İtalyan Zərgərlik Sənəti

İtalyan Zərgərlik Sənəti

7 Yanvar 2020

Zərgərlik sənəti
İtaliyanı zərgərlik sektorunda dünya lideri edən
Made in Italynin vacib elementlərindən biridir. Dünya rekordlarına imza atan italyan ilkləri sənətkarlıq qabiliyyətindən tutmuş istehsalın kəmiyyətinə və ixracına qədər saysız-hesabsızdır.

İtalyan zərgərlik sənətinin əsas xüsusiyyəti keyfiyyətdir. Bu da sözsüz ki, sənətkarlıq ənənəsinin onilliklər boyu nəsildən nəsilə ötürüldüyü ölkədəki istedadlı zərgərlərin bacarıqlı əlləri ilə hazırlanan zinət əşyalarını bənzərsiz edən amillərdən biridir. Onların Made in İtaly zərgərlik nümunələrini dünyada ən sevilən və arzu olunan hala gətirən qabiliyyəti və texnikası, zövqü və dizaynı ilə birlikdə, ənənə ilə yeniliyin qarışmasına imkan verir.

Bu ənənənin mənşəy çox qədim bir dövrə dayanır. Hələ Roma İmperiyasından əvvəl, metallurgiya texnikasını yaxşı bilən Etrusklar var idi və İtaliyanın cənubunda da mərcan daşı (coral) emalı ilə artıq uzun müddət idi ki, məşğul olurdular. İtaliyanın bu sektorda və hətta xaricdə də ən dəbdəbəli və gözoxşayan lyuks sektoru ilə özünü tanıtmasına imkan verən əsas dövr 1900-cü illər, xüsusən də 80-ci illər oldu. Buna aid təkcə Buccellati, Damiani, Bvlgari kimi adları çəksək, kifayətdir.

İtaliyada zərgərlik sənəti ilə məşhur olan çoxsaylı sənətkar rayonlar var ki, onların hər biri özünəməxsus xüsusiyyəti və ixtisaslaşma sahəsi ilə seçilir.  Qızıl emalı üçün ən məşhur qəsəbə, bu gün qonşu 8 bölgəni də əhatə edən Pyemont regionu, Valentsa şəhərində yerləşir. 1945-ci ildə Valentsa zərgərlik ənənəsini təbliğ edən və qoruyan Valentsa Zərgərlik Assosasiyası (VZA) yaradıldı.

Zərgərlik ənənəsinə görə çox mühüm şəhərlərdən biri də Veneto regionundakı Viçentsa şəhəridir. İldə iki dəfə olmaqla, yanvar və sentyabr aylarında “Vicenzaoro” Beynəlxalq Zərgərlik və Zinət əşyaları sərgisi, eyni zamanda zərgər istehsalında tətbiq olunan avadanlıq və texnologiyalara həsr olunan T.Gold sərgisi keçirilir. Viçentsa şəhərində həmçinin İtaliyada ilk və dünyada az sayda olan zərgərlik muzeylərindən biri “Museo del Gioiello” (Ləl-cəvahirat Muzeyi) də fəaliyyət göstərir.

Toskana regionunda yerləşən Arezzo da qızıl emalı ənənəsinə sahib olan şəhərlərdən biridir. Aprel ayında zərgərlik, qızıl-zinət əşyaları, gümüş və qiymətli daşlara həsr olunan “Oroarezzo” beynəlxalq sərgisi, oktyabr ayında isə eksklüziv olaraq Made in Italy qızıl-zinət əşyalarına həsr olunmuş “Gold Italy” sərgisi keçirilir.

Neapol yaxınlığındakı Torre del Greco şəhəri, hələ bu gün də dünya rekordunu qoruyan və əsrlərdən bəri davam edən mərcan daşı (coral) emalı ənənəsi ilə məşhurdur. Mərcan daşı bu ərazidən çıxır və sahil boyunca emal olunur. Mərcan daşının bir neçə növü var: ən dəyərliləri “mələk dərisi” adlanan çox tünd qırmızı və solğun çəhrayı rəngdə olanlarıdır. Neapolda yerləşən Mərcan Muzeyində siz həmçinin regiondakı mərcan daşı emalının tarixi haqqında  maraqlı faktlar öyrənə bilərsiniz.

Vicenzaoro www.vicenzaoro.com/it

Oroarezzo www.oroarezzo.it

Gold Italy www.gold-italy.it

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova