Dünya şöhrətli Neapollu Vinçenzo Trani ilə müsahibə

Dünya şöhrətli Neapollu Vinçenzo Trani ilə müsahibə

Hörmətli Cənab Trani, Siz İpək Yolu üzərindəki 17 ölkədə fəaliyyət göstərən, 129 ofisi və təxminən 2000 əməkdaşı olan, mikromaliyyə və impakt finans sahəsində lider maliyyə qurumlarından biri Mikro Kapital Group-un prezidentisiniz. Bundan əlavə, 2015-ci ildə Moskvada ilk car-sharing şirkəti olan və hal-hazırda Rusiya, Qazaxıstan, Belorusiya və Çexiyada fəaliyyət göstərən dünya nəhəngi Delimobil şirkətini təsis etmisiniz.

Rusiyadakı parlaq sahibkarlıq fəaliyyətinizin necə başladığı haqqında bizim oxuculara danışa bilərsinizmi?
“Mənim macəram 2000-ci illərin əvvəllərində başlamışdır. 25 yaşım var idi və adi turist kimi Rusiyaya gəlmişdim. Rusiya paytaxtına səfərim zamanı öyrəndim ki, Avropa İnkişaf və Yenidənqurma Bankı (AİYB) Kiçik və Orta sahibkarlara kredit sahəsi üzrə ixtisaslaşmış yeni əməkdaşlar axtarışındadır. Həmin illərdə mən İtaliyada, nüfuzlu maliyyə qurumu olan Monte dei Paschi bankında çalışırdım və bu baxımdan da belə bir beynəlxalq təcrübəyə özümü hazır hiss edirdim. O dövrdə xarici mütəxəssislərə tələbat böyük idi və beləliklə, bir neçə müsahibədən sonra məni işə qəbul etdilər. Bu təcrübə mənə Rusiyanın müxtəlif şəhərlərinə səyahət etmək və imkanları qiymətləndirmək şansı verdi. Həmin dövrdə Rusiya çox mürəkkəb tarixi dövrdən yavaş-yavaş çıxırdı, bununla belə ölkədə yenidən başlamaq istəyi çox güclü və qətiyyətli idi. 2008-ci ildə AİYB daxilində müxtəlif vəzifələr icra etdikdən sonra  Şərqi Avropa və İpək Yolu ölkələrinin kiçik və orta sahibkarlarını dəstəkləyən sərmayə fondu yaratmaq və öz sahibkarlıq təşəbbüssümü həyata keçirməyi qərara aldım”.


Sahibkar kimi növbəti hədəfləriniz hansılardır?
Öncə dediyim kimi, 2008-ci ildə əsasını qoyduğum qrup, İpək Yolu ölkələrinin iqtisadiyyatında əhəmiyyəti rolu olan və iqtisadiyyatın onurğa sütununu təşkil edən kiçik və orta şirkətlərinə müxtəlif vasitələrlə dəstək olaraq sürətlə inkişaf edir. Azərbaycan bizim inkişaf planlarımıza daxil olan ölkələrdən biridir. Kiçik və orta sahibkarlıq üçün hazırladığımız ekosistem vasitəsilə ölkəyə sərmayə yatırmaq üçün yerli, strateji və etibarlı tərəfdaşlar axtarışındayıq. Söhbət təbii ki Carsharing və “impact investing” kimi digər rəqəmsal həllərdən gedir. Azərbaycan maraqlı inkişaf dinamikasına sahib olmaqla bərabər, həmçinin adambaşına düşən mobil telefonunun sayının çox olduğu ölkələr sırasındadır və bu da 66,4 %-ə bərabər əhatə dairəsinə malikdir. Bu isə öz-özlüyündə rəqəmsal sahədə yeni layihələrə böyük maraq yaradır”.

Xüsusilə indiki qlobal fövqəladə şəraitdə Rusiya bazarına, ümumilikdə, keçmiş Sovet İttifaqı  ölkələrinə addımlamaq niyyətində olan italyan sahibkarlara nə məsləhət görərdiniz?
“Keçmiş Sovet İttifaqına daxil olan ölkələr italyan şirkətləri üçün böyük imkanlar vəd edir. Ruslar isə hər zaman İtaliyaya böyük hörmət və heyranlıqla yanaşmışlar. Bu heyranlıq yalnız “Made in Italy” ilə kifayətlənməyib, həmçinin əsrlərdir İtaliyanın dünyaya bəxş etdiyi mədəniyyətdən kulinariyaya, eləcə də texnologiya, incəsənətə kimi bütün sahələri özündə ehtiva edir. Rusiya bazarına addım atmaq elə də asan deyil, çünki arada elə mədəniyyət fərqləri var ki, onlar nəzərə alınmazsa problemlər yarana bilər. Əlbəttə ki, dil önəmli məsələdir və ilkin maneəni də yaradan odur. Rus dilində danışmaqla fikrinizi daha aydın ifadə edə və birbaşa ünsiyyət qura bilərsiniz. Bu isə öz biznes məqsədlərinizə nail olmaqda böyük yardımçı olacaqdır. İlk məsləhətim isə yalnız Rusiyanın Avropa hissəsi ilə kifayətlənməməkdir. Belə ki, Rusiya Federasiyası dünyanın ən böyük dövlətidir, lakin Uzaq Şərqi Rusiya hələ avropalı rəqiblər tərəfindən tam fəth edilməmişdir və bu baxımdan Rusiya ilə iş qurmaq istəyən italyan şirkətləri üçün münbit ərazi olaraq qalır.

Asiya və Avropa arasında əlaqələrin genişləndirilməsi üçün istər Avropa Birliyi, istərsə də Çin tərəfindən qəbul olunmuş çoxsaylı infrastruktur layihələrə əsasən Made in Italy və Rusiya bazarına italyan ixracı üçün hansı imkanlar görürsünüz?
Bu gün hələ də davam edən pandemiya artıq ötən onilliyə xas yüksək qlobalizasiya yanaşmasını kökündən dəyişib. Düşünürəm ki, qlobal iqtisadiyyatlar getdikcə “qlokal”paradiqmaya yönələcək, yəni dünya ilə əlaqəni saxlamaq şərtiylə, tibbi/sanitar və ya siyasi riskləri azaltmaq üçün yerli istehsalı təşviq etməyə istiqamətlənəcək. Made in Italy təbii ki, Rusiyada və dünyanın bir çox ölkələrində sevilən və hər zaman uğur qazanan önəmli markadır. Zənnimcə, bu brendi daha aktual və çevik formalara yönləndirmək zamanıdır. Bir neçə ildir ki, Rusiyada bizim diplomatik konsulluğun da dəstəklədiyi “Made with Italy” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Rusiyada italyan “know-how” və  texnologiyalarından istifadə etməklə, yerli və müştərək şirkətlər yaradılmışdır. Layihə italyan şirkətlərinin sanksiyalar dövründə də Rusiyaya dəstəyin davam etdirilməsi zərurətindən yaransa da, hər zaman aktuallağını qoruyub saxlayacaq. Buna misal olaraq, Avrasiya materikində inkişaf etməkdə olan ölkələrin 2050-ci il üçün gözlənilən inkişafına nəzər yetirmək olar. İtaliya strateji tərəfdaş ola bilər və olmalıdır da, lakin bunun üçün yeni imkan və həll yollarına açıq olmalı və daima yenilənməlidir”.

Rusiyada daha çox hansı sahə üzrə Made in Italy mütəxəssislərinə tələbat var?
“İtaliya brendi yalnız qida-ərzaq və ya moda sənayesində yüksək qiymətləndirilmir. İtalyan-Rus Ticarət Palatasının Prezidenti olduğum dövrdən etibarən müxtəlif sahələrdə italyan ekspertlərinə ehtiyac olduğunu etiraf edən çoxsaylı rus tərəfdaşlarla görüşmüşəm. Onların arasında dövlət rəsmiləri də olub. Bir neçə ay öncə Yakutiya regionunun rəhbərliyi ixtisaslaşma kursları və xüsusi imtiyazlar vasitəsilə qızıl və digər qiymətli metallar sahəsini inkişaf etdirmək üçün  peşəkarlar axtarışında idi. Məqsəd qiymətli metallar üzrə Rusiyanın ən zəngin regionuna sərmayələrin cəlb edilməsi idi.  Bundan başqa bir-birindən çox fərqli, sənayə avadanlıqları, memarlıq, ağac emalı və ya mebel sənayesi kimi sahələrə də tələbat yüksəkdir. İtaliya iqtisadiyyatın bir çox sahələrində dünya lideridir və Rusiya da italyan “know-how” və təcrübəsinin yüksək qiymətləndirildiyi bir bazardır. Ancaq inanıram ki, ən mükəmməl qayda qarşılıqlı əməkdaşlığa əsaslanır. Məsələn, italyan kiçik və orta şirkətlərindən fərqli olaraq, Rusiya rəqəmsal texnologiyalar və İT həllərinin istifadəsi baxımından çox qabaqdadır".

2016-cı ildən etibarən, İtaliya Respublikasının Mədəniyyət Qurumu olan İtalyan Mətbəx Akademiyasının rəsmi elçisi vəzifəsini icra edir və Rusiyada italyan mətbəxinin tanıdılması üçün  bir çox qida və şərab tədbirlərini təşkil edirsiniz. Siz həmçinin Neapollusunuz, buna görə də bu qənaətə gəlirəm ki, mətbəx sevgisi sizin qanınızdadır.

Coğrafi və mədəni baxımdan bizdən çox uzaq məsafədə yerləşən bir ölkədə italyan mətbəxini sevdirməyi necə bacarırsınız?
“Əslində mədəni məsafələr çox azdır, ruslar italyan mədəniyyətinin və onun incəsənətdən mətbəxə kimi təmsil etdiyi bütün ünsürlərin heyranıdırlar. Məsafələr kilometrlərlə deyil, düşüncələrlə ölçülür. Ruslar millət olaraq həris oxucudur və mədəniyyətə aid olan hər bir şeyi sevirlər. Nümunə olaraq misal çəkim, bizim Baş Konsul Françesko Foret  mütəmadi Danteyə həsr olunmuş gecələr təşkil edir. Bu tədbirlərdə müxtəlif sosial təbəqələrdən olan insanlar böyük həvəslə iştirak edirlər. Belə tədbirlərin eynisini İtaliyada keçirərək auditoriya baxımından eyni uğuru qazanmaq olarmı deyə çağırış etmək maraqlı olardı. İtaliya Mətbəx Akademiyası bizim mədəniyyətimizin ən qədim ifadə formalarından biri, tariximizin və əcdadlarımızın zəhmətinin bəhrəsini təbliğ edir. Mətbəx bizim kim olduğumuzdan danışır, köklərimizi aşkara çıxardır, bizimlə birgə inkişaf edir və bizi ölkə hüdudlarından kənarda da layiqincə təmsil edir. Bu bilavasitə ənənələrin və innovasiyaların vəhdətidir. Biz yemək süfrəsi ətrafında yığışan zaman süfrə mədəniyyətimizi təbliğ edirik, yemək reseptlərimiz vasitəsilə regionlarımız haqqında danışırıq. Onu da gizlətmirəm ki, İtaliyanı bizim həmyerlilərimizdən daha yaxşı tanıyan ruslar çoxdur. Onlar bizim kəndləri, yerli mətbəxi kəşf etməyi çox sevir və  görüşlərimiz zamanı Moskvadan kənara çıxmadan böyük zövqlə bizim ölkəyə səyahət edirlər”.

Hansı italyan qida məhsulları rusların daha çox zövqünü oxşayır?
“Qida məhsulları heç şübhəsiz ki, italyan ixracının aparıcı sahəsidir. Embarqo nəticəsində bəzi məhsullara qadağa qoyuldu, lakin bu məhdudiyyətlərə baxmayaraq, italyan məhsullarının ixracatı ilə məşğul olan bir çox şirkətlər Rusiya hökümətinin tətbiq etdiyi qadağalara görə heç də ruhdan düşmədilər, əksinə embarqodan azad olan digər məhsulların ixracatına üz tutdular. Bu isə nəzərəçarpan artımlara səbəb oldu, məsələn, zeytun yağı(+107%) və şərabın (+75%) ixracındakı yüksəlişi nümunə gətirə bilərik. Pandemiyadan sonra rusların dietik məhsullar və italyan şirkətlərin yüksək keyfiyyətli məhsulları ilə fərqləndiyi qida əlavələri sahəsinə marağı artmışdır”.

Tətbiq olunan sanksiyaları nəzərə alaraq, Rusiya bazarı əvvəllər idxal olunan məhsulların daxili istehsalını inkişaf etdirdi. Bu gün birbaşa Rusiyada qida və şərab məhsulları istehsal etmək istəyən italyan sahibkarlar üçün konkret imkanlar varmı?
Təbii ki, konkret uğur nümunələri onu göstərir ki, əməkdaşlığa əsaslanan resept effektlidir. Çoxsaylı italyan şirkətləri fərqli sahələrdə italyan təcrübəsinə əsaslanan layihələrə sərmayə qoymağa hazır olan yerli tərəfdaşlar tapa bilər. Təsəvvür eləyin ki, keçən ay Koronavirus və hər yerin bağlanılmasına  rəğmən balıq yetişdirilməsi və bostançılıq  (yəni xüsusilə istixana şəraitində bitkilərin yetişdirilməsi sənəti, texnologiyası və iqtisadi fəaliyyəti) sahələrində tərəfdaşlığa maraqlı olan rus sahibkarlar və dövlət qurumları tərəfindən hədsiz sayda tələbatlar daxil olmuşdu. Adı çəkilən sahələrdə də bu ölkədə biznes fəaliyyətini genişləndirə biləcək əsl yüksək sahibkarlıq keyfiyyətləri ilə seçilən italyan şirkətləri üstünlük təşkil edir”.

Siz füsunkar Kampaniya regionu və dünyanın ən qeyri-adi gözəlliyə malik Neapol şəhərindənsiniz. Bu şəhərin sakinləri öz yaşam bacarıqları, kreativliyi və gündəlik problemlərdən hər zaman, bəzən isə lap qəribə yollar olsa da, çıxış yolu tapmaq bacarıqları ilə məşhurdur.

Sizin şəxsi və peşəkar sahədə uğur qazanmağınızda “Neapollu olmağınız” nə dərəcədə rol oynamışdır?
“Həddən artıq, biz neapollular cəlbedici, tərs, eyni zamanda da kreativ olmağı bacarırıq. Hər bir vəziyyətin yaxşı tərəfini görməyi bacarırıq və heç də asanlıqla təslim olmuruq. Neapollu yaxşı bilir ki, problemlərdən yaxa qurtarmaq üçün ruhdan düşmək olmaz, ona görə də çıxış yolu olaraq güc və səriştə qazanmaq üçün “təbəssüm” və istehzanı işə salır”.

Sizin şəhərə və regiona səfər etmək arzusunda olan oxucularımıza nə tövsiyə edərdiniz?
“Çətin sual oldu. Kampaniya misilsiz xəzinəyə sahib bir regiondur, əlbəttə ki, ilk növbədə Neapola səfər etməyi, Milli Arxeologiya Muzeyindən tutmuş, Sukkorpo Kapellasında San Cennaronun mücrüsünə kimi bütün turistik məkanlara baş çəkməyi məsləhət görərdim. Amalfi sahilinə baş vuraraq və Kapri “meydançasında” bir aperitiv içməklə siz  italyan Dolçe Vitasını (Şirin həyatını) yenidən göz önündə canlandıra bilərsiniz. “Macərasevərlərə” isə, “qara kənd qızılını”, Avellino vilayətində Banyoli İrpino qara trüfel göbələyini kəşf etmək üçün içəri kəndləri ziyarət etməyi tövsiyə edərdim. Qara trüfel göbələyi sərt, yabanı və eyni zamanda cah-cəlallı Piçentini dağ yamaclarında təbii halda yetişir”.


Sonuncu sual, “Dünya şöhrətli Neapollu” adını qazanmaq necə bir hissdir?
“Həddən artıq fəxarət və müəyyən qədər də məsuliyyət. Bu mükafat, Neapoldan olan və dünya səviyyəsində uğurlara nail olmuş incəsənət, idman, rəqs, sahibkarlıq və komunikasiya sahələrinə aid parlaq şəxsiyyətləri təltif etmək üçün təsis edilmişdir. Mükafatı qazanmaq, 20 ildən artıqdır ki, maliyyə sektorunda həyata keçirdiyim fəaliyyətin yüksək dərəcədə qiymətləndirilməsi deməkdir. Eyni zamanda bu, İtalyan mediası tərəfindən adı tez-tez yalnız cinayət xəbər səhifələrində çəkilən Neapol şəhərinin fərqli bir görüntüsünün üzə çıxarılmasına böyük bir töhfədir".

Müəllif: Paola Casagrande 
Tərcümə: Gülnar Məlikova

12 Iyun 2020