İtalyanların əvəzedilməz toy adət-ənənələri

İtalyanların əvəzedilməz toy adət-ənənələri

Hesab olunur ki, nikah günü həyatın ən vacib günüdür, çünki məhz bu gün ayrılmaz və əbədi bir məhəbbət mərasimi qeyd olunur. Bu səbəblə italyanlar, xoşbəxtlik əlaməti sayılan uğur simvolları və rituallardan ibarət toy adət-ənənələrini indiyədək qoruyub saxlayırlar.


İtaliyada toy adi bir vətəndaş mərasimi və ya kilsədə dini mərasim şəklində qeyd olunur. İtaliyanın hər bir hissəsinin özünəməxsus adətləri var və bu gün hər yeni evlənən cütlük bu adətlərə riayət edib-etməməyə sərbəst şəkildə qərar verir. İtalyan evliliyinin ən məşhur və ən çox yayılmış adətlərini sizə təqdim edirik.
Mars günü və Çərşənbə axşamı nə toy, nə də yol görünmür”: qədim atalar sözünə görə, Çərşənbə axşamı, yəni müharibə tanrısı Mars günü və cümə günü, pis ruhların yarandığı gün evlənmək qadağandır. Əslində, indi bir çox toylar cümə günü də qeyd olunur, lakin üstünlük verilən günlər şənbə və bazar günləri olaraq qalır.
Ağ rəng gəlinlik paltarının ən sevimli rəngidir və toydan əvvəl gələcək həyat yoldaşı tərəfindən görünməməlidir, bu uğursuzluq gətirə bilər. Gəlin hətta toy günündə belə, gəlinliklə güzgüdə özünə baxmalı deyil və ya bunu etmək istəyirsə, əvvəlcə geyindiyi və ya taxdığı (ayaqqabı, bəzək əşyası kimi) nəyisə əynindən çıxarmalıdır.
Gəlin fatası (başörtüsü) hər zaman pis ruhlu insanlardan qorunma və paklıq simvolu olsa da, bu gün bir çox gəlinlər fata taxmaq istəmirlər. İtaliyanın cənubunda belə bir adət var ki, fatanın uzunluğu gəlin və bəyin nişanlı qaldığı illərə uyğun olmalıdır: hər il üçün 1 metr.
Toy günü gəlin 5 cür geyim geyinməlidir: keçmiş həyatı göstərən köhnə paltar, gələcək həyatına işarə edən yeni paltar, insanların gələcək həyatda da bir yerdə olmağa davam edəcəyini göstərmək üçün borc kimi götürülən paltar, əziz və yaxın insanların sevgisini ifadə edən bir hədiyyə paltar və gəlinin saflığını, səmimiyyətini göstərən mavi rəngli paltar.
Və nəhayət ən sonda... İslaq gəlin, uğurlu gəlin! Bir çoxları arzulayırlar ki, toy günlərində hava aydın olsun. Ancaq təsadüfən yağış yağarsa, uöur gətirər, çünki bir çox mədəniyyətlərdə yağış firavanlıq və uğur rəmzidir.
Buket gəlin üçün zəruri aksesuarlardan biridir: bəy ona qayğı ilə yanaşmalı və toy günü səhər onu gəlinin evinə çatdırmalıdır. Mərasimin sonunda gəlin buketi qonaqlıqda olan subay qadınlara tərəf atır: buketi kim götürsə, növbəti evlənən o olacaq.
Daha sonra, əlbəttə toy üzükləri gəlir. Onları bəy alır və toy gününə qədər saxlayır. Üzük, ürəyə gedən damar keçdiyinə görə sol əlin adsız barmağına taxılır. Nişan və toy üzüklərini birlikdə almaq və ya mərasimdən əvvəl taxmaq uğursuzluq gətirir.
Başqa bir qədim adətə əsasən yeni evlənənlər kilsədən çıxarkən, qonaqlar onlara bərəkət əlaməti olan düyü atırlar.
Ziyafətin və şənliyin sonunda, bəy və gəlin hər bir qonağa bu xüsusi gündən xatirə olaraq, “bomboniera”, yəni xüsusi bağlamalı toy konfeti (şəkərli badam) verir. Konfetlər əsasən sıx bağlanmış şəkildə və 5 ədəd olur. Əvvəllər kiçik büllur və ya gümüş əşyalar bağışlayırdılarsa, bu gün daha faydalı və ətraf mühitə zərər verməyən qastronomik hədiyyələr verməyə çalışırlar.


Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

30 Yanvar 2020