Ferrari Portofino, əsl "Made in Italy" incisi

Ferrari Portofino, əsl "Made in Italy" incisi

Bizim bugünkü qəhrəmanımız italyanlığın ən  yüksək zirvəsini təcəssüm etdirir: dizayn, performans və universallıq Ferrari Portofino adlı əsl "Made in Italy" incisinin mükəmməl sütünlarıdır.

Avtomobilin adı italyan stilinin iki ikonasını özündə ehtiva edir: biri dörd təkərli nəqliyyat vasitəsi, digəri isə eleqant və zərif turizm bölgəsi; təbii ki, Ferrarinin təqdimata ehtiyacı yoxdur, Liquriya sahili boyunca uzanan İtaliyanın ən valehedici guşələrindən biri olan Portofino isə bütün dövrlərdə müstəsnalığın sinonimi olmuşdur, məhz bu səbəbdən özündən əvvəlki California T.-nin (daha güclü və yüngül) üçrəngli varisini dünyaya təqdim etmək üçün bundan əla ad fikirləşmək olmazdı.  


Ferrari Portofino - Official Video

2017-ci ildə Maranello Avtomobil Evinin təcrübəli beyinləri tərəfindən yaradılan Ferrari Portofino sadəcə bir status symbol deyil, həmçinin sürücü və sərnişinlər üçün tout coeur (əlahiddə) bir təcrübədir; sükan arxasında olanlara və qulaqlarımıza böyük bir zövq verməkdən əlavə, avtomobil bizə üfüq boyunca irəlilədikcə, günəş şüalarından da həzz almağa imkan verir! 

Hərəkətli tavanın açılı və ya bağlı olmasından asılı olmayaraq (cəmi 14 saniyəyə açılıb bağlanır) öz füsünkar kuzovu ilə birgə: gündəlik (incə zövqlü) həyat üçün düşünülmüş bu dörd yerlik avtomobil qətiyyətlə kübar turizmin etikasını  təcəssüm etdirir. Təbii ki, tamamilə idman ruhlu DNT-ə malik və digər Ferrari həmcinslərindən rahatlığı və idarəetmədə yumşaqlığı ilə seçilən Portofino, Ferrari sahiblərindən ibarət klubun üzvünə çevrilmək üçün nisbətən  daha əlverişli seçim ola bilər, lakin təbii ki, bu kluba üzvlük bahalı bir dəbdəbədir (necə olsa da söhbət Şahə Qalxan Atdan gedir!) 

Ferrari Portofino 

Hamıya məlumdur ki, Ferrari öz stili ilə bərabər mühərriki ilə də fərqlənir, belə ki Portofinonun uzunsov kapotunun altında gizlənmiş 3,9 litrlik V-8 biturbo mühərriki möhtəşəmdir; saatda 320 km/s-dan yuxarı maksimum sürət və 600 at gücü, cəmi 10,8 saniyə içərisində 0-dan 200 km/s-a kimi sürət yığma qabiliyyəti heç də bu avtomobilin ən valehedici xüsusiyyəti deyil: bu avtomobilin pərəstişkarlarının və mütəxəssislərin fikrincə  məhz səs boğuculardan çıxan bənzərsiz və artıq imzaya çevrilmiş o səs istənilən şəxsi cuşa gətirə bilər!  

Keyfiyyət və ehtişamın sinonimi olan Ferraridən yalnız ecazkar dizayn və əla materiallardan hazırlanmış göz oxşayan interyer gözləmək olardı: yüksək keyfiyyətli dəri, komfort və müdafiə xüsusiyyətli ön oturacaqlar 18 pozisiyaya uyğun olaraq tənzimlənə bilir, üstəlik arxa oturacaqdakı şərnişinlərin ayaqları üçün daha geniş yer ayırmağa imkan verən yeni dizaynlı söykənəcəyi də unutmamalıyıq. Ön oturacaqların arxasındakı yuva formalı iki oturacağı sayəsində kabriolet Portofino texniki olaraq dörd nəfər daşıya bilər, lakin dördnəfərlik uzun səfərlər məsləhət görülmür..., çünki bu halda arxada bir az “bükülmüş” vəziyyət ala bilərsiniz.  

Ferrari Portofino - Interiors

Əlavə olaraq yeni havalandırma sistemi istər üstü bağlı, istərsə də üstü açıq halda sərnişinlərin rahatlığını təmin edir; açıq havada idarəetmə zamanı avtomobilin salonuna gələn hava axınını 30% azaldan  və daxili aerodinamikanın səs-küyünün qarşısını alan təkmilləşdirilmiş yeni wind deflector funksiyasının verdiyi komfortu da yüksək qiymətləndirmək lazımdır. Bu, möhtəşəm görüntüdür!

Bu məqamda inanmıram ki, Ferrari Portofinonun daha artıq təqdimata ehtiyacı olsun: əgər siz stil, keyfiyyət və performans axtarışındasınızsa, bu gözqamaşdırıcı yaqut tam sizlikdir!

Müəllif: Federica Ballestrin
Tərcümə: Gülnar Məlikova

08 Aprel 2020