Florensiyanın incəsənət və gözəlliklərlə dolu Uffizi Qalereyası

Florensiyanın incəsənət və gözəlliklərlə dolu Uffizi Qalereyası

Dünyada ən məşhur və bənzərsiz incəsənətlərdən biri də İtaliya incəsənətidir. Hər il minlərlə turist, İtaliyanın ən məşhur incəsənət muzeylərini ziyarət edərək buradakı incəsənət əsərlərinin gözəlliyinə və qüdrətinə heyran olurlar.

De' Medici
ailəsinin miras qoyduğu izlər sayəsində İtaliyada və xaricdə ən gözəl şəhərlərdən birinə çevrilən və əsl açıq hava muzeyinə bənzəyən Florensiya şəhərini daha da zəngin edən Uffizi Qalereyası dünyanın ən məşhur İtaliya muzeyləri arasındadır.
 

Florence and the Uffizi Gallery

Uffizi kolleksiyası qeyri-adi bir irsi təmsil edir: orta əsrlərdən müasir dövrümüzə qədər, əsasən Florensiyanın İntibah dövrünə aid sənət əsərləri, İtaliya və Avropaya məxsus müxtəlif incəsənət məktəblərinin əsərləri. Muzey beş kolleksiyaya bölünür: rəssamlıq, memarlıq, heykəltəraşlıq, rəsm və qəlib kabineti, kitablar və arxivlər.
 
Kolleksiyanın qəhrəmanı əlbəttə ki, rəssamlıqdır: Uffizi, dünyanın ən məşhur rəsm əsərlərindən bir neçəsini özündə qoruyub saxlayır. Məsələn, Bottiçellinin Nascita di Venere Primavera, Mikelancelonun "Tondo Doni" adlı Müqəddəs ailə əsəri, Leonardonun Annunciazione və Cotto, Karavacco, Raffaello, Piero della Francesca kimi dahi sənətkarların bir çox əsərlərini nümunə göstərə bilərik.


Muzeyin yerləşdiyi tikili XVI əsrin ən vacib memarlıq əsərlərindən biridir. Uffizi Sarayının layihəsi Corco Vazari tərəfindən magistrat üzvləri üçün Florensiya hersoqu Cosimo de' Medici-nin sifarişi ilə hazırlanmışdır: uffizi Florensiyanın inzibati idarələri demək idi.
 
Sarayla yanaşı Tribuna, Giriş pilləkənləri Qalereyanın üç Dəhlizi də qeyri-adi əsərlər sayılır. Qalereyanın Dəhlizləri xüsusi olaraq Böyük Hersoqlar tərəfindən heykəllər və freskalarla bəzədilmişdi: sənət əsərləri ilə dolu məhz bu Qalereyalardan bədii əsərlər toplusunu ifadə edən bir termin – bugünkü "qalereya" yaranmışdır. Bundan əlavə, Saraydan şəhərin heç yerdən görünməyən möhtəşəm mənzərəsini görmək mümkündür: onun Florensiyanın tam mərkəzində yerləşməsi sizə bənzəri olmayan mənzərələrdən zövq almağa imkan verəcək.
 
Uffizi muzey kompleksi həmçinin Böyük Hersoqların iqamətgahı olan Pitti Sarayını da əhatə edir. Pitti sarayında Böyük Hersoqların Xəzinədarlığı və mənzilləri, heykəllər və fontanlarla bəzədilmiş Boboli Bağçası kimi digər valehedici kolleksiyalar mövcuddur. Beləliklə, siz buraya daxil olub böyük ağacların kölgəsində, sakit təbiətin qoynunda gözəl və unudulmaz bir gün keçirə bilərsiniz.


2021-ci ildən etibarən Arno yolunu keçərək, Uffizini Pitti Sarayı ilə birləşdirən, hazırda təmir üçün bağlanan Vazari Dəhlizini yenidən ziyarət etmək mümkün olacaq. Bütün il ərzində Uffizi-də müasir qısamüddətli sərgilər və xüsusi tədbirlər keçirilir.

Ziyarətçilərin çoxluğunu nəzərə alaraq, uzun növbələrin qarşısını almaq üçün əvvəlcədən rezerv etmək daha yaxşıdır. Muzeyi ziyarət etmək üçün gözləmək məcburiyyətində olsanız belə, əmin olun ki, əsərlərin gözəlliyi bu gözləməyə dəyəcək.

https://www.uffizi.it/

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

10 Mart 2020