Milad bayramı süfrələrinin şahı Panettone

Milad bayramı süfrələrinin şahı Panettone

Panettone olmadan Milad bayramını təsəvvür etmək mümkün deyil. Qədimdən bəri hər zaman bayram ərəfəsində italyan süfrələrinin əvəzolunmazı ilə onun "rəqibi" olan pandoro arasında qəhrəman adı uğrunda mübahisə gedir. Hər il ortaya çıxan sual: hansı daha dadlıdır, panettone ya pandoro? Ancaq əsl qalibi seçmək mümkün deyil... Indi isə gəlin zövqləri bir kənara qoyaq və italyan şirniyyat ənənəsinin ana sütunu sayılan bu keksin əslində nə olduğunu öyrənək.


Panettone - xəmiri su, un, maya, kərə yağı, yumurta sarısı, sukatlar (şəkərlənmiş quru meyvə) və kişmişdən ibarət olub, silindrik formalı və milan mənşəli bir şirniyyatdır. Onun hazırlanması çox uzun çəkir, çünki xəmiri acıtma proseslərində çox diqqətli olmaq lazımdır. Bişməyə hazır olduqdan sonra sobaya qoymazdan əvvəl daha yaxşı bişməsi üçün üstü X şəklində çərtilir. Sobadan çıxartdıqdan sonra şişi azalmasın deyə soyumağa başı aşağı qoyulmalıdır.

Panettonenin mənşəyi ilə bağlı müxtəlif əfsanələr var. Ən çox yayılanı, 15-ci əsrin sonunda Milan zadəganı Ludoviko il Moronun sarayında olan versiyadır. Milad gecəsi şam yeməyində aşpaz tortu yandırır və bir həll yolu tapmaq üçün mətbəxdə qabyuyan kimi çalışan Toni kənarda saxladığı mayalanmış çörək xəmirindən istifadə etməyi təklif edir: yumurta, un, şəkər və bir az da sukatlardan əlavə edib xəmiri hazırlayır. Nəticə hər kəsi heyran edir və onlar bu yeni deserti o qədər yüksək qiymətləndirirlər ki, onu "pan de Toni" adlandırmağa başlayırlar. Sonradan isə bu ad illər keçdikcə defomarsiyaya uğrayaraq panettone oldu.

Əslində, panettone sadəcə böyük bir çörək idi: ənənəvi olaraq hər il bütün İtaliyada şirin çörək bayramı keçirilirdi. Beləliklə, Milan şirin çorəyi ən ləzzətli sayıldığı üçün və həmçinin Ancelo Mottanın verdiyi töhfə sayəsində ölkənin hər yerində məşhur olmuşdu. Motta, xəmirin mayalanma müddətini dəyişdirməklə yanaşı, daha çox qalxa bilməsi üçün panettonenin üzərinə xarakterik kağız paketdən istifadə etməyə başladı və 1909-cu ildə panettone istehsal etmək üçün öz omonim şirkətini açdı: beləliklə panettone tez bir şəkildə bütün italyan süfrələrinə yayıldı.

Əlbəttə ki, evdə bişirilən panettone hələ də italyanların sevimlisi olaraq qalır. Ənənəvi klassik reseptdə xəmirin içərisinə sukatlarkişmiş qatılır, lakin bu gün sukat əvəzinə şokolad dənəcikləri qatılan bir çox başqa variantlar da  var. Panettone süfrəyə yeməyin sonunda verilir və qəhvə içməzdən əvvəl ağız ləzzəti ilə (əl ilə) yeyilir. Yalnız yanında maskarpone kimi bəzi kremlərlə verildiyi zaman, kremi götürmək üçün qaşıqdan istifadə olunur.

Biz indi panettonedən bir dilim kəsib, ləzzətlə yeməyi səbirsizliklə gözləyirik, bəs siz? Əgər siz daha çox Pandoro xoşlayırsınızsa, narahat olmayın, bizim artıq Veronaya məxsus bu desert haqqında da bir məqaləmiz var… Onu bizimlə kəşf etməyə hazırsınız? PANDORO

Müəllif: Rita Pistore
Tərcümə: Saida Əyyubova

12 Dekabr 2019