Hər zaman dəbdə olan və daimi klassikaya çevrilmiş şlyapa - Borsalino

Hər zaman dəbdə olan və daimi klassikaya çevrilmiş şlyapa - Borsalino

İtaliyalı Cüzeppe Borsalinonun yaradıcılığından olan bu xüsusi formalı borsalino fetr şlyapası, kino tarixinə iz salan bir çox filmdəki iştirakı sayəsində ikonik bir fiqura çevrilən və bu gün də Made in Italy sənətkarlığını təmsil edən bir aksessuar sayılır.


Borsalinonun forması maraqlı bir tarixə malikdir. XIX əsrin ikinci yarısında İtaliyada Risorcimento (dirçəliş, yenilənmə) milli azadlıq hərəkatı zamanı, millət vəkili Lobbiaya hücum edib onun üst hissəsi yumru formada olan şlyapasına (o dövrdə geniş yayılmış papaq modeli – bombetta) bir zərbə endirirlər. Beləliklə şlyapanın bu yeni forması "lobbia" adlanmağa başlayır. O dövrdə insanlar hörmət əlaməti olaraq tez-tez şlyapalarını çıxarırdı və “lobbia”nı əldə tutmaq çox rahat olmadığından, Pyemontlu Cüzeppe Borsalino, əldə daha rahat tuta bilmək üçün kənarları azacıq yuxarı qatlanmış, ön hissəsi isə bir az batıq bir şlyapa hazırlayır: beləliklə "borsalino" modeli yaranır.
 
Cüzeppe Borsalino öz papaq atelyesini 1857-ci ildə Alessandria-da açıb və hətta bu gün də məşhur borsalino şlyapaları İtaliyanın şimalında, orijinal hazırlanma üsuluna sadiq qalmaqla istehsal olunur. Fetr şlyapa əldə etmək üçün 7 həftəlik iş və əl əməyi istifadə olunan 50-dən çox mərhələdən keçməsi lazım olur.


A process of 52 steps performed by hand and seven weeks’ work are needed to make every hat that comes out of the Alessandria manufacture. 

Borsalino papaqlarının keyfiyyəti Parisdəki 1900-cu il Ümumdünya Sərgisində tanınmış və sahibkar “Qran-Pri” mükafatına layiq görüldü. Beləliklə, bu tanınma sayəsində Borsalino şöhrəti bütün dünyaya yayılmağa başladı.
 
Amerika kinosu sayəsində borsalino bütün dünyada böyük ekranlara çıxdı. 1930-cu ildən bəri bir çox aktyor məşhur filmlərdə bu şlyapadan istifadə etməyə başladı: “Kasablanka” (1942) filmində Hamfri Boqart, “Son nəfəsədək” (1960) - Jan-Pol Belmondo, 8 ½ (1963) - Marçello Mastroianni, İndiana Cons (1980-ci illər) macəra filmində Harrison Ford, “Blues qardaşları”nda (1980) Dan Aykroyd və Con Beluşi. Eyni zamanda Borsalino hər ikisinin də rejissoru Jak Deray olan “Borsalino” (1970) və “Borsalino və Co” (1974) filmlərinə öz adını vermişdir. Bu filmlərin baş qəhrəmanları tanınmış şlyapa modelini geyinərək olduqca dəbli görünürdülər.

 
Məşhur ingilis Oksford lüğətində belə artıq borsalino sözünün izahı var və son illərdə ona sərgilər həsr edilməyə başlayıb. 2009-cu ildə Milandakı Triennale Dizayn Muzeyində keçirilən “Serie fuori serie” sərgisində İtaliya dizaynının ölməz ikonaları arasında qeyd olunmuş, 2011-ci ildə isə Milanın Triennale muzeyində “Il cinema con il cappello. Borsalino e altre storie” adlı sərgi təşkil olunmuşdur. (Şlyapalı filmlər. Borsalino və digər hekayələr.)
 
2017-ci ildə borsalinonun 160 illik yubileyi qeyd edildiyi zaman, İtaliya İqtisadi İnkişaf Nazirliyi borsalinonu İtaliya istehsal sisteminin mükəmməlliklərindən biri olaraq təqdim etdi.
 
Borsalino bu gün də həm kişi, həm qadınlar üçün must-have (olmazsa olmaz) aksessuar, hər zaman  dəbdə olan və əvəzolunmaz klassik şlyapa olmağa davam edir.

 


Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

21 Fevral 2020