Neapolun əzəmətli simvolu, Vezuvi

Neapolun əzəmətli simvolu, Vezuvi

Neapolu vulkansız təsəvvür etmək mümkün deyil: Vezuvi şəhərin simvolu, "'A Muntagna”  isə, neapolluların həyatının ayrılmaz parçasıdır. Təbiətin bu möcüzəsi haqqında deyiləsi çox söz var!


Əzəmətli Vezuvi vulkanı  Neapol Körfəzi və yaxınlıqdakı şəhərləri
yüksəkdən seyr edərək gözdən keçirir və bu ecazkar Neapol mənzərəsini bütün dünyaya tanıdır. Bu təbiət tamaşasının önündə heyrətlənməklə yanaşı qorxu hissi keçirmək normaldır: o hələ də, Avropa qitəsinin yeganə fəaliyyətdə olan vulkanıdır!

Vesuvio

Lakin neapollular Vezuvini mehriban bir div kimi qəbul edib, onu qəlbən sevirlər. Vezuvi onların xasiyyətinə, yaşam və deyim tərzini təsir göstərib, “Neapollu olmaq anlayışını müəyyən edib və neapollular da öz növbəsində hər şeyə özünəməxsus istehza ilə yanaşmağı öyrəniblər. Vezuvi vulkanının yaxınlığında yaşamaq onlar üçün normal bir haldır, çünki, neapolluların öz torpaqlarına və şəhərlərinə bağlılıq hissi güclü və təbiidir.

400.000 il davam edən Vezuvinin tarixi əhəmiyyəti püskürmələrlə müşayiət olunur: sonuncu püskürmə 1944-cü ilə təsadüf edir və hal-hazırda vulkan "fəal istirahət" mərhələsindədir. Lakin Neapol şəhərinin hamisi olan San Cennaro həmişə neapolluları qoruyur və mühafizə edir.

Pompeii & Ercolano ruins

Şübhəsiz ki, vulkanın tarixi püskürməsi Pompey və Erkolano şəhərlərini lava  yağışına qərq etdiyi 79-cu ilə təsadüf edir. Nəticədə XVIII əsrdə itmiş şəhərlərin qeyri-adi şəkildə kəşf olunaraq işıq üzü görməsinə qədər, lava bu yaşayış mərkəzlərini olduğu kimi qoruyub saxlamağa imkan vermişdir. Bu gün Pompey və Erkolanonı ziyarət etmək, Roma dövrünə geri qayıtmağa bərabərdir. Qədim Pompey dünyanın ən çox ziyarət edilən yerlərindən biridir və Pompey, Erkolano, Torre Annuntsiata arxeoloji əraziləri 1997-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına salınmışdır.

Bir tərəfdən təhlükəli görünən Vezuvi, digər tərəfdən bizi ovsunlayır: flora və faunanın qeyri-adi biomüxtəlifliyi ilə xarakterizə olunan vulkan ətrafı ərazi, bu gün Vezuvi Milli Parkı kimi qorunub saxlanır. Torpağın tərkibində olan vulkanik süxurlar minerallarla, xüsusən də silisium və kaliumla zənginləşərək,  mülayim iqlimlə vəhdətdə nadir və yabanı səhləb çiçəyi və digər bitkilər üçün münbit şərait yaradır.  

Vesuvio National Park

Əhəmiyyətli üzümşərab istehsalı ilə yanaşı, Vezuvi ərazisi meyvə bağları (alma, armud, şaftalı, albalı, əncir, tut) ilə də zəngindir. Ən ləzzətli meyvələr arasında əriyin müxtəlif sortlarını da sadalamaq olar. Tərəvəzlərə gəldikdə isə, burada şiş uclu forması ilə tanınan Vezuvi pomidorları və Neapol mətbəxinin tipik gül kələmi olan friarielli yetişir.

Vezuvi yalnız Neapolun rəmzi deyil: o həmçinin, ecazkar təbiət və onun bizə bəxş etdiyi dadlı məhsullar, bu günə qədər yaşayan Pompey və Erkolanonun şanlı keçmişi, neapollularla sarsılmaz əlaqə deməkdir ... Ancaq bununla bitmir: misilsiz bir təcrübəyə imza ataraq, Vezuvinin Qran
Kono adlı kraterinə aparan parkın cığırları ilə irəliləməyə nə deyirsiniz?
Unudulmaz duyğular yaşayacağınız şübhəsizdir! 

Vezuvi Milli Parkı https://www.parconazionaledelvesuvio.it/

Müəllif: Rita Pistore
Tərcümə: Kəmalə Əliyeva

10 Iyun 2020