Dünyanın ən məşhur italyan mahnısı –  “Volare”

Dünyanın ən məşhur italyan mahnısı – “Volare”

Oxundu, müxtəlif musiqi alətlərində ifa edildi, rəqs edildi, yenidən şərh edildi, remiks edildi, bütün dünya dinlədi. Ancaq bu gün də Nel blu dipinto di blu (Maviyə boyanan mavi səmada) mahnısının Domeniko Modunyo ilə Conni Dorellinin 1958-ci ildə Sanremo Festivalında səsləndirdiyi ilkin ifasını dinlədiyimiz zaman həyəcanlı və xoş anlar yaşanır.


Çünki, daha çox Volare adı ilə tanınan və ən çox şərh edilən bu italyan mahnısının əsl adı “Nel blu dipinto di blu”dur.



1958-ci ildə Sanremo Festivalındakı qələbəsi ona böyük şöhrət gətirir, sonra həmin il Avroviziya Mahnı Müsabiqəsində üçüncü yeri qazanmaqla daha da məşhurlaşır və nəhayət okeanın digər tərəfinə də yayılır: 5 həftə ərzində ABŞ-da ən çox satılan singl olmaqla, 1959-cu ildə ilin mahnısı və rekorduna görə Grammy mükafatına layiq görülür. Bu günə qədər “Mister Volare” mahnısının 22 milyon diski satılmışdır.

Bir xəyaldan bəhs edən bu mahnı 1957-ci ildə Romada Domeniko Modunyo və Franko Milyaççi  tərəfindən yazılmışdır. Müəlliflər mahnının tarixi haqqında bəzən hətta bir-birinə zidd olan bir neçə versiya söyləmişdilər. Deyilənə görə Milyaççi musiqisinə görə Mark Kagallın “Le coq rouge dans la nuit” rəsm əsərindən ilhamlanmış və mətni isə gördüyü bir kabusdan ilhamlanaraq yazmışdır. Deyirlər ki, hətta məşhur "uç oh, oh" sözləri Modunyonun, evin içində külək əsdiyi zaman vərəqlərin uçduğunu görərkən ağlına gəlir və gəzinti zamanı iki müəllifdən biri təsadüfən "mavi rənglə rəngləndim" deyir.

1958-ci il Festivalda mahnını oxuyarkən Modunyonun canlandırdığı obraz, nəqarət yerində sanki uçar kimi əllərini qaldıraraq etdiyi jest unudulmaz olmuşdur. Pulyalı müğənni, Polignano a Mare-də Argentinalı heykəltəraş Hermann Mejer tərəfindən düzəldilmiş hündürlüyü 3 metr olan bürünc heykəldə bu mövqedə əbədiləşdirilmişdir.

Bu mahnı, eyni zamanda, yenilikçi mətni, dövrün tipik "fəryad edənlər" dən fərqli tərzi və Amerika “swing” musiqi təsiri sayəsində İtaliya musiqi tarixində bir çevriliş oldu.

Beynəlxalq musiqi arenasındakı böyük adlar da “Nel blu dipinto di blu” mahnısını çox bəyənərək öz üslublarında ifa etdilər: Lui Armstronq, Rey Çarlz, Frank Sinatra, Luçano Pavarotti, Pol Makkartni. Onların həmçinin remiks və rəqs versiyaları var.

Beləliklə, 61 il sonra Nel blu dipinto di blu hər mənada ölməz bir mahnıya çevrilərək hər kəs tərəfindən ifa edilir və yenə bizi bu sonsuz səmada uçmağa sövq edir...

Nel blu dipinto di blu (Maviyə boyanmış mavi səma) – Sanremo Festivalı 1958

Belə bir yuxunun əsla geri gəlməyəcəyini düşünürəm
Əllərimi və üzümü maviyə boyayırdım
Sonra anidən külək tərəfindən qaçırılırdım
Və sonsuz mavilikdə uçmağa başlayırdım

Uçmaq oh, oh
Mahnı oxumaq oh, oh, oh
Maviyə boyanan mavi səmada
Yuxarıda olmağın verdiyi xoşbəxtlik
Və uçurdum, uçurdum xoşbəxt, günəşdən daha yüksəkdə
Və daha da yuxarıda
Dünya yavaş yavaş aşağıda gözdən itərkən
Şirin bir musiqi yalnız mənim üçün çalınırdı

Uçmaq oh, oh
Mahnı oxumaq oh, oh, oh
Maviyə boyanan mavi səmada
Yuxarıda olmağın verdiyi xoşbəxtlik

Amma bütün xəyallar şəfəqdə silinir çünki
Ay batarkən onları da özüylə aparır
Amma mən sənin gözəl gözlərində yuxu görməyə davam edirəm
Göy üzü qədər mavi olan ulduzlarla bəzənmiş

Uçmaq oh, oh
Mahnı oxumaq oh, oh, oh
Sənin gözlərinin mavisində
Aşağıda olmaq xoşbəxtlikdir
Və günəşdən daha yüksəkdə xoşbəxt uçmağa davam edirəm
Və daha da yuxarıda
Dünya yavaş yavaş sənin mavi gözlərində yox olarkən
Sənin səsin mənim üçün çalınan şirin bir musiqidir

Uçmaq oh, oh
Mahnı oxumaq oh, oh, oh
Sənin gözlərinin mavisində
Aşağıda olmaq xoşbəxtlikdir
Sənin gözlərinin mavisində
Aşağıda olmaq xoşbəxtlikdir
Səninlə


Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

28 Fevral 2020