İtaliyada coğrafi xüsusiyyətləri, qida və şərabçılıq ənənələrinə görə bir sıra unikal məkanlar mövcuddur: şübhəsiz ki bunlardan biri də, Florensiya, Siyena və Aretso əyalətləri boyunca 20 km uzanan Toskananın mərkəzindəki Kianti təpəlik ərazisidir.

Kiantinin yerli sakinlərə və çoxsaylı turistlərə bəxş etdiyi mənzərə çox cəlbedicidir: tipik yerli istehsalı əks etdirən üzüm və zeytun bağları olan yaşıl təpələrdən başqa, kəndlər, əyalətlər və xüsusi evlər bu mənzərənin bir parçasını təşkil edir. Əslində Kianti bölgəsində iyirmiyə yaxın kənd mövcuddur, bunlardan Qaiole, Radda və Kastellina isə, qədim zamanlarda Florensiya Hərbi İttifaqının Kiantidəki üç əsas mərkəzi olmuşdur.


Kianti, hər şeydən əvvəl  özünəməxsus yerli məhsulları ilə tanınır:
yağ, çörək, pendir növləri, ət və kolbasa məmulatları ... Yalnız görüntüsü ilə deyil, dadı ilə də damaqlara həzz verən, Toskana və Kianati mətbəxinin ribollita və Florensiya bifşteksi kimi ənənəvi təamları regionun əsl rəmzinə çevrilmişdir.

Şərab, şübhəsiz ki, bu ərazinin üstünlüklərindən biridir. Eyniadlı təpələrin arxası boyunca uzanan Kianti şərab sahəsi, tarixi mənbələrə görə, qədim romalılardan öncə mövcud olan Etrusklar dövrünə təsadüf edən ənənələri davam etdirir.

Şərabların adı istehsal olunduğu əraziyə görə dəyişir, çünki onların hər biri bir üzüm növünə, dolayısı ilə bir məhsula aiddir və  torpağın tərkibi, dağlıq hündürlük, rütubət dərəcəsi, nəmlik səviyyəsi, günəş qəbuletmə dərəcəsinə  görə orqanoleptik xüsusiyyətlərə və fərqli keyfiyyətlərə malikdir. Şərabı üçün üzüm yetişdirilən sahələr Sancoveze, Kanaiolo, Trebbiano, ağ Malvasia, Sauvignon, Merlotdur. Kianti termini özündə 8 fərqli şərab növünü cəmləşdirir: Kianti Montalbano, Kianti Rufina, Kianti Montespertoli, Kianti Kolli Aretini, Kianti Kolli Fiorentini, Kianti Kolli Senezi və Kianti Kolli Pizani.


Və nəhayət ciddi spesifikasiyaya malik olan istehsalı dəqiqliklə tənzimlənən, hər hektar ərazidə istehsal oluna biləcək üzüm miqdarını və ya əkin sahəsinin hündürlüyünü göstərən, Kianti Classico DOCG: bax elə bu səbəbdəndir ki o, qiymətli və məşhur bir şərab növü hesab olunur. Nar rənginə çalan rubin qırmızısı kimi boyanmış bu şərab, ən az 11 ay saxlanılmalıdır. Kianti Klassiko üç növdə təqdim olunur: Annata (illik), Riserva (üzümün yığım tarixi) və ya Böyük Seçim. Yəqin ki sizə, bu şərabın ənənəvi Toskana  yeməkləri ilə mükəmməl vəhdətini təsvir etməyə ehtiyac yoxdur.

Kianti, zəngin qida və şərab çeşidindən tutmuş, tarix, mədəniyyət və ənənələri özündə birləşdirən kəşf olunmalı bir yerdir.

Klassik Kianti Şərab Konsorsiumu https://www.chianticlassico.com/

Müəllif: Rita Pistore
Tərcümə: Kamala Aliyeva

31 Mart 2020