarıstan, Misir, Tunis, Mərakeş, Avstraliya, Birləşmiş Krallıq və ABŞ-da  karyerasına görə mükafatlar alaraq, uğurlu karyerası boyunca dünyanın bütün böyük film festivallarında mükafatlara layiq görülüb.
Aydındır ki, onun işi kamera qarşısındakı səhnə ilə məhdudlaşmır: 1993-cü ildən bəri məşhur Kann Film Festivalının münsiflər heyətinə qatılıb; 2000-ci ilin mart ayından etibarən  "Qadın Hüquqlarının Müdafiəsi" üçün YUNESKO-nun səfiri və 2006-cı ildə isə "YUNESKO Dünya Su Günü"ndə yenidən  səfir olaraq iştirak edib.

Beləlilklə kinomatoqrafiya aləminin ulduzları arasında parlamağa davam edən möhtəşəm italyan divasına, "Doğum günün mübarək", deyərək böyük heyranlıqla xoş təbriklərimizi çatdırmaq istəyirik!

Müəllif: Federica Ballestrin
Tərcümə: Nərgiz Cəfərova

15 Aprel 2020