“Like in a Rubens painting”, fotoqraf Nima Benatinin Dolce & Gabbana üçün ekstravaqant çəkilişləri

“Like in a Rubens painting”, fotoqraf Nima Benatinin Dolce & Gabbana üçün ekstravaqant çəkilişləri

İncəsənət və Moda: bir-birinin sintezi və təzadı, bəzən dost, bəzən düşmən, bəzən bacı, bəzən isə rəqib olan iki sənət... dünyada bizim italyan Nima Benati kimi bu iki sənət növünü  ahəngdar şəkildə özündə birləşdirməyi bacaran çox az sənətkar olmuş, beləcə o,  Dolce & Gabbana`nın ən gözəl reklam kampaniyalarından birini yaratmışdır.


1992-ci il təvəllüdlü, “çörək və qəzetlər” arasında böyüyən” bolonyalı Nima öz ehtirasını peşəyə çevirməyi bacarmışdır. Cəmi on bir yaşı olanda o, artıq fotoqrafiyanın sehrinə düşmüş və gənc yaşlarından etibarən moda fotoqrafı kimi özünü təsdiqləmişdir.

Tanınmış lüks markaların reklam kampaniyalarını həyata keçirən Benati 2017-ci ildə Monte Karloda “Emerging Talent Fashion Award” mükafatına layiq görülmüş, bundan başqa fotoqraf ötən 2019-cu ildə məşhur Forbes Italia “30 Under 30” jurnalında Art&Style kateqoriyasında da yer almışdır.  

Nima Benati

2020-ci ilin fevralında Rubensin əsərlərindən ilhamlanaraq rəssamın adı ilə “Like in a Rubens painting” adlanan, heyrətamiz Dolce&Gabbana markasının reklam kampaniyası çərçivəsində Benati əsl canlı rəsmlərə, incəsənət nümunələrinə yeni həyat bəxş edərək, onları sürreal gözəlliyə malik fotolarda əbədiləşdirmişdir.

Reklam kampaniyası ilham aldığı rəssamın yaradıcılıq tərzinə tamamilə sadiqdir: Nimanın fotoları (onları hətta rəsm əsəri adlandıra bilərik) öz zərif və əbədi üslubu ilə flamand rəng çalarlarını qoruyub saxlayır, modellər simalarındakı yüngül, şəffaf baxışlarla mənzərəyə nəzər salır, bütün bunlar isə D&G-nin qiymətli çantaları və ya qəhrəmanların yarıçılpaq, əyri-üyrü bədənlərinin üzərindəki zərif paltarların barokko fonunda nümayiş edilir.

Like in a Ruben's painting - D&G advertising campaign

Çəkilişlər zamanı digər bir vacib məqam da gözə çarpır: istər markanın yeni xəttini vurğulamaq, istərsə də səhnələşdirilmiş dövrün kontekstinə uyğun olaraq “oversized” modellərin seçilməsi.  Gerçək, həqiqi, keçmişin və bu günün qadınları. Məhz bu mesajın çatdırılması çox önəmlidir, gözəl və cazibədar qadın obrazı istənilən formada zərifdir, yetər ki o, özü ilə qürur duysun! Nima Benati bu reklam kampaniyasının öhdəsindən məharətlə gəlmişdir!

Sizi bu heyrətamiz, arzu və gerçəkliyin astanasında olan fotolarla baş-başa qoyuruq, bu yolla siz gənc sənətkarın “fotoqrafik toxunuşlarından” zövq ala və həmçinin dünyada ən tanınmış italyan markalarından birinin yeni kolleksiyası ilə də tanış ola bilərsiniz.

Müəllif: Giulia Clamer
Tərcümə: Gülnar Məlikova

13 Aprel 2020