İlin ən çox gözlənilən moda hadisəsi - Milan Moda Həftəsi 2020 başlayır

İlin ən çox gözlənilən moda hadisəsi - Milan Moda Həftəsi 2020 başlayır

Hansı Moda həvəskarı bu günlərdə Milanda olmaq istəməz ki? 56 moda dəfiləsi, 96 təqdimat, bir çox mədəni və ictimai tədbirlər... 18-24 Fevral tarixlərində Milan Moda Həftəsi hər zaman olduğu kimi, bu dəfə də muzeyləri, meydanları, tarixi binaları və şəhərin ən qlamur yerlərini incəsənət əsərləri və gözəlliklərə bürüyəcək.


CNMI presents “Behind the curtain”, a fashion film on Milano Moda Donna directed by The Blink Fish.

 
Moda Mərkəzinin açılışı və İtaliya Milli Moda Palatasının irəli sürdüyü "Çin, biz sizinləyik" kampaniyasının təqdimatı Milanın tarixi mərkəzində yerləşən məhşur “Palazzo della Permanente”də olacaq. Açılış tədbirinin məqsədi son həftələrdə koronavirus dramını yaşayan Çin əhalisinə həmrəylik və yaxınlıq mesajı verməkdir. Belə ki, bu təşəbbüs Milana gələ bilməyən Çinli dostlara canlı yayım bağlantıları və xüsusi məzmunlar vasitəsilə Moda Həftəsində virtual formada iştirak etmək imkanı verəcəkdir. Həmin axşam həmçinin inkişafda olan 5 Çin markası da təqdim ediləcək.

Əlbəttə ki, həftənin ən çox gözlənilən nümayiş günləri, 21 Fevral Cümə günü keçiriləcək Versace təqdimatı və 22 Fevral Şənbə günü keçiriləcək Bottega Veneta təqdimatıdır ki, dünyanın ən nüfuzlu dizaynerlərindən sayılan Daniel Li öz yeni əsərlərini burada təqdim edəcək.

Milan Bələdiyyəsi sayəsində, yeni başlayan gənc stilistlərin təqdimatları “Palazzo Reale”nin möhtəşəm Cariatidi zalında yer alacaq və eləcə də, bir çox digər tədbirlərə yüksək mədəni dəyər veriləcək.

Həftənin ən vacib mədəni tədbirləri arasında:

Maria Luiza Friza tərəfindən hazırlanan və Poldi Pezzoli Muzeyi ilə əməkdaşlıq çərçivəsində yaradılan, Italo Calvino Amerika Dərsləri kitabından ilhamlanan "Memos - Bu minillikdəki moda haqqında" sərgisi 21 fevral - 4 may tarixlərində ictimaiyyət üçün açıq olacaq.

“Armani / Silos”da keçirilən 22 fevral ictimaiyyətə açıq olan və 2 avqustadək ziyarət edə biləcəyiniz “Heimat. Mənsubluq hissi” sərgisində bu yaxınlarda vəfat etmiş məşhur moda fotoqrafı Peter Lindberqin əsərləri nümayiş etdiriləcək.


23 Fevral Bazar günü keçiriləcək yeni istedadların və moda sistemində öz təsdiqini tapan dizaynerlərin cəlb olunduğu “Moncler Genius” layihəsinin üçüncü buraxılışında ictimaiyyətə açıq olan Moncler qurğuları təqdim olunacaq.

Həftə boyu, təqvimdəki tədbirlərə paralel olaraq Milan küçələri və xüsusi məkanları da moda hadisələri ilə canlanacaq. Milan Moda Klubu eksklüziv yerlərdə yeni stilistlərə məxsus dəfilələr, after party-lər, master-klasslar və “happy hour”lar təşkil edəcək.

Belə bir zəngin proqramla Milan bir daha Moda və Mədəniyyət üçün beynəlxalq istinad nöqtəsi olduğunu təsdiqlədi. Milano, a place to be!!!
 
Ətraflı məlumat üçün İtaliya Milli Moda Palatasının rəsmi veb-saytına daxil olun https://www.cameramoda.it/it/milano-moda-donna/


Müəllif: Irene Lisato
Tərcümə: Səidə Eyyubova

18 Fevral 2020