İtaliyani sevmək üçün 20 ən yaxşi "REGION"

İtaliyani sevmək üçün 20 ən yaxşi "REGION"

Təsəvvür edin ki, pəncərədən eyni mənzərəni, eyni rəngləri, eyni evləri, eyni simalari seyr edərək kilometrlərlə uzanan bir yolda maşın sürürsünüz! Avtomobildən düşəndə torpaqdan gələn təkrarsız qoxunu hiss etmək, vaxtaşırı yemək yeməyə dayanmaq və eyni yeməyi dadmaq, eyni dildə, eyni vurğu ilə danışan insanlarla qarşılaşmağın yaratdığı o məyusluq və kədərin bizə necə təsir etdiyini bir düşünün.


Sizdən kim belə bir yerə səyahət etmək istəyər?
İnanıram ki, heç kim! Fərqlilikdən gözəl nə ola bilər?
Bax, elə İtaliyanı dünyada bənzərsiz edən məhz onun fərqliliyidir: onun bizə müxtəlif duyğular, kəskin fərqli mənzərələr, ləzzətlər, ətirlər, ləhcələr, memarlıq, adət-ənənələr bəxş etmək bacarığıdır ... saysız-hesabsız incəsənət şəhərləri, orta əsr ruhlu əyalətləri, qalaları, kəşf olunası kəndləri, bölgədən bölgəyə, cənubdan şimala, heç bitməyəcək kimi görünən sonsuz gözəlliklər silsiləsi!!!


İtaliyanın 20 bölgəsinin, müxtəlifliyinə, gözəlliyinə, "mükəmməlliyinə" həsr etmək istədiyimiz bu guşə, bu gündən etibarən hər həftə İtaliyanın ən yaxşı regional ənənələrini sizə təqdim edəcək: ən yaxşı yerli məhsullar, ulduzlu restoranlar, eksklüziv otellər, habelə qədim adətlər, yerli dillər, sirri açılmamış yerlərİtaliyanı kəşf edəcəyiniz növbəti səfərinizi təşkil etmək üçün bütün faydalı məsləhətlər ... A-dan Z-yə qədər!

Yekunlaşdırmazdan əvvəl qeyd edim ki, biz bütün sənətkarların, otelçilərın, turist bələdçilərinin, restoran sahiblərinin, istehsalçıların, sənətçilərin və bu gün bu çətin məqamı yaşayan bütün italyan mütəxəssislərin yanındayıq.


Biz onlara dərin hörmət və ehtiram göstərir, həmrəyliyimizi bildiririk ... çünki onlar İtaliyanın qüruru, "Made in Italy" markasını beynəlxalq miqyasda ən yaxşı tanıdan insanlardır; məhz onlar ölkəmizə sərvət və rifah gətirərək, keyfiyyəti və gözəlliyi bizə tanıdıb; ehtiras, ixtiraçılıq və fədakarlıq ruhu ilə bütün xalqların əsrlər boyu hüdudsuz olaraq yararlandığı zəngin maddi və qeyri-maddi irsi qoruyub saxlayan məhz onlardır!


Hamınıza təşəkkürlər!
Biz Italia.az olaraq sizi yorulmadan təbliğ etməyə davam edəcəyik!

Müəllif: Paola Casagrande 
Tərcümə: Kəmalə Əliyeva