Əsl dənizçilik ehtişamı

Əsl dənizçilik ehtişamı

Lövbəri qaldırmaq, yavaş-yavaş gözdən itən sahili nəzərdən keçirmək, gəminin gövdəsinə çırpılan dalğaların səsini dinləmək, bəzən yaşıl-zümrüdü, bəzən isə tünd mavi rəngə çalan, qəfildən üfüqdə səma ilə qovuşan büllur suların sonsuz ənginlikərində gözləri qamaşmaq, duzlu dənizin qoxusundan həzz almaq, küləyin çəkdiyi sığallar, keçdiyin hər mildə yalnız dənizin sənə bəxş etdiyi sözlə ifadə edilə bilməyən azadlıq hissi... bax bu əsl dənizçilik ehtişamıdır!

Dəniz gəzintisi adi zövqdən daha çox məna kəsb edir, o bir  fəlsəfədir, bəzən isə bir zərurətdir; və əlbəttə ki, bu həyatda ən azı bir dəfə də olsa yaşanılası təcrübələrdən biridir. Əgər dünyada dənizçiliyin fərqli məna kəsb etdiyi bir yer varsa, onda o mütləq Aralıq dənizidir.

Heç düşünmüsünüzmü İtaliyanı dolanmaqla necə möcüzələr kəşf etmək olar? Yeddi min kilometrdən çox ərazi boyunca uzanan sahillər, pərakəndə səpələnmiş səkkiz yüz adadan yalnız dəniz yolu ilə görə biləcəyimiz hədsiz girinti-çıxıntısı və kiçik oyuqları olan Siçiliya və Sardeniya adaları... bir sözlə, misilsiz təbii irs.

Məhz Aralıq dənizi ilə olan sıx təmas, habelə fitri kəşf istəyi italyanları əsl səyahətçi xalqa çevirdi; italyan tarixinin dənizçilikdən nə dərəcədə təsirləndiyini dərk etmək üçün, ən məşhurlardan yalnız Xristofor Kolumb, Ameriqo Vespuçi və Marko Polo kimi səyyahların adını sadalamaq kifayətdir.

Təsadüfi deyil ki, gəmiqayırma sahəsində İtaliya dünya səviyyəsində ilk sıralardadır. Əlbəttə ki, əgər üslüb, mühəndis işi və texnolji yeniliklərə bir də italyan yaradıcılığı əlavə olunarsa, bax o zaman mənim təəbirimcə desək, əsl “üzən sənət əsərləri” meydana çıxar; Riva, Benetti, Ferretti, Azimut, Kodekaza, dəbdəbəli yaxta istehsalçılarından yalnız bir neçəsinin adıdır.

Bu "dəniz möcüzələrini" digərlərindən fərqləndirən cəhət isə, Made in Italy dəbdəbəsinin müəllifi olan nüfuzlu dizaynerlərin yaratdığı interyerlərdir:  buna ən bariz nümunə, JUST LIKE HOME (LAP EV KİMİ) fəlsəfəsi ilə inşa edilən, stil və rahatlığın mükəmməl sintezi olan Ferretti 500 donanmasıdır.

Ferretti 500

Rahatlıq mövzusundan çox da uzaqlaşmadan, zamana cah-cəlal kimi sahib olanlar üçün düşünülmüş Benettinin yaratdığı B.Now 50M yaxtasını qeyd etməyə bilmərik; 12 qonaq üçün 6 kabin və 10 ekipaj üzvü üçün 6 kabin, bütün göyərtələr boyunca geniş pəncərələr, gəminin arxa tərəfində quraşdırılmış 36 metrlik möhtəşəm şəffaf hovuzlu çimərlik klubu da daxil olmaqla, geniş açıq məkanlar və tamamilə gəmi sahibinin ixtiyarında olan üst qat göyərtə.


Benetti B. Now 50M - Benetti Yachts

Dizayn, zəriflik və incə zövqün hakim olduğu digər yeni super yaxta isə, Ferretti Qrupun Məhsullarının Strateji Komitəsi və İtalyan Dizayn Şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış  Riva 50M gəmisidir. Minimalist üslubda təchiz edilmiş açıq və qapalı məkanlar boz rəngin zərif çalarları ilə qırmızı ağacın vəhdətindən hazırlanmış, polad naxışlar isə, dəri və mərmərlə uyğunlaşdırılmışdır. Lakin bu yaxtanın ən güclü tərəflərindən biri, əlbəttə ki, gəmi sahibinin kabinetlə təchiz olunmuş lyuks şəxsi otağı, multimediya zalı olan özəl qonaq otağı və geniş yataq otağının olmasıdır.

Riva 50M

Beləliklə, əziz oxucular, bu yaxtalardan birində Aralıq dənizində gözdən iraq bir ada kənarında, əldə bir qədəh şərab günəşin batışını izləməkdən daha ehtişamlı nə ola bilər ki?

Müəllif: Paola Casagrande
Tərcümə: Kəmalə Əliyeva

03 Aprel 2020