Kampaniya, miflər, əfsanələr və ehtirasların ecazkar diyarı

Kampaniya, miflər, əfsanələr və ehtirasların ecazkar diyarı

Kampaniya regionuna çatmağı səbirsizliklə gözləyirdim, çünki həyatımın ən gözəl çağlarını orada keçirtmişdim. O füsunkar, bəzən isə səs-küylü diyarda yaşadığım dörvdən illər keçsə də, bu gün də hər dəfə  o yerlər yaddaşımda canlananda, öz həyəcanımını gizlədə bilmirəm.

Füsunkar bir sehrin cazibəsinə düşdüyümü inkar etmək olmazdı. Bu regionu insan cildində təsvir etməli olsaydım, onu Vezuvinin ətəklərindəki taxıl zəmilərinə bənzər uzun qızılı sarı saçları olan sehrli pəriyə bənzədərdim.  Kapri adasının sahillərini yuyan sular kimi yamyaşıl gözləri, Erkolano və Pompey şəhərlərinin freskaları kimi qırmızı yumşaq dodaqları, Amalfitana Sahilinin qarşısında dik dayanmış Monti Lattari kimi dolu sinəsi və Kampi Fleqreydəki böyük kaldera kimi coşğun və üsyankar ruhu ilə bu pəri hər kəsi cəzb edir.

Heç də təəccüblü deyil ki, şifahi və yazılı ədəbiyyat vasitəsilə nəsildən nəsilə ötürülən ən qədim mif və əfsanələrin çoxu  məhz Kampaniyada yaranmışdır. Bunlar arasında ən məşhuru əlbəttə ki, Homerin ölməz Odisseya əsərinin on ikinci nəğməsində nəql etdiyi Partenope adlı Su pərisininin əfsanəsidir. Əfsanəyə görə Partenope öz məlahətli səsi ilə cəsur Odisseyi özünə cəlb edib sonra isə öldürməyə çalışır. Lakin niyyətinə çata bilmədiyi üçün su pərisi intihar edir. Dəniz dalğaları isə onun cəsədini Meqaride adasına aparıb atır. Adada cəsədi tapan balıqçılar ona bir İlahə kimi sitayiş etməyə  başlamışlar. Beləliklə, onun bədən forması əsasında Neapol şəhəri yaranmışdır.

Sirena Partenope di Napoli

İlk dəfə Neapolu görməyim xatirimdədir. Yadımdadır ki, həmin anda mənim ürəyim bərk çırpınırdı. Dərhal başa düşdüm ki, bu yer mənim həyatımda dərin iz buraxacaqdı. Belə də oldu! Şəhərin ziddiyyətləri mənim ən böyük ilham mənbəyim idi: həyat qaynayan küçələrdəki xaos, Santa Kiara Monastrının həyətindəki səssizlik, qarma-qarışıq dalanlar, Spanyoli məhəlləsində zivədən asılmış paltarlar, Plebişito meydanının, San Karlo Teatrının və I Umberto Qalereyasının  möhtəşəmliyi, Vezuvi vulkanının səksəkəsi/həyəcanı və onun ətəklərindəki evlərin mozaikası, ecazkar dəniz və Neapol körfəzinin hüzurverici mənzərəsi.

Napoli

Neapoldan Sorrentoya Çirkumvezuviana qatarı ilə getdiyimi xatırlayıram. Bu, 3 oktyabr 1839-cu ildə İki Siciliyanın Kralı II Ferdinand tərəfindən açılmış ilk italyan dəmir yolu, iki platformalı Neapol-Portiçi xəttininin daha da genişləndirilmiş şəbəkəsidir. Şəhərin səs-küyünü arxada qoyaraq sitrus meyvələri, ətirli güllər və Sorrente sahilinə xas dəniz küknarları cənnətinə doğru irəlilədikcə, bütün səfər boyu məni müşayiət edən o yüngüllük hissini xatırlayıram. Viko Ekuense, Piano, Sant`Anyello, Sorrento dayanacaqlarını keçərək qatar dəniz sahilindəki qaya divarlarının yaratdığı füsünkar mənzərələrl boyunca irəliləyirdi  və mən, baxışlarım sonsuz üfüqə zillənmiş halda sanki uçurdum.

Sorrento

Kampi Fleqreyin mərkəzində yerləşən, qədim Roma dövrünə aid Stufe di Nero termal bulaqlarının qaynar sularına daldığımı xatırlayıram. Ərazidə daimi vulkanik aktivlik müşahidə olunur, həmçinin burada isti buxarlar, su bulaqları, vulkanik tüstülər və aktiv vulkanlar bəzən mistik, bəzən möcüzəli, bəzən isə xəyali ab-hava yaradır. Dünyanın ən önəmli Arxeoloji Parkının yerləşdiyi bu ərazi Aralıq dənizindəki ilk yunan müstəmləkəsi olan Kuma, Romanın ən vacib ticarət limanı Potsuoli və Roma zadəganlarının yay iqamətgahlarının yerləşdiyi bənzərsiz gözəlliyə malik Baia kimi dünya şöhrətli məkanları ilə məşhurdur.


Saatlarla, günlərlə, bəlkə də bütün həyatım boyu,  Kampaniyada yaşadığım uzun müddət ərzində şahidi olduğum sonsuz sayda möcüzələri xatırlaya bilərəm. Hələ məndən öncə saysız hesabsız şairlərin, musiqiçilərin, rəssamların və bu yerlərin əsl ruhunu duya bilən hər bir kəsin valeh olduğu və mənim kimi qeyd-şərtsiz sevdiyi bu füsunkar diyarın ətrini, dadını, hər bir guşəsini kəşf etmək məqsədi ilə sonrakı illərdə ora dəfələrlə qayıtmışdım.

Dəyərli oxucular, Sizə də öz həyat yolunuzda bir gün bu ecazkar pəri ilə qarşılaşmağı arzu edirəm...bu, həqiqətən də həyatınızın ən gözəl səfəri ola bilər!

Müəllif: Paola Casagrande 
Tərcümə: Gülnar Məlikova

08 Iyun 2020