10 Yanvar 2020

500: avtomobil tarixində və həmçinin italyan mədəniyyətində “ikonika
ya çevrilən bir rəqəm. Made in Italy və İtaliya mədəniyyətinin simvollarından biri sayılan, ölkə tarixindəki dəyişiklik illərində italyanları müşayiət edən və bu gün tamamilə yenidən işlənmiş, lakin hələ də cəlbedici dizaynı ilə təkcə İtaliyada deyil, həm də dünyanın hər yerində bizi müşayiət etməyə davam edən Fiat (Fabbrica Italiana Automobili Torino) avtomobil korporasiyasının istehsal etdiyi Fiat 500 modelindən bəhs edirik.

60 ildən artıq bir müddət sonra əminliklə demək olar ki, 500 modeli tarixinin qeyri-müəyyən başlanğıcı yalnız mədəni bir “ikonaya” doğru atılan kiçik bir addım idi: Fiat 500-ün ən birinci modeli əslində həm texniki cəhətdən, həm də interyeri və aksesuarları səbəbindən tamamilə uğursuz oldu.

1957-ci ilin Spot Fiat 500 modeli

Fiat, 1936-dan 1955-ci ilədək istehsal olunan əvvəlki Fiat 500 Topolino-dan fərqləndirmək üçün adlandırılan Yeni 500'ü təqdim edəndə 1957-ci il idi. İşçi sinfi üçün ucuz super kommunal avtomobil olaraq dizayn edilmiş Yeni 500 aşağı qiymətə olması ilə yanaşı əla yol tutma qabiliyyəti, maksimum sürəti 85 km / saat və biri sürücü, digəri sərnişin üçün yalnız 2 oturacağının olması ilə xarakterizə olunur. Sonrakı illərdə Fiat xalq arasında əfsanəvi Cinquino adlandırılan bu avtomobilin istehsalını davam etdirərək mühərrikini tədricən təkmilləşdirir,  korpusunu və rahatlığını da dəyişdirir. Beləliklə, 1975-ci ildə Fiat yeni model olan 126 modelini təqdim edir.  Bu 18 ildə ən məşhur 500 D və 500 F seriyaları da daxil olmaqla 3.800.000-dən çox avtomobil istehsal edilmişdir.

Artıq həmin illərdə avtomobilin şöhrəti İtaliya hüdudlarından kənarda da artmağa davam edirdi. 1964-cü ildə Fiat 500 Antarktidada bir kəşfiyyat missiyasında iştirak etdi. Yeni Zelandiya Sənaye və Elmi Tədqiqatlar Departamentinin alimləri öz tədqiqatları üçün məhz bu vasitəni seçmiş, buzda görünməsi üçün onu narıncı rəngə boyamış və Qar Pişiyi adını vermişdilər. Missiyanın sonunda o, Yeni Zelandiyaya gətirilərək yenidən satışa çıxarılmışdı.

1991-ci ildə Fiat Cinquecento modelinin təqdimatını etdi: eyni ad, lakin fərqli yazı. Bu yeni model kvadrat dizayna sahib idi və yaxşı satış sayına baxmayaraq original 500-ü keçə bilmədi. Belə ki, onun istehsalı yalnız 1998-ci ilə qədər davam etdirildi.

2007-ci ildə ilk seriyasından 50 il sonra, Fiat, bu günümüzdə olan 500 modelinin müasir versiyasını təqdim etdi, sonra da onun minivan, 500L, SUV, 500X versiyalarını istehsal etdi ki, onlar ən çox satılan və yollarda ən çox görülən populyar avtomobillər kimi italyanların və əcnəbilərin ürəklərini hələ də fəth etməyə davam edirlər.

500 modelinin xüsusi versiyaları saysız-hesabsızdır: moda evinə xas olan qırmızı-yaşıl rəngdə Gucci, qıp-qırmızı rəngdə Abarth Tributo Ferrari, daha sonra isə 1957-ci ilin ilk 500-ü kimi mavi və ağ rəngdə Vintage Tributo və hətta çəhrayı rəngdə Barbie Fiat 500! Qızıl tozuna boyanmış Pepita versiyasını da unutmuruq: kaşmir interyeri və ya alternativ olaraq kərtənkələ, timsah, dəvəquşu, ilan, köpək balığı və Swarowski daşları ilə bəzədilmiş sürücü kabinası. Fiat üçün lisenziyalı xüsusi bir qurum tərəfindən hazırlanmış bu modeldən dünyada çox az sayda var.

500-ün həvəskarları həqiqətən çoxdur və yalnız İtaliyada deyil, həm də xaricdəki klublardakı üzvləri toplayan və tarixi modellərini nümayiş etdirmək üçün bir yerə yığan 500 sevənləri üçün Cinquecentismo hərəkatını yaratdılar.

İtalyan Danilo və Fabrizio 2015-ci ildə misli görünməmiş bir səyahətə çıxdılar: 1973-cü il model 500 R avtomobili ilə üç ay müddətinə Baridən Pekinə qədər 16000 km məsafəni əhatə edən iki qitəni keçdilər. Cinquino isə daha sonra Aralıq dənizi ətrafında daha bir mühüm səyahətə başladı. Gələcək işlərini izləmək istəyirsinizsə, www.idiaridelcinquino.it saytına daxil olun.

2019-cu ildə Fiat 500 F modeli, Nyu-Yorkdakı MoMa müasir incəsənət muzeyində 1930-1950-ci illərin sənaye dizaynına həsr olunmuş "The Value of good design" adlı sərgidə nümayiş etdirildi. 500 avtomobilinin dizaynı həqiqətən də möhtəşəmdir, buna görə də o, Sənaye Dizaynı Assosiasiyası tərəfindən verilmiş İtalyan dizaynının mükəmməlliyinə görə iki dəfə Qızıl Kompas mükafatına layiq görülmüşdür: birinci dəfə 1959-cu ildə, ikinci dəfə isə 2011-ci ildə.

Bir sözlə, 500-ün dayanmaq niyyəti yoxdur, kilometrlərcə məsafəni qət etməyə davam edir...


Fiat-ın Azərbaycanda rəsmi dileri olan “Avtolüks Azərbaycan” MMC Bakıda, Üzeyir Hacıbəyov küçəsi 57-də yerləşir. Daha çox məlumat əldə etmək üçün www.fiat.az saytına daxil olun və ya +99 455 214 29 19 və ya 983 nömrəsinə zəng edin.


Müəllif: Rita Pistore

Tərcümə: Səidə Eyyubova