Paqanini təkrar etmir: dahi spripka ustası

Paqanini təkrar etmir: dahi spripka ustası

Nikkolo Paqanini 27 oktyabr 1782-ci ildə Genuya şəhərində anadan olmuşdur.  O artıq 12 yaşından etibarən Genuyanın teatr və kilsələrində çıxış edirdi. Paqanini öz istedadı ilə skripkada müasir ifa texnikasının banisi hesab olunur və yalnız dahi musiqiçi kimi deyil, həmçinin öz parlaq şəxsiyyəti və habelə haqqında gəzən əfsanələrlə bütün dünyada məşhur olmuşdur. İlk musiqi təhsilini limanda yüklərin qablaşdırılması işinə baxan atasından alan skripkaçı, 1795-ci ildə Sant Aqostino teatrında auditoriya qarşısında debüt etmişdir.

Nikkolo Paqanini

Onun ən məşhur əsərləri arasında 24 Kapriççi adlanan skripka üçün kompozisiyalar silsiləsini xatırlamamaq olmaz. Əvvəllər öz mürəkkəbliyinə görə bu əsərlərın ifası qeyri-mümkün sayılırdı və bu da tanınmış skripkaçını daha da sirli və valehedici qılırdı. Müxtəlif mənbələrə əsasən Kapriççi Paqanininin üç fərqli dövrünün məhsulu idi, lakin rəsmi olaraq ilk dəfə 1820-ci ildə işıq üzü görmüşdür. İllər keçdikcə bu musiqi kompozisiyaları skripkanın musiqi aləti olaraq tədrisində önəmli rol oynamış, hətta virtuozluq və texnikanın ecazkar vəhdəti kimi musiqi tarixinə düşmüşdür. Paqanininin 24 Kapriççi kompozisiyası bu gün də skripkaçılar tərəfindən öyrənilir və onların musiqi təhsilinin tamamlanması üçün vacib mərhələlərdən biri hesab edilir.


Nicolò PAGANINI - Capriccio n°1 - 24 Capricci 

Paqanininin skripkası da zamanla sirli bir auraya malik olmuş və istər tarixçi, istərsə də musiqiçilərin böyük marağına səbəb olmuşdur. “Guarnieri di Gesù” markalı 1743-cü ildə hazırlanan bu skripkanı Paqanini öz canının bir parçası hesab edirdi. Skripkaçı öz musiqi alətinə çox bağlı idi və onu səsinin dolğunluğuna görə nəvazişlə “mənim artileriya silahım” adlandırırdı. Paqanininin skripkada ifa tərzindən qalan bir iz istisna olunmaqla, bu tarixi musiqi alətinin bütün hissələri, bu gün də toxunulmaz şəkildə qalmışdır. Belə ki öz müasirlərinin çoxu kimi skripkaçı aləti çənəliksiz istifadə edirdi, yəni çənəsini birbaşa alətin taxtasına söykəyərək çalırdı. Hal-hazırda skripkaçının bu əziz yadigarı Genuyada, Tursi sarayındadır, belə ki Paqanininin istəyinə əsasən onun musiqi aləti ölümündən sonra “əbədi olaraq qorunmaq” məqsədi ilə doğma şəhərinə bəxş edilmişdir. 

Paganini skripkası

Paqanininin italyan mədəniyyəti üçün dəyəri yalnız musiqi  sahəsi ilə kifayətlənmir. Onun ölkə tarixinə verdiyi töhfənin miqyası o qədər böyükdür ki, bu təsir italyan danışıq dilinə də nüfuz etmişdir. Belə ki musiqi dühası haqqında yayılmış lətifələrdən biri 1818-ci ildə Turin Karinyano Teatrında baş tutmuş konsertlə bağlıdır. Paqanininin ecazkar konsertindən sonra Sardenya kralı və Savoya qrafı Karlo Feliçe skripkaçının istedadı və kompozisiyanın gözəlliyindən heyran olaraq maestrodan öz əsərlərini təkrar ifa etməsini xahiş edir. Əsərləri improvizə etmək bacarığı ilə məşhur olan Paqanini də öz növbəsində cavab verir: “Paqanini təkrar etmir”. Cavab o qədər yerinə düşür ki, günü bu gün də hər hansı bir cümlənin və ya hərəkətin təkrar edilməsindən imtina etmək üçün istifadə olunur.

Həmçinin, eyni şeyləri təkrar eləməkdən yorulan zaman, “Paqanini təkrar etmir” deyərək, özünü o nəhəng şəxsiyyətə yaxın hiss etmək, öz sözləri, konsertləri, parlaq şəxsiyyəti ilə zirvədə dayanan bu dahini  xatırlayaq  sözə başlamaq məsləhət görülür.  

Müəllif: Agnese Coco
Tərcümə: Gülnar Məlikova

21 Sentyabr 2020

Photo Sources:
Yandex.com
Medium.com
Wikipedia.com
Mentelocale.it
Lastampa.it
Delfi.it