Milad bayramında süfrələrin şahzadəsi Pandoro

Milad bayramında süfrələrin şahzadəsi Pandoro

Pandoro da Panettone kimi ləzzətli italyan Milad şirniyyatlarından biridir. Hər Milad bayramı iki desert arasında rəqabət davam edir və italyanlar hansını daha çox xoşladığından asılı olaraq iki qrupa bölünürlər. Əlbəttə ki, onların arasında əslində hər ikisini də sevib, seçim edə bilməyənlər var (bu barədə onları qınamırıq). Bu günkü məqaləmizi pandoro və onun tarixinə həsr edirik.

Pandoro 1894-cü ildə Veronada Domeniko Melegatti tərəfindən icad edilmişdir. Çoxları dərhal onu təqlid etməyə çalışırdı və o da, bunu  "1000 liralıq yarış" adlandırırdı: Melegatti onun keksinə bənzər resept yazmaq və hazırlamaq üçün şirniyyatçıları yarışa dəvət etdi, lakin onların heç biri bunu bacarmadı.

Melegatti öz pandorosunu digər əvvəlki qənnadılıq ənənələrindən ilham alaraq icad etdi. Birincisi, Veneto mətbəxində Milad gecəsi hazırlanan un, süd və maya qarışığı olan levà -dır. İkincisi isə şəkər kütləsi ilə şirələnmiş səkkizguşəli ulduz şəklində Veronaya məxsus tipik bir Milad şirniyyatı nadalin-dir.

Melegatti keksin mümkün qədər şişməsini istəyirdi, buna görə də xəmirin mayalanmasına mane ola biləcək hər şeyi xəmirdən çıxartdı. Beləliklə nəticədə yumşaqlığı, hündürlüyü və xüsusilə də səkkiz guşə şəklində kəsilmiş piramida qəlibi ilə xarakterizə olunan bir desert yarandı.

Onun adı haqqında da yayılan müxtəlif versiyalar var. Əfsanəyə görə, keksin diliminə düşən günəş şüasını görən bir qarson belə demişdi: l’è proprio un pan de oro! (doğurdan da qızıl çörəkdir). Ancaq başqa bir rəvayətə görə isə o, adını Venesiya zadəganlarına təqdim olunan və qızıl yarpaqlar ilə bəzədilmiş "pan d'oro" adlanan çörəkdən götürüb.

Pandoronun tərkibinə daxil olan inqrediyentlər - un, yumurta, kərə yağı, maya, şəkər və əvəzolunmaz vanil aromatıdır.

Süfrəyə verilməzdən əvvəl pandoronun üzərinə şəkər tozu səpilir və daha da ləzzətli olması üçün yanına krem əlavə oluna bilər. Panettone kimi pandoro da dilimlərə bölünür: şaquli olaraq hər guşəyə uyğun kəsənlər və ya dilimləri ulduz şəklində götürə bilmək üçün üfüqi kəsməyə üstünlük verənlər var.

Pandoronun xüsusiliyi onun orijinal formasında, yumşaqlığında, vanil qoxusunda və panettoneyə xas olan, hər zaman çox da sevilməyən quru meyvələrin olmamasıdır! Biz indi bir dilim pandoronu kəsib ləzzət almağı səbirsizliklə gözləyirik, bəs siz? Panettoneyə sadiq qalırsınızsa, narahat olmayın, bizim artıq Milan deserti haqqında da bir məqaləmiz var… PANETTONE

Müəllif: Rita Pistore
Tərcümə: Saida Əyyubova

15 Dekabr 2019