Monika Belluççi, dünənin və bu günün ikonası

Monika Belluççi, dünənin və bu günün ikonası

Ayna, ayna, bu krallıqda ən gözəl kimdir?
Yəqin ki, Monika Belluççinin nağılındakı  ayna mütləq belə cavab verərdi: bu sənsən, mənim şahzadəm!


Bəli, çünki Monikanın həyat hekayəsi də elə şirin nağıl kimidir, öz cazibəsi, gözəlliyi və qətiyyəti sayəsində, aşağı təbəqəyə aid olsa da, ölkə hüdudlarından kənarda belə uğur qazanmağı bacaran bir qızdan danışan hekayələr kimi.

Əbədi gözəllik Monika Belluççi, 30 sentyabr 1964-cü ildə Umbriyanın Çitta di Kastello əyalətində anadan olur və Peruca Universitetinin hüquq fakültəsində oxuyarkən, o, təhsilinə pul ayırmaq məqsədilə model kimi işləməyə başlayır: bu seçimi gələcəkdə  onun bütün həyatını dəyişəcək! Artıq 24 yaşında o Milana köçür və dünyanın ən məşhur model agentliklərindən biri olan Elite Model Management heyətinə qoşulur. O, bura gələr-gəlməz bir model olaraq böyük uğur qazanır: bütün əhəmiyyətli dünya markalarının, əsasən də Dolce&Gabbana geyimlərini nümayiş etdirən Monikanı bu iki stilistlə İtaliyaya, xüsusilə də Siçiliyaya olan güclü sevgi birləşdirir. Ən yadda qalan işlərdən biri isə şübhəsiz ki, Monikada əsl Aralıq dənizinə məxsus gözəlliyin təcəssümünü görən məşhur rejissor Cüzeppe Tornatorenin, 2003-cü ildə D&G markasına məxsus Sicily ətri üçün çəkdiyi reklam çarxıdır.
 

Dolce & Gabbana Classic Spot by Giuseppe Tornatore featuring Monica Bellucci - 2003

İtalyan markası ilə sıx əlaqə illər boyu davam edir: 2012-ci ildə o, D&G-nin yeni siması seçilir və 2018- ci ilin iyun ayında Kişi Geyimlərinin Yaz kolleksiyasının nümayişində 25 il sonra podiuma çıxan Belluççi bunu belə şərh edir: “Bu yaş məsələsi deyil, enerji məsələsidir "!
Əlbəttə ki, qızı Devaya da ötürdüyü bu enerji sayəsində o, 2019-cu ilin may ayında (cəmi 14 yaşında!) Dolce Shine Eau de Parfum üçün keçirilən kampaniyada bu ətirin əsrarəngiz simasına çevrilir.


Deva Cassel for Dolce & Gabbana Shine Fragrance Campaign

Ancaq Monikanın istedadı yalnız podiumlarla məhdudlaşmır və buna görə də o, özünü digər böyük ehtirasına, aktrisalığa həsr etməyə qərar verir. Debüt isə, sonradan ona dünya kinematorafiyasının qapılarını açan 1990-cı ildə lentə alınmış kiçik bir italyan serialında baş verir: bizim Monika böyük ekranda əsl istedad nümayiş etdirərək, 1992-ci ildə okeanın o tayında Brem Stokerin Drakulası adlı filmdə debüt edərək, məşhur amerikalı rejissor Frensis Ford Koppolanın çəkdiyi ekran əsərində rol alır.

Bir neçə il sonra onu L’appartement (1996) adlı fransız filmində baş rolda görürük. Bu çəkiliş meydançasında o, gələcək əri və iki qızının atası (Deva və Léonie), cazibəli Vinsent Kassel ilə görüşəcək və Cèsar mükafatına (Fransanın Oskarı) namizədlik qazanacaq! Şübhəsiz ki, bu, gözəl Monika üçün yaxşı bir il olur!

Sonrakı illərdə, kino karyerasında onun digər fərqli beynəlxalq filmlərdə rol aldığını görürük, lakin 2000-ci ildə Cüzeppe Tornatorenin lentə aldığı Malena filmində Belluççi özünü kinoda tam təsdiq edir və getdikcə dünya miqyasında daha çox populyarlıq qazanır. Bu film sayəsində Hollivuda dəvət alaraq, əvvəlcə Matrix filminin ikinci hissəsində, daha sonra isə Mel Gibsonun Ehtiras filmində çəkilir. 2003-cü ildə 56-cı Kann Film Festivalında mükafat təqdimatçılarından biri olur.


2014-cü ildə karyerasına bir az da rəng qatmaq üçün, 50 yaşında Ceyms Bond əfsanəsinin iyirmi dördüncü fəsli olan Spectre qrupuna qatılır, filmin ən ağıllı və müdrik "Bond girl" obrazına imza atır.

Qazandığı daha bir uğur? 2017-ci ilin iyun ayında Kino Sənəti Akademiyası onu İtaliyanı təmsil edən daimi üzv qismində dəvət edir və beləliklə o, 2018-ci ildən bəri Oscar Mükafatlarının verilməsi üçün namizədləri seçən münsiflər heyətinə daxil olur!
Bununla da kifayətlənməyərək 2018-ci ildə Los Angelesdə keçirilən II İtaliya Film Festivalında iki mühüm mükafat qazanlr: Filming On Italy nominasiyasında yaradıcılıq fəaliyyətinə görə mükafat və İtaliya Mədəniyyət İnstitutu tərəfindən verilən, Los Angeles Creativity Award, "Dünyadakı İtalyan Mükəmməlliyi"! Boom Baby!  

Müəllif: Federica Ballestrin
Tərcümə: Kəmalə Əliyeva