Ən məşhur Sevgi hekayəsi - “Romeo və Cülyetta”

Ən məşhur Sevgi hekayəsi - “Romeo və Cülyetta”

Ah Romeo, Romeo, nə üçün sən Romeosan, inkar et atanı, adını yadırğa!
Əgər edə bilməzsənsə and iç sevdiyinə. Mən imtina edim Kapuletti olmaqdan.

Şekspirin əsərindəki məşhur balkon səhnəsində Cülyetta Romeoya belə müraciət edir. Bu müraciətlə o, dünyanın ən məşhur aşiqlərinin imkansız sevgi hekayəsinin faciəsini bir neçə sözdə ümumiləşdirir.


XVI əsrin ikinci yarısında iki sevgilinin dillərə dastan olan əhvalatı Romeo və Cülyetta təkcə italyan deyil, həm də xarici müəlliflərin əsərlərində müxtəlif versiyalarda yayılmağa başlamışdı. Ən məşhur versiyanı isə 1596-cı ildə ingilis dramaturqu, mükəmməl romantik faciələrin müəllifi Uilyam Şekspir qələmə alaraq bütün dünyaya səs salır.


Hekayə XIV əsrin əvvəllərində Montekki və Kapuletti ailələrinin uzun müddət düşmən olduqları Verona şəhərində baş verir. Qızları Cülyettanın Paris ilə evliliyini təşviq etmək üçün Kapuletti ailəsi tərəfindən verilən bir rəqs gecəsində Romeo Montekki və dostları tanınmamaq üçün fərqli maskalar geyinərək qonaqlığa gizlicə daxil olurlar. Romeo Cülyettanı görəndə bir könüldən min könülə aşiq olur və bir-birinə dedikləri bir neçə sözlə yaşayacağı eşqin o qədər də asan olmayacağını başa düşür. Romeo təhlükədən qorxmur və Kapulettinin evinə girir: budur, Cülyetta öz eyvanında dayanaraq yüksək səslə Romeoya olan sevgisini bəyan edir. İki gənc evlənmək qərarına gəlir və qardaş Lorenzo, nikahın iki Verona ailəsi arasında barışıq gətirəcəyinə ümid edərək bu birliyə xeyir-dua verir. Ancaq təəssüf ki, Kapuletti ilə Montekki arasındakı qarşıdurma zamanı Romeonun bir dostu yaralanır və Romeo Cülyettanın əmisi oğlunu öldürür. Gənc oğlan Verona şahzadəsi tərəfindən sürgünə məhkum edilir. Bu vaxt Cülyettanın atası artıq Parislə toy gününü təyin edir, ancaq gənc qız üçün sevgilisi ilə birlikdə olmamaqdansa ölmək daha yaxşı olardı. Qardaş Lorenzo sevgililərin dadına çatmaq üçün Cülyettanın dərin bir yuxuya getməsinə səbəb olacaq qarışımı içib ailəsini öldüyünə inandırmaq planını qurur, Romeoya xəbərdarlıq etmək üçün isə bir məktub göndərməsini deyir: ancaq həmin məktub gənc oğlana heç vaxt çatmadı. Romeo gəlinin ölüm xəbərini eşidən kimi dərhal Veronaya qayıdır və Cülyettanın yanında zəhərli qarışımı içərək özünü öldürür. Məhz o an Cülyetta oyanır və sevdiyini cansız görəndə özünü bıçaqlayır. Sonda isə qardaş Lorenzo Şahzadənin şəfaəti ilə nəhayət mübarizəsini sona çatdırmaq qərarına gələn ailələrə nələrin baş verdiyini danışır.

İllər keçdikcə bu hekayə hər kəsin marağını daha da cəlb edir və rəsmdən musiqiyə, baletdən operaya qədər müxtəlif incəsənət formalarında öz əksini tapır. Beləliklə məşhur əsər 1969-cu ildə iki Oskar mükafatı almış italyan rejissoru Franko Zeffirellinin ərsəyə gətirdiyi filmlə kinomatoqrafiya aləminə böyük səs salır (Romeo və Cülyetta, 1968). Daha sonra Baz Luhrmann tərəfindən Romeo obrazını gənc Leonardo di Kaprionun canlandırdığı daha müasir bir film (Romeo + Cülyetta, Uilyam Şekspir, 1996)  çəkilir.

Məşhur ənənəyə görə Cülyettanın anadan olduğu, Kapuletti ailəsinə aid olan evi Veronada ziyarət etmək mümkündür. Möhkəm dəmir darvazadan keçərək valeh olacağınız məşhur daş eyvanın yerləşdiyi orta əsr iqamətgahının həyətini görə bilərsiniz. Həyətin sonunda hər gün minlərlə ziyarətçinin sevgidə uğur gətirəcəyinə inanaraq toxunduğu Cülyettanın təsvir olunduğu məşhur heykəl qoyulub. Bu heykəl əslində 1969-cu ildə Nereo Kostantini tərəfindən yaradılan və Cülyettanın evinin daxili atriumunda qorunan orijinal əsəri 2014-cü ildən bəri əvəz edən bir nüsxədir. Bu gün bu tağın divarları kiçik kartlar, vərəqlər, şans gətirən kağız parçaları ilə örtülmüşdür. Burada dünyanın hər yerindən olan sevgililər sevgi hekayələrinin əbədi davam edəcəyi ümidi ilə bir mesaj buraxırlar.


Ancaq əksinə olaraq eşq əzabı çəkirsinizsə, birbaşa Cülyettaya yazmaq məcburiyyətindəsiniz ... 70-ci illərdən bəri Cülyetta Klubuna (www.julietclub.com/it/) poçt və ya e-mail vasitəsilə minlərlə məktub ünvanlanır. Bu məktublara Cülyetta adına cavabı isə dünyanın dörd bir tərəfindəki könüllülər verirlər.

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

24 Fevral 2020