Venesiya həqiqətən də unikal bir şəhərdir. Məşhur incəsənəti, musiqisi, kino və mətbəxi ilə tanınmaqla yanaşı, Murano adasındakı şüşə istehsalı ilə də çox məşhurdur.


Bəs Murano şüşəsi necə yarandı?
Şüşə sənətinin Venesiyada min illər əvvəl, təxminən 982-ci ildə meydana gəldiyi deyilir. Qədim dövrlərdə şüşə emalı sobaları Venesiyanın özündə yerləşirdi və şəhərdəki bir çox binalar ağacdan düzəldildiyi üçün yanğın riski çox idi. Beləliklə, 1200-cü ildə Venesiya Hersoqu yanğının qarşısını almaq, eyni zamanda şüşə emalının sirlərini məxfi saxlamaq məqsədilə sobaların Murano adasına köçürülməsini əmr etdi. Əslində, bir çox güclər şəhərlə rəqabət etmək istəyirdi, ancaq texnikaları bilmirdilər. Beləliklə, şüşə ustaları qorunan bir kateqoriyaya çevrilmişdi və qanuna görə, bu minillik sənətin sirlərini xaricə və yaxud özləri ilə digər yerlərə apara bilməzdilər.

Bu gün Murano’da təxminən 80 şirkət fəaliyyət göstərir, texnikaların çoxu nəsildən nəslə ötürülərək zamanla əldə edilən təcrübənin nəticəsidir.
Şüşə emalı növləri saysız-hesabsızdır: şişirdilmiş şüşə, oyma, çilçıraqlar, şüşə muncuq, murrina, lampa, şüşə qablar, güzgülər, emaye bəzəkləriheykəltəraşlıq.


Şüşənin necə yaradıldığını və bunun təsadüfən kəşf edildiyini ilk bilənlərin finikiyalılar olduğu deyilir. Rəvayətə görə, bir qrup insan çimərlikdə qumun üzərində yanan bir atəş nəticəsində qumun əridiyini, daha sonra bərkiyib şüşəli bir qarışıq meydana gətirdiyini görmüşdür və bununla da şüşə yaranmışdır.

Şüşə necə yaranmışdır?
Şüşənin yaradılması üçün ilk mərhələdə son dərəcə saf silisli qumlar əridilir. Bu həqiqətən mürəkkəb bir proses sayılır. Daha sonra vacib olan digər elementlər (soda, əhəng, kalium karbonat və natrium nitrat kimi) qarışdırılır və 1400 dərəcədə bir sobaya yerləşdirilir. Bu zaman şüşə ustası müdaxilə edərək uzun metal bir çubuqla bu 1100 dərəcə şüşəli xəmiri soyutmaq üçün sobadan çıxarır və vermək istədiyi qalınlığa görə az-az daha bir neçə qat ərinmiş şüşə əlavə edir. İstədiyi qalınlığa çatdıqdan sonra ona yaş ağac formaları ilə bir forma verməyə başlayır. Söhbət sirli bir sənət aləmindən gedir və bütün bu bilik və təcrübələr nəsildən-nəslə ötürülür. Sonra çubuğu döndərməyə davam edərək, rəngli bir qarışığın olduğu başqa bir sobaya qoyur. Daha sonra, şüşə ustası, kəlbətinlərdən istifadə edərək şüşə heykəltəraşlıq işini görür və son mərhələyə keçid alır.


Murano, la lavorazione del vetro - Giuliano Tristo

Əgər siz də gələcəkdə gözəl Murano adasını ziyarət etməli olsanız, sənətkar şüşə ustalarının şüşə sənət əsərlərini necə yaratdıqlarını görmək üçün bu sobalardan birinə baş çəkməyi unutmayın!

Müəllif: Claudia Signor
Tərcümə: Saida Əyyubova

23 Mart 2020