Genuya Pesto sousu

Genuya Pesto sousu

17 Yanvar 2020

Parlaq yaşıl rəng, k
əskin xoş ətir, çox gözəl dad, əvəzolunmaz ləzzət.

İtaliyanın şimal-qərb bölgəsindəki Liquriya əyalətinin Genuyalıların fəxri olan pesto sousundan bəhs edirik. Pesto, dünya səviyyəsində ən məşhur souslardan biri olaraq tanınır. Bizə də öz növbəmizdə, bu xəbəri yalnız təsdiqləmək düşür.

Əsl və original pesto "genovese" sayılır, "alla genovese" deyil. Genuya Pestosunun Konsorsiumu, sousun adının yazılışına diqqət yetirməyi və ənənəvi pestonun yalnız "pesto genovese" olduğunu deyir, çünki çox vaxt reseptlərdə original sousda olmayan ərzaqlar əlavə olunur və ya dəyişdirilir. Həqiqi resepti XIX əsrdə yaransa da, bu gün pesto bildiyimiz sous əslində orta əsrlərdən bəri hazırlanan sarımsaqlı sousdan yaranıb.

Əsl pesto reseptinin tərkibi yalnız bu "möhtəşəm" yeddi ərzaq: Genuya yaxınlığında bitən Reyhan, Parmesan pendiri (Parmigiano Reggiano) və ya Qran Padano pendiri, Pecorino fiore sardo pendiri, ekstra təbii (extra vergine) zeytun yağı (yaxşı olar ki, Liquriyanın olsun), sarımsaq, daş şam (piniya) qozasının tumu (bəzi əyalətlərdə bunun əvəzinə qoz istifadə olunur) və iri duzdan ibarətdir. Sousu hazırlamaq üçün bütün ərzaqlar birlikdə əzilir.

Bəs mükəmməl pestonun sirri nədədir? - Mərmər həvəng və taxta dəstə istifadə etməkdə. Tərkibindəki ərzaqlar birdən yox, az-az əlavə edilməlidir və taxta dəstənin uzun fırlanan hissəsi reyhanın efir yağlarını üzə çıxararaq mükəmməl nəticə əldə edilməsinə imkan verir. Tərkibindəki ərzaqlar maksimum ətir saçsın deyə sous otaq temperaturunda olmaqla ən qısa müddətdə hazırlanır. Bu gün rahatlıq və praktiklik üçün mikser qarışdırıcıdan istifadə edirlər. Lakin diqqətli olmaq lazımdır, çünki qarışdırıcıdakı bıçaqların istifadəsi reyhan yarpaqlarının yaşıl rəngini itirməsinə və beləliklə məhsulun görünüşünün və dadının dəyişməsinə səbəb ola bilər...

Hazırlandıqdan sonra pesto sousu Liquriya növü olan trofie və ya trenette makaronları ilə yeyildikdə mükəmməl dad verir. O, çiy ərzaqlarla hazırlanan soyuq sous olduğu üçün qızdırılmır, ancaq bir az bişmiş makaron suyunda həll edilir: bu şəkildə pestonun damağda əriyən tipik qaymaqlılığını almaq olur.

Sonda isə bir maraqlı məlumat: 2007-ci ildən bəri Genuya şəhərində hər il Həvənglə hazırlanan pesto üzrə dünya Çempionatı (www.pestochampionship.it/) keçirilir. 100 rəqib arasında ən yaxşı pesto hazırlayan şəxs, dəyəri 2000 avro civarında olan dəstəyi qızıl suyuna salınmış bir taxta dəstə ilə mükafatlandırılır. Növbəti çempionat 28 mart 2020-ci ildə baş tutacaq.

Mükəmməl Genuya pesto sousunun sirlərini sizlərlə bölüşdükdən sonra artıq onu hazırlamağa başlaya bilərik. Bəs siz necə, hazırsınız?

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova