Dünyanın ən qədim şəhərlərindən birinin zamana sığmayan cazibəsindən zövq alaq


Matera Sassi (Daşlar) Şəhəri kimi tanınır
: şəhərin tarixi mərkəzi çox kövrək və yumşaq xüsusiyyətlərə malik Kveozo və Barizano adlı əhəngdaşı qayaları arasında yerləşir. Bəşər övladı hələ Qədim Paleolit dövründən etibarən Daşların arasındakı təbii mağaralarda özünə sığınacaq axtarmağa başlamışdır. Əsrlər boyunca bu torpaqlarda məskən salmış fərqli mədəniyyətlər, qayaları yarmağa və əldə etdikləri daşlarla evlərin fasadlarını inşa etməyə nail olmuşdur.

Materanın özünəməxsus memarlıq üslubu şəhərə bənzərsiz gözəllik qatmaqla yanaşı, həmçinin insan övladının zamanla yaşadığı təbii mühitə necə məharətlə uyğunlaşdığını bariz şəkildə göstərir. Təsadüfi deyil ki, məhz bu səbəbdən Sassi di Matera 1993-cü ildən etibarən YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

Matera 

Bu gün Materanı ziyarət etmək, əhalinin qədim yaşayış tərzini öyrənmək məqsədi ilə keçmişə baş vurmaq deməkdir. Saysız hesabsız otellər, komplekslər elə Daş Mağaraların içərisində qayalarda oyulmuş ecazkar hücrələrdə gecələmə imkanı təklif edirlər. Otaqların zərif interyerində rahatlıq və bəzən də dəbdəbəyə xüsusi önəm verilmişdir: belə bir unudulmaz təcrübə yalnız Matera kimi əsrarəngiz şəhərdə gerçək ola bilər!

Matera açıq səma altında zəngin mədəni irs sərgiləyən bir şəhərdir.  Şəhərin ən qədim hissəsi öz zəngli qülləsi ilə şəhərə meydan oxuyan Matera Katedralının yerləşdiyi Çivita ərazisidir. Xüsusilə Murgia Materana Parkı ərazisində yerləşən qayalarda oyulmuş saysız-hesabsız kilsələr görülməli yerlər arasındadır. Lakin sözsüz ki, Materada mütləq etməli olduğunuz işlərdən biri də şəhər boyunca enib qalxan dolanbac küçə və dalanlarda gəzərək azmaqdır.  Yalnız bu yolla bir-birinin üzərində, az qala millimetr məsafədə inşa edilmiş tikililərin memarlığına valeh olmaq və eləcə də təkrarolunmaz mənzərə və rakursları kəşf etmək mümkündür: burada özünüzü keçmiş zamanda hiss edəcəkiniz.

Matera Cathedral 

Matera şəhərində digər çoxsaylı inanılmaz möcüzələr də gizlənmişdir. Yağış suları üçün nəzərdə tututulmuş yeraltı kanallar və su nohurlarından (sistern) ibarət mürəkkəb sistemi də bu möcüzələrdən biri hesab etmək olar. 90-cı illərdə həyata keçirilən tikinti işləri sayəsində düz Vittorio Veneto meydanın altında dünyanın ikinci ən böyük nohuru aşkar edilmişdir!

Şəhər öz zəngin mətbəx ənənələri ilə də qürurlana bilər. Qədim kökləri olan Matera IGP adlı çörək növü, keçmiş zamanlarda kiçik sobalarda mümkün qədər daha çox çörək bişirmək zərurətindən yaranan özünəməxsus forması ilə tanınmışdır. Bu gün də Matera çörəyi “müqəddəslik” simvolu sayılan üçtaclı forması və üzərində həkk olunmuş hərflərlə tanınır, bu hərflər adətən sobadan çıxan çörəyin məxsus olduğu ailə başçısının adının baş hərflərindən ibarət olurdu.

Matera həmçinin beynəlmiləl ruha malik şəhər olduğunu da sübüt etmişdir: Sassi (Daşlar) Şəhəri 2019-cu il Avropanın Mədəniyyət Paytaxtı elan olunmuşdur. Orijinal memarlığa, zəngin tarix və mədəniyyətə sahib olan şəhər bu ada tam layiqdir.

Bazilikata regionuna növbəti səfərdə açıq səma altında bərq vuran bu sənət əsərinə mütləq baş çəkməlisiniz!

Müəllif: Rita Pastore
Tərcümə: Gülnar Məlikova

19 May 2020