Moda üzrə ilk influenser - Chiara Ferragni

Moda üzrə ilk influenser - Chiara Ferragni

1987-ci il təvəllüdlü, Kremonalı, sarışın saçlı, mavi gözlü. Bəli, o, Chiara Ferragnidir. Əgər qeyri-adi iş görməsəydi, yəni moda bloqeri olmasaydı, ona sadə bir qız da deyə bilərdik. Onun Instagram profilində 17 milyondan çox izləyicisi var və bu gün İtaliyada və xaricdə ən güclü moda influenseri (sosial şəbəkələrdə yüksək izləyici sayına sahib olan şəxs) hesab olunur. Əsasən də bir neçə məşhur bloqu arasında ən çox tanınan The Blonde Salad” (sarışın salat) adlı bloqu sayəsində, bu fiquru yaratmağı bacaran, təxminən 30 yaşlarında olan Ferragni bu gün artıq öz şirkətinin CEO-su və prezidentidir.

İyirmi yaşlarındakı Chiara Ferragni gündəlik geyindiyi geyimlərin (outfit) fotoşəkillərini internetdə paylaşmağa başlayanda 2009-cu il idi: o, bunu edən ilk qız idi və o zaman yalnız Flickr kimi çox az sayda sosial paylaşma platformaları mövcud idi. Qısa müddətdən sonra o, öz bloqunu,  başda moda olmaqla bütün maraqları haqqında paylaşımlar etdiyi “The Blonde Salad” bloqunu açmağa qərar verir. Bununla da o, özünü tanıtmaq fürsəti tapır və çox keçmir ki, Chiara milli sərhədlərdən kənarda da tanınaraq moda tədbirlərinə və moda nümayişlərinə dəvət olunmağa başlayır.

İllər keçdikcə tamamilə yenilənən, həqiqi bir onlayn jurnala və e-ticarət saytına çevrilən The Blonde Salad  bu gün moda və geyim tendensiyalarının istinad nöqtələrindən biri sayılır. Siz bu saytdan onun geyindiyi və ya tövsiyə etdiyi geyimlər, aksesuarlar ala bilərsiniz.

Bloqdan əlavə Ferragninin həm də özünəməxsus geyim xətti var: mavi göz simvolu ilə xarakterizə olunan Chiara Ferragni Kolleksiyası. Əvvəlcə yalnız ayaqqabı kolleksiyası ilə kifayətlənsə də, sonradan onun kolleksiyaları, üzərində "göz qırpan" simvolu olan müxtəlif üst geyimləri və aksesuarlarla, smartfon örtüklərindən tutmuş bel çantalarına qədər genişləndi.

Ferragninin həyatında Instagram da çox vacib rol oynadı. Çünki o, gündəlik geyindiyi geyimlərin şəkillərini Instagram vasitəsilə daha sadə bir şəkildə paylaşaraq daha geniş kütlə tərəfindən tanınmağa başladı. Onun qalereyası ikonaya çevrilən maraqlı geyimlərlə dolu əsl foto kitab halına gəldi. Bu gün onun Instagram profilində 12,5 mindən çox paylaşım və 17 milyon izləyicisi var.

Bir tərəfdən Ferragni artan populyarlığı sayəsində ikonik bir personaja çevrilir, (Mattel hətta onun üz cizgilərinə oxşar Barbie yaradıb), digər tərəfdən onun fenomenliyi moda sektorunun bir çox mütəxəssisinn əsas maraq dairəsinə çevrilir. Məsələn, 2015-ci ildə onun şirkəti “Harvard Business School”da yeni bir rəqəmsal iqtisadiyyat nümunəsi kimi tədris olundu.

2019-cu ildə keçirilən 76-cı Venesiya Film Festivalında, rəqəmsal sahibkar, Eliza Amoruzonun Chiara Ferragni Unposted adlı sənədli filmini təqdim etdi və gələn il istedadlı stilistlərə həsr olunmuş “Making The Cut moda istedad şousunda Naomi Kempbell, Nikol Riçi, Jozef Altuzarra, Karin Roytfeld kimi məşhur adlar ilə yanaşı, o da münsiflər heyətindən biri olacaq.

Bir sözlə, Ferragni, yaxşı bir başlanğıc nöqtəsi götürərək düzgün seçimlər etməklə və bir az da şansa sahib olmaqla böyümək və arzularınızın arxasınca gedə bilmək üçün stimul ala biləcəyiniz bir nümunə ola bilər.


Chiara Ferragni Instagramda www.instagram.com/chiaraferragni
The Blonde Salad Bloqu www.theblondesalad.com


Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova

22 Yanvar 2020