Dekabrın gəlişi ilə ab-hava yavaş-yavaş dəyişir: mağazaların vitrinləri yeni il dekorlarına bürünür, şəhərlərin küçələri işıqlarla bəzənir, kilsələrin zəngləri o baş–bu baş çalmağa başlayır...  Budur, İtaliyada ən mühüm və çox sevilən Milad mövsümü rəsmi olaraq başladı.

Milad tətili mövsümü 23 dekabrdan 6 yanvara qədər olmaqla iki həftə davam edir. Bu dövrü bir-birinin ardınca gələn bayram günləri və adətləri daha da xüsusi edir:

  • 24 dekabr: Milad gecəsi
  • 25 dekabr: Milad bayramı
  • 26 dekabr: Müqəddəs Stefano, ilk şəhid xristian
  • 31 dekabr: Müqəddəs Silvestr gecəsi, ilin son günü
  • 1 yanvar: Yeni il, ilin ilk günü
  • 6 yanvar: Epifaniya bayramı

Bu ərəfələrdə görüləsi işlərin siyahısı doğurdan da lap dolu olur!

Hər şey birlikdə şənlənmək, bir-birlərinə hədiyyələr vermək və ya Santa Klaus tərəfindən gətirilən hədiyyələri açmaq, ən əsası isə... birlikdə ənənəvi bayram süfrəsi arxasında şam etmək üçün bütün ailəni bir yerə toplayan sevimli Milad bayramı ilə başlanır! Əslində bayram ab-havasından əlavə, bu günlər həm də tez-tez qurulan müxtəlif çeşiddə yeməklərin olduğu çoxsaylı nahar və şam yeməyi süfrələri ilə də fərqlənir.

Hər regionun öz adət-ənənəsi olmağına baxmayaraq, çoxu sırf bu bayramda hazırlanan tipik yeməklərdir. Bununla birlikdə, İtalyan bayramlarının iki kulinariya rəmzini də xüsusi qeyd etməliyik: Yarımadanın hər il italyanları iki hissəyə ayıran tipik şirniyyatları “panettone” və “pandoro”: panettone-ni sevənlər və pandoro-dan vaz keçə bilməyənlər... şübhəsiz ki, seçimsiz qalaraq hər ikisinə yox deməyənlər də var.

Şənlik ab-havası hər şeydən əvvəl evləri, şəhərləri və küçələri bəzəyən dekorişıqlarda hiss olunur. Ölkədə olan ab-havanı daha da rəngarəng etmək üçün İtaliyanın hər yerində Milad yarmarkaları qurulur, burada bəzək əşyaları və əl işi olan hədiyyələr, habelə tipik qidalar və desertlər ala bilərsiniz.

Sonra isə yavaş-yavaş köhnə ili yekunlaşdırmağı düşünərək çoxları qarşıdan gələn yeni il üçün qurduqları planların siyahısını tutmağa hazırlaşır. Beləliklə, indicə bitmiş ötən ilin sonunu və yeni ilin başlanğıcını birlikdə qeyd etmək üçün 31 dekabr Müqəddəs Silvestr axşamında yenidən bir araya gəlinir: gecə yarısı saatlar 12-ni vuranda toqquşdurmaq üçün qədəhlər göyə qaldırılır!

Gözəlliklə sonlandırmaq üçün budur Epifaniya... bütün bayramları yola salır. Milad tətil mövsümünün sonunu rəsmi olaraq elan edən bu bağlanış gecəsində müqəddəs və kafir bir-birinə qarışır. Bu anda isə bizə bütün bəzəkləri bir kənara qoyub, sevinc, müvəffəqiyyət, sağlamlıq, pul gətirməyini ümid edərək gələcək ayları dolu-dolu yaşamaq və gələn dekabrı gözləmək qalır...


Müəllif: Rita Pistore
Tərcümə: Saida Əyyubova